Mənzillərin səyyar qeydiyyatı xidmətləri bu həftə Nəsimi və Nərimanov rayonlarında göstəriləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı və digər şəhərlərdəki mənzillərin dövlət qeydiyyatına alınması sürətli formada həyata keçirilir. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası ilə mənzil sahibləri qeydiyyat xidmətlərindən birbaşa yaşadıqları ünvanda faydalanır. Bu vaxta qənaəti təmin edir, eyni zamanda daha çox vətəndaşın xidmətlərdən yararlanmasına şərait yaradır.
Səyyar qeydiyyat kampaniyası 16-20 sentyabr tarixlərində Nəsimi və Nərimanov rayonlarındakı çoxmənzilli binalarda keçiriləcək. Həftə üzrə səyyar aksiya 5 çoxmərtəbəli bina üzrə 900-ə yaxın mənzili əhatə edəcək.
Kampaniya 16 sentyabr tarixində Ceyhun Hacıbəyli 40 ünvanındakı 18 mərtəbəli 141 mənzilli binada, 17 sentyabrda həmin rayonun Nəcəf Nərimanov 14 ünvanında 13 mərtəbəli 140 mənzilli binada keçiriləcək. Səyyar aksiya çərçivəsində Nəsimi rayonu üzrə sentyabrın 18-i 324 məhəllə, Səfəroğlu 183 ünvanında 14 mərtəbəli, 60 mənzilli binada, 19-u Rüstəm Qasımov Şuşinski 968 məhəllədə 17 mərtəbəli, 235 mənzilli binada, 20 sentyabrda isə Ceyhun Səlimov, 3004 küçəsindəki 16 mərtəbəli, 320 mənzilli yaşayış binasında vətəndaşlara xidmət göstəriləcək.
Vətəndaşlar qeydiyyat xidmətlərindən istifadə etmək üçün saat 09:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi, maliyyə arayışı, protokoldan çıxarış kimi ilkin sənədlər ilə birgə binanın həyətindəki səyyar avtobusa yaxınlaşa bilər. Qeyd edək ki, mənzillərin dövlət qeydiyyatına alınması xidmətlərinin göstərilməsi ilə bərabər, səyyar aksiya zamanı vətəndaşlara hüquqi məsləhətlər verilir. Elektron çıxarışın əldə edilməsi, xidmət üçün tələb olunan sənədlər, xidmət haqqı və dövlət rüsumu barədə suallar cavablandırılır.