Artıq “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Şirvan şəhərinin çoxmərtəbəli yaşayış binalarında da keçirildi
Əmlak Məsələləri Dövlət Komitəsi yeni inşa edilmiş çoxmərtəbəli yaşayış binasında olan mənzil sakinləri üçün ünvanlardaca “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının keçirilməsini genişləndirir. Bakı şəhəri ilə yanaşı regionları əhatə edən sosial kampaniyalar əhalinin xidmətlərdən geniş, çevik formada istifadəsinə və məmnunluğun artırılmasına yönəlib. Paytaxtla bərabər bölgələrdə də yeni inşa edilmiş çoxmərtəbəli binaların inşasının aparılması belə mənzillərin sənədləşməsi ilə bağlı görülən işləri daha da intensivləşdirib.
Növbəti belə kampaniya avqustun 30-da Şirvan şəhərində Məmməd Əmin Rəsulzadə küçəsi, 33 ünvanında yerləşən yeni çoxmənzilli yaşayış kompleksinin sakinləri üçün keçirilib. 11 girişli, 6 mərtəbəli, 190 mənzilli binanın sakinləri daşınmaz əmlaklarının dövlət qeydiyyatına alınması məqsədilə ilkin sənədlərini binanın həyətindəki səyyar ofisə təqdim ediblər. Həmin gün 100 sakindən şəxsiyyət vəsiqəsi, maliyyə arayışı, protokoldan çıxarış kimi sənədlər toplanıb.
Qeydiyyat xidmətlərinin ünvanlara gətirilməsi bina sakinlərinin vaxt itirmədən müraciət etməsinə şərait yaradır, məmnunluğu təmin edir. Belə ki, müasir avadanlıqlarla təchiz edilmiş səyyar ofisdə yaradılan innovativ imkanlar sayəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məlumat bazasına birbaşa qoşularaq vətəndaşların sənədlərinin emal prosesinə dərhal başlanılır. Bu istiqamətdə xidmətlərin sadələşdirilməsi isə vətəndaşların geniş formada mülkiyyət hüquqlarından istifadəsinə şərait yaradır, mənzil-məişət şəraitinin yaxşılaşmasına töhfəsini verir, o cümlədən ölkə üzrə rəsmi qeydiyyata alınmış leqal əmlakların sayını artırır. Bundan başqa regionlarda inşa edilən çoxmərtəbəli binaların çıxarışla təmin olunması bölgələrdəki gənc ailələrin ipoteka kreditinin alınması işini sadələşdirir.
Kampaniya zamanı bina sakinlərinə daşınmaz əmlakın qeydiyyata alınması ilə bağlı prosedurlar, tələb olunan dövlət rüsumu və xidmət haqqı, o cümlədən xidmətin icra müddəti ilə bağlı məlumatlar verilib. Elektron çıxarışın tətbiqi, istifadəsi və üstünlükləri barədə vətəndaşlar maarifləndirilib. Bildirilib ki, artıq mənzilini dövlət qeydiyyatına alınmış hər kəs elektron formada çıxarışla təmin edilir. Çıxarış vətəndaşın Elektron hökumət portalındakı şəxsi kabinetinə yerləşdirilir. Mülkiyyət sənədi barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndərilir. Məlumata çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki daxil edilir.
Qeyd edilməlidir ki, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası vasitəsilə digər bölgələrdə yerləşən yeni inşa edilmiş çoxmərtəbəli yaşayış binalarındakı mənzillərin də sənədləşdirilməsi davam edəcək.