Kiçik dövlət müəssisələrinin əmək kollektivi üzvlərinə güzəştli satışı xidmətindən elektron formada da istifadə etmək mümkündür
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraclarla bağlı göstərilən xidmətlərdən biri də kiçik dövlət müəssisələrinin əmək kollektivi üzvlərinə güzəştli satışıdır. Bu xidmət kiçik dövlət müəssisələrinin ilkin qiymətinin 15%-nin üzərində mülkiyyət hüquqlarının əldə edilməsi ilə bağlı əmək kollektivinin üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı müəyyən edir.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən özəlləşdirmə prosesində dövlət müəssisələrində əmək kollektivi üzvlərinin həmin müəssisələrin əmlakının və səhmlərinin bir hissəsini, (onun qalan hissəsinin satışı üsulundan asılı olmayaraq) güzəştli şərtlərlə almaq hüquqları vardır.
Özəlləşdirilən dövlət müəssisələrin səhmlərinin və ya hissələrinin satışında güzəştlər əsas iş yeri həmin müəssisə hesab edilən işçilər, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, həmin müəssisədə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslərə şamil edilir. Eyni zamanda özəlləşdirilən müəssisədə 7 ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış və 1995-ci il 1 yanvar tarixindən sonra işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz statusu almış şəxslərin də dövlət əmlakını güzəştli şərtlərlə özəlləşdirmək hüquqları var.
Bu xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlərə güzəştli satışda iştirak etmiş şəxslərin ümumi yığıncağının protokolu (işçilərin sayı 3 və daha çox olduqda), güzəştli satışda iştirak edən əmək kollektivi üzvlərinin siyahısı, ərizə və digər sənədlər tələb olunur. Xidmətdən istifadə üçün müraciətlər özəlləşdirmə haqqında rəsmi elan günündən etibarən 25 (iyirmi beş) gün müddətində qəbul edilir. Özəlləşdirmə barədə elan Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetində dərc olunur, rəsmi saytda və Özəlləşdirilmə portalında yerləşdirilir. Dövlət rüsumu tələb olunmur, xidmət haqqı isə müvafiq qanunvericiliyə uyğun olaraq müəyyən edilir.
Qeyd edək ki, kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı xidmətindən elektron formada da istifadə etmək mümkündür. Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) 33-cü bölməyə https://www.e-gov.az/az/services/read/3316/0 daxil olmaq kifayətdir.