Evdən hərraca qatılmaqla əmlak almaq - Azərbaycanda ilk dəfə
Bu model dövlət əmlakının şəffaf şəkildə özəlləşdirilməsinə şərait yaratmaqla əhaliyə və investorlara yeni imkanlar açır. Elektron hərraclar özəlləşdirmə prosesində yeni mərhələnin başlanması deməkdir. Bu yenilik müasir texnologiyalar vasitəsilə əhalinin, investorların bu prosesə cəlb edilməsinə imkan verəcək.
Onlayn qatılmaqla yanaşı hərraclarda elektron qaydada qeydiyyatdan keçmək, iştirakçı statusu qazanmaq üçün sifariş vermək, qeydiyyatdan keçmədən onlayn izləmək imkanları mövcuddur. Bütün prosesləri Komitənin rəsmi səhifəsi olan emdk.gov.az, eləcə də privatization.az saytına daxil olmaqla yerinə yetirmək mümkündür. Bununla da hərrac prosesi tam elektronlaşır. Qeyd edilməlidir ki, prosesə həm elektron, həm də canlı olaraq da qatılmaq mümkündür.
Elektron Hərrac vasitəsilə nəqliyyat vasitələrinə, həmçinin kiçik dövlət müəssisələrinə, səhmdar cəmiyyətlərin səhm paketlərinə, qeyri-yaşayış və torpaq sahələrinə sahib olmaq mümkündür. Hərracların elektron qaydada keçirilməsi bu prosesdə optimallığı daha da artırır, yerli və xarici investisiyaların cəlb olunması imkanlarını genişləndirir, çevikliyi təmin edir, şəffaflıq prinsiplərini qoruyur.
Bu amil 26 dekabr tarixində keçirilən növbəti hərracda da özünü göstərib. Belə ki, budəfəki hərracda dövlət əmlakının 4-ü Elektron Hərrac vasitəsilə özəlləşdirilib. Həmin əmlaklar isə Bakının Nəsimi, Yasamal, Suraxanı rayonlarında yerləşən qeyri-yaşayış sahələri və UAZ-31519 markalı nəqliyyat vasitəsi olub.
Ümumilikdə isə bu hərracda 22 dövlət əmlakı sahibini tapıb. Bunlardan 2-i kiçik dövlət müəssisə və obyekti, 16-ı qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi, 12 istifadəsiz qeyri-yaşayış sahəsi, 4 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 kiçik dövlət müəssisəsi və 4 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.
Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, paytaxtın Nəsimi rayonunda yerləşən sahəsi 25 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 3 min 500 manat olsada 10 min 500 manata sahibini tapıb. Eyni zamanda Nəsimi rayonunda yerləşən sahəsi 15,2 kv.m olan digər qeyri-yaşayış sahəsinin ilkin qiyməti 2 min 250 manat olmasına baxmayaraq edilən təklif 6 min 350 manatadək yüksəlib.
Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 12-si paytaxtda, 4-ü isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 6-ı Nəsimidə, 2-i Yasamalda, 2-i Nizamidə qalanı isə müvafiq olaraq Suraxanı və Nərimanov rayonlarında yerləşir.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün privatization.az portalından “Nəticələr” bölməsinə daxil olmaq kifayətdir.
Qeyd edilməlidir ki, iştirakçı Elektron Hərraca qoşulmaq üçün bir sıra sadə elektron prosedurlardan keçir. Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir. Hərracda iştirak qaydaları ilə tanış olduqdan sonra davam etmək üçün müvafiq düyməni seçərək qaydaları qəbul etmiş olur. Sifariş verdiyi əmlakın ilkin satış qiymətinin 10 faiz beh məbləği haqqında məlumatla tanış olduqdan sonra telefon nömrəsini, poçt ünvanını daxil edir və sifariş verir. Sifariş blankındakı məlumatların düzgünlüyünü yoxladıqdan sonra behi ödəyir. Beh ödənildikdən sonra istifadəçiyə Təsdiqetmə bildirişi təqdim edilir və təhlükəsizlik kodu poçt ünvanına göndərilir. Sifarişlərin qəbulu hərracın başlanmasına ən gec üç bank günü qalmışa qədər bitməlidir.
Onlayn rejimdə iştirak etmək istəyən şəxs Komitənin rəsmi səhifəsində Elektron xidmətlər portalında, «Onlayn hərrac» bölməsinə daxil olaraq “Lotların idarə edilməsi” bölməsini seçir. “Sifarişlərim” menyusuna keçərək “Hərraca qoşul” düyməsini sıxır.
Onlayn hərrac da adi hərrac kimi, iştirakçılar tərəfindən qiymətlər təklif edilməklə aparılır. Müvafiq xanaya təklif edəcəyi məbləği qeyd edir. Hərrac rəqabətli keçdikdə, istifadəçilər məbləği addım-addım artırırlar. Hər addımda artırılan məbləğ özəlləşdirilməyə çıxarılan əmlakın qiymətinin 1%-dən az olmamalıdır. Hərrac iştirakçısı yeni təklifini 60 saniyə ərzində etməlidir.
Bu zaman «İştirakçı nömrəsi» və «Cari qiymət» xanalarında hər bir iştirakçının lot nömrəsi və təklif etdiyi qiymət görünür. Hərracda ən yüksək qiymət təklif etmiş iştirakçı qalib elan edilir. Ekranda hərracın tarixi, əmlakın satılması barədə məlumat, satış qiyməti və qalib alıcının nömrəsi qeyd olunur.
Hərracın qalibi 30 bank günü müddətində əmlakın pulunu ödəməlidir. Bundan sonra əmlak alıcının adına rəsmiləşdirilir. Məbləğ ödənilmədikdə isə hərracın nəticəsi ləğv edilir, beh geri qaytarılmır, əmlak isə satıcının sərəncamında qalır.
Hərraca qatılmayan şəxslər də internet vasitəsilə hərracı canlı olaraq izləyə bilərlər. Bunun üçün https://e-emdk.gov.az/eHerrac/Home/Presentation linkinə daxil olmaq lazımdır.
Qiymətlərə gəlincə isə qeyd edilməlidir ki, əmlakın ilkin start qiyməti bazara uyğun olaraq müəyyənləşdirilib.