Hərraca qatılmaqla öz biznesini qur: 24 sentyabr hərracına 73 dövlət əmlakı çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə yaradılan müasir şərait hər kəs üçün rahat iştirak imkanları yaradır. Dövlət əmlakları üzrə geniş seçim və sadə prosedurlar hərraca marağı artırır, investorların aktiv iştirakını təmin edir.
Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 24 sentyabr tarixində keçiriləcək. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən elan edilən bu hərraca ümumilikdə 73 dövlət əmlakı çıxarılıb. Onlardan 40-ı kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi, 19-u səhmdar cəmiyyəti, 14-ü nəqliyyat vasitəsidir.
Ölkənin müxtəlif regionlarında yerləşən kiçik dövlət müəssisələrinin faydalı sahəsi 12 kv.m ilə 3 min 101 kv.m arasındadır. Uğurlu biznes imkanları olan dövlət müəssisələrindən biri paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsi, A.Abdullayev küçəsindədir. Faydalı sahəsi 312 kv.m olan ticarət obyektinin ilkin hərrac qiyməti 25 min manatdır. Daşkəsən rayonu, Alunitdağ qəsəbəsindəki yardımçı təsərrüfat kifayət qədər geniş torpaq sahəsi ilə birgə hərraca çıxarılıb. Belə ki, investor ümumi faydalı sahəsi 1941 kv.m olan dövlət əmlakını 41 min kv.m-lik torpaq sahəsi də daxil olmaqla özəlləşdirə bilər.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri kəndkimya, nəqliyyat, tikinti, xidmət və digər sahələrə aiddir. Buraxılmış səhmlərinin 30%-45% arasında səhm paketləri hərraca çıxarılmış dövlət əmlaklarına paytaxtda yerləşən “Azinterservis”, Beyləqanda “Çatal broyler”, Ağdaşda “Ləki Sinklənmiş qablar” kimi səhmdar cəmiyyətləri aiddir.
İstehsal tarixləri 1986-2007-ci illər arasında olan nəqliyyat vasitələri Nissan, Chevrolet, Hyundai, Kia və digər markalardandır. Dövlət əmlakları üzrə hərraca qoşulmaq istəyən şəxslər Komitənin rəsmi saytı (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Seçdiyi dövlət əmlakı üzrə sifarişi elektron formada verməklə yanaşı, investorlar özəlləşdirmədə onlayn iştirak edərək əmlak sahibi ola bilər. Eləcə də, hərraca marağı olan hər kəs üçün prosesi qeydiyyatsız, elektron formada izləmək imkanı da yaradılıb.