15 oktyabr hərracı: nəqliyyat vasitələri rəqabətli mühitdə özəlləşdirildi
Dövlət əmlakları üzrə geniş seçim, elektron formada sifarişin verilməsi və hərracda onlayn iştirak vətəndaşların vaxt itirmədən özəlləşdirməyə qoşulmasına şərait yaradır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 15 oktyabr tarixində dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərrac keçirilib. Növbəti açıq hərracda 11 dövlət əmlakına ümumilikdə üzrə 21 sifariş verilib.
Budəfəki hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin buraxılış tarixləri 1998-2007-ci illər arasındadır. Avtomobillər Mercedes, Nissan, Chevrolet və Renault markalarına aiddir. Bu dövlət əmlaklarının hərracda son qiyməti 3 min manat ilə 6 min manat arasındadır. Rəqabətli mühitdə özəlləşdirilən Chevrolet Niva markalı avtomobilin buraxılış tarixi 2005-ci ildir. İlkin qiyməti 3 min 750 manat olan nəqliyyat vasitəsi hərracda qalib iştirakçı tərəfindən 4 min 400 manata özəlləşdirildi.
Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi növbəti hərraclara qoşulmaq istəyən şəxslər rəsmi sayta (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Burada özəlləşdirməyə çıxarılan hər bir dövlət əmlakı haqqında ətraflı məlumat əldə etmək mümkündür. Eyni zamanda sifariş linkinə daxil olmaqla onlayn formada hərracda iştirak statusu qazanmaq olar.