İri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılır
Azərbaycan Respublikası Nazirlər Kabineti 4 sentyabr 2019-cu il tarixində “İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi barədə Qərar qəbul edib. Bu qaydalar “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2016-cı il tarixli Fərmanı əsasında hazırlanıb.
Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının idarə edilməsində səmərəliliyin artırılması, dövlət əmlakının qorunub saxlanılması və istifadəsi üzərində dövlət nəzarətinin təkmilləşdirilməsi ilə bağlı iri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması istiqamətində artıq intensiv işlər görür. Bu platforma ayrıca bölmə olaraq komitənin Elektron Xidmətlər Portalında yerləşdirilib. Özündə 20-ə yaxın iri dövlət şirkətinin cəmləşdiyi platformada kadr uçotu üzrə məlumatlar, maliyyə və mühasibat göstəriciləri, o cümlədən daşınmaz əmlaka dair hesabat formaları yer alır. Məlumat bazasına iri dövlət şirkətləri tərəfindən onlayn rejimdə müvafiq məlumatları daxil etməyə imkan verən veb platforma yaradılmışdır.
Kadr uçotu hissəsində informasiya sisteminin iştirakçılarına aid ştat vahidi, faktiki işləyənlərin sayı, vakant yerlərin sayı, mühəndis-texniki heyətin sayı və əməkhaqqı fondu barədə məlumatlar əks olunub. Maliyyə göstəriciləri özündə “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na 1 və 2 nömrəli əlavələrdəki hesabat formaları və bu formalarda göstərilən məlumatları cəmləşdirib. Daşınmaz əmlaka dair məlumatlara isə bu sistemin iştirakçılarına aid daşınmaz əmlakın sayı, tikililərin ümumi sahəsi, istehsal təyinatlı binaların sahəsi, tikililərin balans dəyəri, tikililərin qalıq dəyəri və ümumi torpaq sahəsi barədə informasiyalar aiddir.
Həmin məlumatlar iri dövlət şirkətləri tərəfindən informasiya sisteminə gücləndirilmiş elektron imzadan və ya digər elektron eyniləşdirmə vasitələrindən istifadə olunmaqla daxil edilməli və təsdiqləyən şəxsin gücləndirilmiş elektron imzası ilə imzalanmalıdır.
Bu informasiya sistemi vasitəsilə dövlət əmlakı daha səmərəli istifadə ediləcək, həmin müəssisələrdə korporativ idarəetmənin tətbiqi və onların maliyyə-təsərrüfat fəaliyyətində şəffaflıq artırılacaq. Həmçinin iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyəti müqayisəli təhlil ediləcək, daxil edilən məlumatlar real vaxt rejimində əldə olunacaq.
Tam əhatəli, dəqiq, etibarlı və çevik qaydada yeniləşən bazaya gələcəkdə digər dövlət müəssisələrinin də inteqrasiyası həyata keçirilə bilər. İnformasiya sisteminə daxil edilmiş məlumatların mühafizəsi yüksək səviyyədə aparılır, tam olaraq təhlükəsizlik təmin edilir.
Qeyd edilməlidir ki, bu informasiya sisteminin operatoru Əmlak Məsələləri Dövlət Komitəsidir.