Əmlak Məsələləri Dövlət Komitəsində 2017-ci ildə görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Strateji Yol Xəritələrinin hesabatlarında da Komitənin fəaliyyəti yüksək qiymətləndirilir. Belə ki, Strateji Yol Xəritələrinin 2017-ci ilin birinci yarısının monitorinq və qiymətləndirmə nəticələrində bütün istiqamətlər üzrə qiymətləndirilməsi aparılan 47 dövlət qurumu arasında Komitə 8-ci yeri tutmaqla, ümumi hədəflərin 53%-nin icrasını təmin etmişdir. Komitə milli iqtisadiyyatın perspektivi üzrə isə Strateji Yol Xəritəsindən irəli gələn məsələləri 70% icra etmişdir. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdiyi ənənəvi illik «Doing Business 2018» hesabatında Azərbaycan əmlakın qeydiyyatının sadəliyinə görə daha bir pillə irəliləyərək 21-ci yerdə qərarlaşıb.
Bildirilib ki, ölkədə həyata keçirilən iqtisadi yeniliklər fonunda əmlak idarəçiliyi sahəsində də müasir idarəetmə texnologiyaları və innovativ yanaşmalar tətbiq edilmiş, xidmətlərdə ictimai məmnunluğun artırılması və şəffaflığın təmin edilməsi istiqamətində mühüm tədbirlər görülmüşdür. Bunlardan biri özəlləşdirmə sahəsində innovativ yenilik, xüsusi model olan Elektron hərracın istifadəyə verilməsidir. Elektron hərrac vasitəsilə ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn olaraq qatılıb dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilirlər. Eyni zamanda vətəndaşlar üçün hərracları onlayn izləmək imkanları yaradılıb. Komitə tərəfindən özəlləşdirmənin sürətləndirilməsi ilə əlaqədar istifadəyə verilmiş “Özəlləşdirmə portalı”na ötən il ərzində 850 min baxış olmuşdur. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portala baxış sayı 1,2 milyonu keçmişdir.
Yeniliklərdən biri daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların əhaliyə elektron formatda təqdim edilməsi imkanı oldu. Bununla vətəndaşlar daşınmaz əmlaklarına dair sənədi öz arzusuna görə elektron və ya kağız formada əldə edə bilir. Bundan başqa ötən il istifadəyə verilən “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” və “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” elektron xidmətləri vətəndaşların razılığına səbəb olmuşdur. Daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflıq və vətəndaş məmnunluğunu təmin edən, daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada əvvəlcədən məlumat verən Əmlakın Qeydiyyatı Kalkulyatoru istifadəyə verilmişdir.
2017-ci ilin fevral ayında vətəndaşların istifadəsinə verilən AzNav - ilk rəsmi naviqasiya sisteminin istifadəçilərinin sayı 270 mini keçmişdir. "AzNav" ilk milli naviqasiya sistemi "MilliNet 2017" Milli İnternet Mükafatında E-gov Mobil tətbiqləri nominasiyası üzrə 2-ci yeri tutmuşdur.
Qeyd edilməlidir ki, Komitənin fəaliyyət sahələri üzrə təşkil edilmiş 37 elektron və onlayn xidmətlər vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 2017-ci il ərzində 180 mindən çox müraciət daxil olmuş və cavablandırılmışdır.
Bildirilib ki, ötən il ərzində keçirilmiş 20 “Kütləvi çıxarış” kampaniyasının 5-i paytaxt rayonlarında, 15-i isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutmuşdur. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə 2017-ci il ərzində vətəndaşlardan 80 mindən çox müraciət qəbul olunmuşdur.
Komitənin çağrı mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Komitənin aparatında müasir standartlara cavab verən 193 nömrəli vahid çağrı mərkəzi yaradılmışdır. Ötən il ərzində 193 saylı Vahid Çağrı Mərkəzi, Komitənin sosial şəbəkələri və internet resursları vasitəsilə onlayn olaraq vətəndaşlardan 5000-ə yaxın müraciət daxil olub və cavablandırılmışdır.
Komitənin təşkilatçılığı ilə 2017-ci ildə «Baku Expo Mərkəzi»ndə – “Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi” keçirilmişdir. Sərgidə dünyanın 14 ölkəsindən olan 70-ə yaxın daşınmaz əmlak, nüfuzlu yerli və xarici investisiya şirkətlərinin 150-dən çox tikinti və inşaat layihəsi nümayiş edilmişdir. Bununla yanaşı, sərgi çərçivəsində “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda beynəlxalq konfrans da keçirilmişdir.
2017-ci il ərzində dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması ilə bağlı müasir yanaşmalara əsasən onlayn rejimdə 5000-dən çox dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlar elektron qaydada qəbul olunmuş və təhlil edilmişdir.
Ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara əsasən yeni, müasir üsullar tətbiq edilməklə özəlləşdirilmə sürətləndirilir, prosedurlar elektronlaşdırılır. 2017-ci il ərzində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Bakı şəhəri və respublikanın digər şəhər və rayonları üzrə ümumilikdə 197 hərrac keçirilmişdir. Bu dövrdə 877 dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilmişdir. Keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən müəssisələrə hesabat dövrü ərzində 6 milyon manat investisiya yatırılmış, 132 yeni iş yeri yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq torpaqların elektron kadastr uçotunun aparılması, yerquruluşu, geodeziya istiqamətində işlər davam etdirilmişdir. 2017-ci ildə 14 rayonda torpaqların elektron uçota alınması işi tam yekunlaşmışdır. Elektron kadastr uçot işi bitmiş rayonlardan il ərzində 13 rayonun hüdudları daxilində 337 bələdiyyə xəritələri hazırlanmışdır. 2017-ci ildə 760 mindən çox ərazidə irimiqyaslı çöl geobotaniki tədqiqatı işləri yerinə yetirilmişdir. Azərbaycan Respublikası ərazisində geodeziya ölçü işlərində AzPOS sisteminin imkanları genişləndirilmiş və istifadəçilərin sayı artırılmışdır. Bu informasiya sistemi yüksək dəqiqlikli məlumatları emal etməklə, zaman-məkan daxilində qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edir. Vurğulanıb ki, respublikanın 52 şəhər və rayonu, o cümlədən, 156 qəsəbə və 1533 kənd yaşayış məntəqəsi üzrə 32 mindən artıq küçə və prospekt, 600 mindən artıq giriş ünvan nömrələri Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilmişdir. Ötən il ərzində uçot işləri aparılan 32 rayonda rayon icra hakimiyyətlərinin, bələdiyyələrin, torpaq istifadəçilərinin, mülkiyyətçilərinin iştirakı ilə geniş forumlar keçirilmişdir.
Komitə tərəfindən torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarət məqsədilə Bakı və regionlarda monitorinqlər və reydlərin keçirilməsi işləri davam etdirilmişdir. Hesabat dövrü ərzində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 1103 hal üzrə inzibati protokollar tərtib olunmuşdur. Ümumilikdə indiyədək, 2200-ə yaxın inzibati protokol tərtib edilmişdir. Müşavirədə bildirilib ki, kənd təsərrüfatı məqsədi ilə 206 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilmişdir. Aqrar sahənin inkişafı məqsədilə ötən il təyinatı dəyişdirilən 82 min hektar torpaq sahəsində 23 Aqropark yaradılıb. Bu dövrdə rayonlarda torpaq idarəçiliyi ilə bağlı 24 maarifləndirici İşgüzar Forumlar keçirilmişdir.
Ötən il komitə bütün fəaliyyət sahəsində olduğu kimi daşınmaz əmlakın qeydiyyatı sahəsində də əlçatanlığın, optimallığın artırılması, prosedurların sadələşməsi, şəffaflığın təmin edilməsi istiqamətində mühüm işlər həyata keçirib. 2017-ci il ərzində ölkə üzrə 200 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Bundan başqa 170 minə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılmış və texniki pasport tərtib edilmişdir.
Hesabat dövründə komitə fəaliyyətində effektivliyin yüksəldilməsi, təcrübə mübadiləsinin, kadr potensialının artırılması məqsədilə bir sıra qurumlarla əməkdaşlıq memorandumu imzalamışdır. Fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə şəffaflığın artırılması, birgə layihələrin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında, özəlləşdirilmə prosesinə yerli investorların daha fəal cəlb edilməsi məqsədi ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə anlaşma memorandumu imzalanmışdır. Həmçinin 51 kənd rayonunda torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsi istiqamətində Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə anlaşma memorandumu imzalanmışdır. Bundan başqa Azərbaycanda torpaqların elektron kadastr uçotu və rəqəmsal kadastr xəritələrinin yaradılmasında ölkəmizin kosmik imkanlarından - süni peyklərin məlumatlarından istifadə olunur. Bununla bağlı Komitə ilə “Azərkosmos” arasında anlaşma memorandumu imzalanıb. “Azərkosmos” ASC ilə imzalanmış müqaviləyə əsasən Şəki rayonu ərazisində torpaqların təyinatı üzrə istifadəsinin monitorinqi aparılmışdır.
2017-ci il ərzində komitənin inzibati binasında və regionlarda komitə rəhbərliyi, həmçinin komitənin strukturuna daxil olan və tabeliyində olan qurum rəhbərləri tərəfindən mütəmadi olaraq vətəndaş qəbulları keçirilmiş və ümumilikdə 10 min 755 nəfər qəbul edilmişdir.
Müşavirənin sonunda Komitə sədri Kərəm Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirmişdir. Strateji Yol Xəritəsindən irəli gələn məsələlərin icrası ilə bağlı işlərin yerinə yetirilməsi və monitorinqlərdə əldə olunan göstəricinin daha da yüksək olması üçün lazımi tədbirlərin vaxtında görülməsi tapşırığını vermişdir. Eyni zamanda Komitənin fəaliyyətinə uyğun olaraq torpaq münasibətlərinin tənzimlənməsinin effektiv aparılması, torpaqların elektron kadastr uçotu sisteminin formalaşdırılması, bu istiqamətdə Azərkosmos ilə əlaqələrin genişləndirilməsi, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılması, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi ilə bağlı görülən işlərin sürətlənməsi kimi tədbirlərin icra edilməsini bildirmişdir. Bundan əlavə daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaş məmnunluğunun təmin edilməsi, bu sahədə yaranan problemlərin aradan qaldırılması, dövlət əmlakının idarə edilməsi sahəsində mütəmadi işlərin görülməsi barədə tapşırıqlarını vermişdir. Həmçinin dövlət əmlakının özəlləşdirilməsinin sürətlənməsi, bu sahədə tətbiq olunan innovativ xidmətlərin genişləndirilməsi, həyata keçirilən tədbirlərin işıqlandırılması istiqamətində tədbirlərin icra edilməsini bildirmişdir. Qeyd edilib ki, ictimai xidmətlərdə əlçatanlığın artırılması üçün elektron xidmətlərin tətbiqi daha da genişləndirilsin, yeni innovativ layihələrin davamlı olaraq reallaşdırılması təmin edilsin.