Mənzillərin qeydiyyatı üzrə səyyar kampaniyalar davam edir: bu həftə xidmətlər istismarına icazə verilmiş 5 binada göstəriləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mənzillərin dövlət qeydiyyatına alınması intensiv şəkildə davam etdirilir.
Bu istiqamətdə mənzil sahiblərini ünvanlarda səyyar qeydiyyat xidmətləri ilə təmin edən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası hər həftə keçirilməkdədir. Məqsəd ölkə üzrə çıxarışlı, leqal daşınmaz əmlakların sayını artırmaq, əhalinin bu xidmətlərdən daha rahat istifadəsini təmin etməkdir.
Səyyar qeydiyyat aksiyası 14-18 oktyabr tarixlərində paytaxt üzrə istismarına icazə verilmiş 5 binada keçiriləcək. Həftənin ilk günü qeydiyyat xidmətindən Nərimanov rayonu, Çəmənzəminli 23 ünvanındakı 9 mərtəbəli, 49 mənzilli bina sakinləri istifadə edə bilər. Nəsimi rayonu üzrə isə sosial aksiya oktyabrın 15-i 324-cü məhəllə, B.Səfəroğlu 183 ünvanında 14 mərtəbəli, 60 mənzilli binada, 16-sı S.Rüstəm, M.Qasımov, X.Şuşinski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 968-cı məhəllədəki 17 mərtəbəli, 135 mənzilli binada keçiriləcək. 17 oktyabr tarixində isə M.Qaşqay, 748 saylı məhəllədəki 16 mərtəbəli, 84 mənzilli, 18-i isə M.Qasımov 972-ci məhəllə ünvanındakı 16 mərtəbəli, 128 mənzilli binanın sakinlərinə səyyar qeydiyyat xidmətləri göstəriləcək.
Bina sakinləri qeydiyyat xidmətlərindən istifadə etmək üçün saat 09:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi, maliyyə arayışı, protokoldan çıxarış kimi ilkin sənədlər ilə birgə səyyar ofisə yaxınlaşa bilər. Səyyar aksiya zamanı vətəndaşlara hüquqi yardım da göstərilir. Elektron çıxarışın əldə edilməsi və istifadəsi, xidmət üçün tələb olunan sənədlər, xidmət haqqı və dövlət rüsumu barədə maarifləndirmə aparılır.