Özəlləşdirmədən daxilolmalar 110% icra olunub
Dövlət əmlaklarının özəlləşdirilməsində yeniliklər, iştirak üçün rahat və müasir imkanlar bu sahəyə marağı yüksəldir. Özəlləşdirmənin sürətləndirilməsi və investisiyaların cəlb edilməsi ilə bağlı görülən işlər nəticəsində bu istiqamətdə büdcə daxilolmalarının məbləği artmaqdadır. 2019-cu ilin 11 ayı ərzində dövlət əmlaklarının özəlləşdirilməsi üzrə daxilolmalar 110% icra olunub. Belə ki, dövlət əmlaklarının özəlləşdirilməsi üzrə proqnoz 80 milyon manat olsa da, yanvar-noyabr ayları ərzində bu xətt üzrə dövlət büdcəsinə 87.6 milyon manat vəsait daxil olub.
Özəlləşdirmədə innovasiyaların tətbiqi, prosedurların daha da sadələşdirilməsi və elektron üsullarla təqdim olunması birbaşa səmərəliliyin və məmnunluğun artırılmasına istiqamətlənib.
Özəlləşdirmə hərraclarına qoşulmaq üçün sifarişlərin elektron formada verilməsi, o cümlədən Elektron hərrac sistemi ilə istənilən şəxsin prosesdə onlayn iştirakı şəffaflığı təmin edir, optimallığı və statistik göstəriciləri artırır. Qeyd edək ki, 2019-cu il ərzində ümumilikdə 125 hərrac keçirilib. Hərrac iştirakçıları tərəfindən 122 sifariş onlayn formada verilib. Elektron hərrac sistemi ilə 10 iştirakçı hərraca onlayn formada qoşulub.
Cari il ərzində investisiya müsabiqələri vasitəsilə özəlləşdirmə sahəsində 4 səhmdar cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müsabiqələri elan edilmiş və həmin dövlət əmlakları özəlləşdirilmişdir.