193 Çağrı mərkəzinə edilən bütün zənglər anında cavablandırılır: ilin 9 ayında 21 minə yaxın vətəndaş müraciəti daxil olub
Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakla bağlı göstərdiyi xidmətlərin keyfiyyətinin daha da yüksədilməsi məqsədilə hər bir sualın anında cavablandırılması, müraciətlər üzrə izahın verilməsi və araşdırılması Komitənin 193 Çağrı mərkəzi tərəfindən aparılır. Sistemin müasir tələblərə uyğun formada təşkil edilməsi vətəndaş müraciətlərinin operativ qəbuluna imkan verir. Eyni zamanda vətəndaşların göstərilən elektron xidmətlərlə bağlı əlavə vaxt itirmədən, struktur bölmələrə getmədən məlumat əldə etmələri 193 nömrəli Çağrı mərkəzi ilə təmin edilir.
Çağrı mərkəzinə yanvar-sentyabr ayları ərzində 21 minə yaxın vətəndaş müraciəti daxil olub. Müraciətlərdən 20 mindən çoxu sorğu tipli, 800-ə yaxını araşdırma tələb edən məsələlərdir. Vətəndaşlar tərəfindən ünvanlanan sorğuların mövzuları əsasən, ərizə və məktubların icrası, daşınmaz əmlakların dövlət qeydiyyatına alınması, elektron xidmətlərdən istifadə, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı olub.
Daxil olan hər bir müraciət dərhal qeydiyyata alınıb və operativ cavablandırılması təmin edilib. Araşdırma tələb edən müraciətlər isə həll edilməsi üçün aid olduğu struktur bölməyə yönləndirilib. Regionlar üzrə 9 aylıq statistikaya gəldikdə isə, müraciətlərin 17 minə yaxını Bakı şəhərindən, 4 minə yaxını isə bölgələrdən ünvanlanıb.
193 Çağrı mərkəzi Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə bütün sorğuların cavablandırılması, vətəndaşların bu sahə ilə bağlı hər hansı problemlərinin aradan qaldırılması və xidmətlərlə bağlı hüquqi məlumatlandırılması üçün canlı və səsli menyu rejimində olmaqla fasiləsiz fəaliyyət göstərir. Çağrı mərkəzinin əməkdaşları canlı rejimdə həftənin iş günləri saat 9.00-dan 18.00-dək vətəndaşların xidmətindədir.