20 avqust hərracı: 17 dövlət əmlakına 28 sifariş verilib
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən avqustun 20-si dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Hərracda iştirak üçün vətəndaşlar tərəfindən 17 dövlət əmlakı üzrə 28 sifariş verilib. Özəlləşdirilən dövlət əmlakları arasında kiçik dövlət müəssisəsi, yarımçıq tikililər, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri var. Vətəndaşlardan 3-ü seçdiyi dövlət əmlakı üzrə sifarişi əlavə vaxt itirmədən elektron formada verib.
Budəfəki hərracda özəlləşdirilən əmlaklardan biri Cəlilabad rayonunun H.Əliyev prospektində yerləşir. Kiçik dövlət müəssisəsinin ümumi faydalı sahəsi 38.2 kv.m-dir. Paytaxt üzrə özəlləşdirilən qeyri-yaşayış sahəsi Nizami rayonu, B.Nuriyev küçəsindədir. Xidmət və ya ofis obyekti kimi istifadə üçün uyğun olan dövlət əmlakının ümumi faydalı sahəsi 76.2 kv.m, son hərrac qiyməti isə 25 min manatdır. Hərracda sahibini tapan digər qeyri-yaşayış sahəsi isə Bərdə şəhərində yerləşir.
Cəlilabad rayonunun Privolnoye kəndində özəlləşdirilən yarımçıq tikilinin torpaq sahəsi isə 8 min kv.m-dir. Digər yarımçıq tikili isə rayonun Gülməmmədli kəndində yerləşir.
Nəqliyyat vasitələri üzrə keçirilən hərracda bu dəfə rəqabətli mühit müşahidə olundu. Belə ki, 11 avtomobil üzrə 22 sifariş qəbul edilmişdir. Buraxılış tarixi 2007 olan nəqliyyat vasitəsinə ilkin qiymət 6 min manat təyin olunmuşdur. İştirakçılar arasında rəqabət dövlət əmlakının son hərrac qiymətini 7 min 900 manata yüksəltdi.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət komitəsi tərəfindən növbəti hərrac 27 avqust tarixində keçiriləcək. Hərraca ümumilikdə 61 dövlət əmlakı çıxarılıb. Bunlardan 29-u kiçik dövlət müəssisəsi, 19-u səhmdar cəmiyyəti, 8-i nəqliyyat vasitəsi, 5-i isə qeyri-yaşayış sahəsidir. Dövlət əmlakları üzrə hərracda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.