Torpaq istifadəçiliyində yenilik: onlayn nəzarətlə bağlı planşetlərin tətbiqinə start verildi
Daima yenilikləri ilə fərqlənən Əmlak Məsələləri Dövlət Komitəsi bu dəfə də fəaliyyətində innovativ yanaşma tətbiq etməklə ictimaiyyətin diqqətini cəlb edib. Belə ki, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət müasir texnologiyalar əsasında, planşetlər vasitəsilə həyata keçiriləcək. Torpaqla bağlı nəzarət mexanizmini təkmilləşdirəcək planşetlərin istifadə qaydaları, üstünlükləri, mahiyyəti ilə bağlı oktyabrın 17-də, Əmlak Xidmətləri Məkanında geniş tədbir keçirilib. Təqdimatda komitə nümayəndələri, Bələdiyyələrlə iş mərkəzinin əməkdaşları, əmlak ekspertləri, bir sıra Qeyri Hökumət Təşkilatlarının nümayəndələri, jurnalistlər iştirak ediblər.
Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktorunun müavini Eldəniz Qafarov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyəti üzrə institusional yeniliklərin, innovativ xidmətlərin, müasir yanaşmaların tətbiqini genişləndirir. Komitə digər sahələrlə yanaşı, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin təkmilləşdirilməsi ilə bağlı torpaq inzibatçılığında yeni yanaşmalar, intensiv metodlar, mütərəqqi texnoloji yeniliklər tətbiq edir. Yeniliklərdən biri də təqdimatı keçirilən Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin məlumatları əlavə olunmuş planşetlərdir. Planşetdən istifadə etməklə torpaq sahələrinə daha sistemli şəkildə nəzarət olunur, işin keyfiyyəti artır, idarəetmə mexanizmi təkmilləşir.
Həmçinin qeyd olunub ki, torpaq istifadəçiliyində növbəti yeniliklərdən biri də suni intellekt və peyk imkanlarından istifadə edilərək qurulan “Torpaq səthinin monitorinqi və Peyk Nəzarət Sistemi”dir. Bu sistem vasitəsi ilə əldə ediləcək peyk məlumatları torpaqların təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib daha operativ qaydada tədbirlər görməyə imkan verəcək. Həmçinin torpaqların keyfiyyətində baş verən dəyişikliklərin operativ olaraq müəyyənləşməsinə şərait yaradacaq.
Daha sonra Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, bu informasiya daşıyıcısının istifadəsi torpaq qanunvericiliyinin pozulması hallarının qarşının alınmasına, bu sahədə görülən işin operativ olaraq yerinə yetirilməsinə, şəffaflığın artırılmasına imkan verəcək.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə çıxışında bildirib ki, torpaq inzibatçılığında planşetlərin istifadəsi görülən işin avtomatlaşmasına, bu sahədə tətbiq ediləcək innovativ yanaşmaların genişlənməsinə şərait yaradacaq.
Tədbirdə planşetlərin istifadə qaydaları, üstünlükləri, mahiyyətindən bəhs edən təqdimat olub. Bildirilib ki, ölkə üzrə ən iri layihələrdən olan Torpaqların Elektron Kadastr Uçotu Informasiya Sisteminin məlumatları, o cümlədən qeydiyyatdan keçmiş daşınmaz əmlaklar haqqında informasiyalar planşetlərə inteqrasiya olunub. Qeyd edilməlidir ki, planşetin olduğu ərazinin koordinatları avtomatik olaraq ekranda əks olunur. Komitənin torpaqlardan istifadəyə və mühafizəsinə dövlət nəzarətini həyata keçirən müfəttişləri bu planşetlərdən istifadə etməklə elektron kadastr məlumat bazasına onlayn daxil olaraq, torpaq sahəsinin kateqoriyasına dair məlumatları real vaxt rejimində əldə edir, torpaq qanunvericiliyinin tələblərinin pozulduğu yerin koordinatlarını və ortofoto görüntüsünü, həmin yerin hansı mülkiyyətə aid olduğunu müəyyənləşdirir. Bundan başqa Daxili İşlər Nazirliyinin İdarələrarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sisteminə real vaxt rejimində, birbaşa çıxış təmin edilməklə inzibati xəta törətmiş şəxs barədə məlumatlar dərhal əldə olunur.
Qeyd edilməlidir ki, protokollar həm elektron formada tərtib olunur, həm də kağız üzərində doldurularaq təqdim edilir. Vətəndaşın şəxsiyyəti barədə məlumatlar proqrama əlavə olunmuş DİN-in informasiya sistemindən (İAMAS) əldə olunur və tərtib olunmuş protokol barədə vətəndaşın mobil telefonuna SMS vasitəsi ilə məlumat verilir. Vətəndaş ödəniş terminallarına protokolun nömrəsini daxil etməklə ödənişini yerinə yetirir.
Planşetin istifadəsi ilə inzibati cərimələrin tətbiqi ilə bağlı qərarlar, onlar haqqında məlumatlar dərhal əldə olunur, məlumatların vaxtında çatdırılması, ödənişlərə nəzarət edilməsində operativlik təmin edilir. Eyni zamanda bu informasiya daşıyıcısının istifadəsi ilə müfəttişin nəzarət funksiyası avtomatlaşır, daha da optimallaşır, o cümlədən vaxta qənaət etməklə səmərəli fəaliyyətə və torpaq qanunvericiliyinin pozulmasına qarşı daha effektiv tədbirlərin görülməsinə şərait yaranır.
Layihənin reallaşdırılması əhalinin maarifləndirilməsinə, inzibati xəta hallarının azalmasına, qanunvericiliyə riayət olunmasına, gələcəkdə torpaq qanunvericiliyin tələblərinin pozulması hallarının yenidən yol verilməməsinə imkan verəcək.
Gələcəkdə isə qanunvericilikdə müvafiq dəyişikliklər aparmaqla elektron protokol yazılması və qərar qəbul edilməsinin tətbiqi nəzərdə tutulur.