“Doing Business 2020” hesabatında ölkəmizin mövqeyini yaxşılaşdıran sahələrdən biri də daşınmaz əmlakın qeydiyyatıdır
Azərbaycan Dünya Bankının nüfuzlu “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasında yer alıb. Hesabata əsasən, Azərbaycan “Doing Business” üzrə dörd sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb. Bu sahələrdən biri də daşınmaz əmlakın qeydiyyatıdır.
«Doing Business 2020» hesabatında Azərbaycanın əldə etdiyi yüksək göstəricilər əmlakın qeydiyyatının sadələşdirilməsinin, vətəndaş amilinin gücləndirilməsi, o cümlədən sosial kampaniyaların keçirilməsi, intensiv elektronlaşmanın tətbiq edilməsinin nəticəsidir.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı üzrə 26 elektron xidmət istifadəyə verilib. Çoxmərtəbəli yaşayış binasından mənzil alanlar həmin binanın sənədlərinin qaydasında olub-olmadığını və aldıqları mənzillərə çıxarış verilib-verilməyəcəyini əvvəlcədən elektron qaydada dəqiqləşdirə bilirlər, mənzillərin qiymətinin öncədən bazar dəyərlərinə uyğun olub-olmadığı onlayn rejimdə öyrənmək mümkündür, o cümlədən çıxarışların verilməsi üçün müraciət və sənədlər elektron qaydada qəbul edilir. Vətəndaşlar 9193 nömrəsinə SMS göndərməklə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqını, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənə bilirlər. Daşımaz əmlakın qeydiyyatı ilə bağlı ödənilən xidmət haqqının və dövlət rüsumunun öyrənilməsi ilə bağlı vətəndaşların işini sadələşdirən “Əmlak kalkulyatoru” fəaliyyətdədir.
Eyni zamanda çıxarışlarının verilməsinin 1 iş günü müddətinədək azaldılması da vətəndaş məmnunluğunun artmasına imkan verdi. Qeyd edilməlidir ki, əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə çıxarışlar 1,3,7,10 iş günündə hazırlanır.
Bundan başqa Əmlak Xidmətləri Məkanının istifadəyə verilməsi ilə qeydiyyat xidmətləri daha operativ göstərildi, xidmətlər beynəlxalq standartlar əsasında vətəndaşlara vahid məkandan təqdim edildi, o cümlədən qeydiyyatla əlaqədar göstərilən funksional xidmətlərə əlçatanlıq daha da artırıldı. Məkanda gün ərzində orta hesabla 1000-ə yaxın vətəndaş müxtəlif əməliyyatlardan istifadə edir. Yüksək ixtisaslı 100-ə yaxın işçi həftənin bütün günləri (şənbə və bazar günləri daxil) məkana üz tutan insanların xidmətindədir. İndiyədək Məkana 170 minə yaxın müraciət olub. Gələcəkdə isə məkan arealını genişləndirməklə Gəncə və Xaçmaz bölgələrində də fəaliyyət göstərəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanununun tətbiqi haqqında imzaladığı Fərmanına əsasən artıq çıxarışlar yalnız elektron şəkildə verilməyə başlandı. Burada əsas məqsəd ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, əmlakların qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və opitmallığı artırmaqdır.
Elektron çıxarışın tətbiqi ölkə rəhbəri tərəfindən aparılan elektron hökumət quruculuğuna töhfə oldu. Çıxarışların elektron müstəviyə keçməsi ayrı-ayrı dövlət qurumları tərəfindən verilən aidiyyəti sorğuların cavablandırılması, əhalinin əmlakları üzərində iqtisadi əməliyyatların aparılması işini daha da yüngülləşdirdi və optimallaşdırdı. Elektron çıxarışın tətbiqi təkrar qeydiyyat sahəsində prosedurları tam olaraq avtomatlaşdırdı. Bundan başqa çıxarışların arxivləşdirilməsinin elektron qayda da həyata keçirilməsi vətəndaş məmnunluğunun artmasına şərait yaratdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanı vətəndaş məmnunluğuna, onların sadə yollarla mülkiyyətini qeydiyyata almasına, ölkədə leqal əmlakların sayının artması istiqamətində bir yenilik oldu. Fərmanın icrası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində vətəndaşların yaşadıqları ünvanda səyyar xidmət göstərilir, əmlaklarına dair çıxarışlar verilir, o cümlədən ilkin sənədlər toplanır. Proses davamlı olaraq həyata keçirilir.
Qeydiyyat xidmətlərini vətəndaşa daha yaxın edən sosial layihə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası əhalinin bütün təbəqələrini əhatə etməkdədir. Sosial kampaniyalar vasitəsilə səyyar mobil ofislər şəhərlərlə yanaşı, ucqar dağ kəndlərində, iş yerlərində, fermer təsərrüfatlarında olmaqla birbaşa vətəndaşların ünvanlarında qeydiyyat xidməti göstərir, əmlaklarına dair ilkin sənədlər toplayır. Daşınmaz əmlakın qeydiyyat xidmətlərinin bilavasitə vətəndaşın ünvanında göstərilməsi onların əlavə vaxt itirmədən, rahatlıqla, ünvanlarında qeydiyyat xidmətlərindən yararlanmasına imkan verir. Qeyd edək ki, 2014-cü ildən bəri komitə tərəfindən ölkə üzrə 400 minə yaxın fiziki və hüquqi şəxsə səyyar formada qeydiyyat xidmətləri göstərilib.