Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, 14 aprel tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 12.457 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 19.764 fərdi (mikro) sahibkar, cəmi 32.221 vergi ödəyicisi müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi layihəsi çərçivəsində müraciət etmiş 12.457 vergi ödəyicisində çalışan muzdlu işçilərin sayı 143.229 nəfərdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu müraciətlərdən 102.004 işçini əhatə edən 10.051 vergi ödəyicisinin müraciətləri araşdırılaraq təsdiq edilib və ayrılacaq maliyyə vəsaitinin vergi ödəyicilərinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 45,85 mln. manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 22,9 mln. manat təşkil edir. Aprelin 14-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 8.309 vergi ödəyicisinə 76.756 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 16,64 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 19.764 vergi ödəyicisindən müraciət daxil olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 18.929 müraciət araşdırılaraq təsdiq edilib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 15,8 mln. manat təşkil edir. Aprelin 14-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən maliyyə dəstəyi çərçivəsində 13,22 mln. manat vəsaitin 15.405 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Müraciətlərin operativ qaydada araşdırılması üçün müvafiq işçi heyət intensiv olaraq çalışır və bu barədə ictimaiyyətə gündəlik məlumat veriləcəkdir. Maliyyə dəstəyi proqramı çərçivəsində edilmiş müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə məlumat bildiriş formasında vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergi ödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı Mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.

Ətraflı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://economy.gov.az

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://www.taxes.gov.az