Yeni inşa edilmiş yaşayış komplekslərində çıxarış kampaniyası: 150-ə yaxın mənzil sahibinə sənədlər təqdim olunub
Belə yaşayış komplekslərində yerləşən mənzillərin kütləvi qaydada çıxarışla təmin olunması bu sektorda dövlət qeydiyyatına alınmış mənzillərin payını artırır, vətəndaşlara mülkiyyəti ilə bağlı iqtisadi əməliyyatların daha rahat aparılması imkanlarını genişləndirir. Eyni zamanda proses əhalinin mənzil bazarına olan marağı artırmaqla bu əmlakların hüquqi və iqtisadi əməliyyatlara cəlb olunması aktivliyini və rahatlığını təmin edir, belə əmlaklar isə vətəndaşlar üçün əlavə gəlir mənbəyinə çevrilir. Qeyd edilməlidir ki, Bakı şəhərinin müxtəlif rayonlarında, Gəncə, Sumqayıt, Xırdalan şəhərlərində yerləşən yeni inşa edilmiş çoxmərtəbəli yaşayış komplekslərinin mənzil sahibləri üçün 20-dən çox belə çıxarış kampaniyaları keçirilmişdir. Bu kampaniya çərçivəsində minlərlə mənzil sahibi olan vətəndaşlara bilavasitə ünvanlarda qeydiyyat xidmətləri göstərilmişdir.
Həmin gün bu yaşayış kompleksinin sakinlərinə hüquqi yardım xidməti də göstərilib. Vətəndaşlara çıxarış almaq üçün lazım olan sənədlər barədə məlumat verilib. Həmin sənədlərin hansı qurumdan alınması ilə bağlı məlumatı az olanların suallarını komitənin əməkdaşları cavablandırıb. Bundan başqa kampaniya çərçivəsində sakinlərə bildirilib ki, artıq təkrar bazarda daşınmaz əmlakın, o cümlədən torpaqların, mənzillərin qeydiyyatı tam olaraq onlayn rejimdə həyata keçirilir. Qeyd edilib ki, yeniliklərdən biri olan elektron çıxarışın tətbiqi də prosesin tam olaraq avtomatlaşdırılması imkanlarını genişləndirib. Belə ki, artıq elektron çıxarışı olan vətəndaşlar əmlaklarına dair hüquqi və iqtisadi əməliyyatlar apararkən müvafiq qurumlara kağız formasında sənəd təqdim etməsinə ehtiyac qalmır. Alqı-satqı, ipoteka, girov əməliyyatları aparılarkən tələb olunan arayışlar müvafiq qurumlara komitə tərəfindən onlayn rejimdə təqdim edilir və sənədlər elektron qaydada ərazi qeydiyyat ofislərinə ötürülür. Çıxarışlar isə vətəndaşın istəyinə uyğun olaraq kağız formada təqdim olunur və ya elektron hökumət portalında yaradılan vətəndaşın şəxsi kabinetində yerləşdirilir. Eyni zamanda sakinlərə bildirilib ki, onlar üçün yeni inşa edilən binalardan aldığı mənzilə dair çıxarışların təmin olunması barəsində əvvəlcədən onlayn qaydada məlumat almaq imkanları yaradılıb. Bu məqsədlə komitə tərəfindən yaradılan “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” adlanan elektron xidmət vətəndaşların istifadəsindədir.
Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qeydiyyat xidmətlərini birbaşa ünvanlara çatdıran belə sosial tədbirlər vətəndaş məmnuniyyətinin artırılması, daşınmaz əmlakın qeydiyyatının maksimum sadələşdirilməsi, şəffaflığın təmin edilməsi məqsədi daşıyır. Xatırladaq ki, komitə tərəfindən bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.