Əmlak Məsələləri Dövlət Komitəsinin qaynar xətlərinə 2013-cü il ərzində daxil olan müraciətlər barədə məlumat
Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət sahələri üzrə vətəndaşların sorğularının operativ cavablandırılması məqsədi ilə komitənin aparatında 193 nömrəli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 148 nömrəli və Hərracların Təşkili üzrə Auksion Mərkəzində 566-07-44 nömrəli qaynar xətlər fəaliyyət göstərir.
Ümumilikdə 2013-cü il ərzində komitəyə 193, 148 və 566-07-44 nömrəli qaynar xətlər üzrə 1820 müraciət daxil olmuşdur. 193 nömrəli qaynar xəttə daxil olan 431 müraciətin 391-i sorğu, 40-ı isə şikayət xarakterli olmuşdur. Sorğu xarakterli müraciətlərin 142-si dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, 249-u isə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsinə aid olmuşdur. qaynar xəttə daxil olan müraciətlərdən 39-u isə şikayət xarakterli olmuşdur. Şikayət xarakterli müraciətlərin 33-ü daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsinə, 6-sı isə dövlət əmlakının özəlləşdirilməsinə aid olmuşdur. Qaynar xəttə daxil olan sorğu və şikayət xarakterli müraciətlər araşdırılmaq üçün müvafiq qurumlara göndərilmişdir. Müraciətlər aidiyyəti üzrə araşdırılmış və vətəndaşlara operativ qaydada məlumatlar verilmiş, mövcud qanunvericilik izah edilmişdir.
Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yaradılmış 148 nömrəli qaynar xəttə 2013-cü il üzrə 1278 vətəndaş müraciəti daxil olmuşdur. Daxil olmuş müraciətlərin təsnifatına gəlincə 1278 müraciətdən 31-i (4 təkrar müraciət) vətəndaşların müxtəlif ərazi idarələrində üzləşdikləri süründürməçiliklə bağlı şikayət xarakterli müraciətlərdir. Bu dövr ərzində qaynar xəttə korrupsiya və digər hüquq pozuntuları ilə bağlı müraciət daxil olmamışdır. Vətəndaşlar tərəfindən daxil olan 1247 müraciət isə sorğu tiplidir. Sorğu xarakterli müraciətlər vətəndaşları ən çox maraqlandıran məsələləri əhatə edir.
148 saylı qaynar xəttə daxil olan vətəndaş müraciətlərinin əsas məzmunu daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı tələb olunan hüquqmüəyyənedici sənədlərin təsnifatı, bağışlama müqaviləsi əsasında daşınmaz əmlakın özkəninkiləşdirilməsi ilə bağlı məlumatın əldə edilməsi, ipoteka müqaviləsi tələbinin ipoteka tələbinə (daşınmaz əmlaka) yönəldilməsi zamanı bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsi, bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatı, dövlət reyestrindən çıxarışın alınması üçün hansı müvafiq ərazi idarələrinə müraciət etmələri, dövlət rüsumu və xidmət haqları barədə məlumatların əldə edilməsi, qeydiyyat vəsiqəsinin dövlət reyestrindən çıxarışla əvəz edilməsi ilə bağlı olmuşdur. Eyni zamanda, daxil olan müraciətlərin sırasında torpaq sahəsinin bir hissəsinin alqı-satqı qaydasında özgəninkiləşdirilməsi, icarədə olan torpaq sahəsinin özəlləşdirilməsi, yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi, binanın istismara qəbul edilməsi haqqında aktın alınması, qaraja texniki pasportun verilməsi üçün tələb olunan sənədlər, evə dair arxiv sənədlərinin əldə olunması, bağ sahəsində mərzlənmə işlərinin aparılması, xidməti mənzilin özəlləşdirilməsi, icarə hüququnun qeydiyyata alınması kimi müraciətlər yer almışdır. Miras torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyatı, özbaşına tikili üzərində mülkiyyət hüququnun qeydiyyata alınması qaydası, xüsusi mülkiyyət hüququ və digər məsələlər barədə ümumi suallar, habelə bu məsələlərin həlli zamanı ortaya çıxan problemlər və digər məlumatların əldə edilməsi kimi sorğular da ötən il ərzində qaynar xəttə daxil olmuşdur. Bundan əlavə son aylarda 148 saylı qaynar Xəttə daxil olan müraciətlərdə elektron xidmətlərlə bağlı vətəndaşları maraqlandıran məsələlər də üstünlük təşkil edir.
Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində 566-07-44 nömrəli qaynar xətt üzrə 111 müraciət daxil olmuşdur. Müraciətlərin hamısı sorğu xarakterli olmuş və qanunvericiliyə uyğun olaraq cavablandırılmışdır.
Vətəndaşların ərizə və müraciətlərinin qəbulu, baxılması və cavablandırılması sahəsində operativliyin və şəffaflığın təmin edilməsi məqsədilə qaynar xətlərə daxil olan vətəndaş müraciətlərinin qanunauyğun qaydada operativ cavablandırılması təmin edilmişdir.