Hərraca çıxarılan 33 nəqliyyat vasitəsindən 29-u özəlləşdirildi: 03 sentyabr hərracının nəticəsi
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda elektron iştirak imkanları investorların istənilən yerdən prosesə qoşulmasını təmin edir. Hərracların ictimaiyyətə tam açıq formada keçirilməsi, hər kəs üçün həm onlayn, həm də canlı iştirak fürsətlərinin yaradılması özəlləşdirmədə şəffalığı təmin edir, vətəndaş marağını artırır.
Vətəndaşların fəal iştirakı ilə reallaşan növbəti hərrac Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 03 sentyabr tarixində keçirilib. Hərraca çıxarılan 33 nəqliyyat vasitəsindən 29-u özəlləşdirilib. Avtomobillər üzrə hərracda iştirak üçün 47 sifarişin verilməsi budəfəki özəlləşdirmə prosesinin rəqabətli formada keçdiyini göstərir. Buraxılış tarixləri 2006-2008-ci il aralığında olan nəqliyyat vasitələri Hyundai, Vaz, Qaz kimi markalara aiddir.
Rəqabətli mühitdə özəlləşdirilən dövlət əmlaklarından birinin buraxılış ili 2006-dır. VAZ-21043 markalı bu avtomobilə təyin olunmuş ilkin hərrac qiyməti 3 min 500 manat olsa iştirakçılar arasında rəqabət nəqliyyat vasitəsinin son qiymətini 4 min 900 manata yüksəltdi.
Qeyd edək ki, bu ay üzrə növbəti özəlləşdirmə hərracı 10 sentyabrda keçiriləcək. Hərraca 79 dövlət əmlakı çıxarılıb. İştirakçı olmaq istəyən şəxslər 37 kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi, 22 səhmdar cəmiyyəti, 20 nəqliyyat vasitəsi üzrə seçim edə bilər. Bunun üçün komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir.