Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib
Qeydiyyatdan keçmiş şəxs (iştirakçı) hərracda canlı və yaxud onlayn rejimində iştirak edə bilər. Bunun üçün iştirakçı hərrac günü göstərilən vaxt hərrac keçirildiyi yerə gəlməli, yaxud hərracın keçirildiyi zaman Komitənin portalında müvafiq bölməyə keçərək hərracda iştirak etməlidir. Sifarişlərin qəbulu prosesin başlanmasına ən gec üç bank günü qalmış bitir.
Ümumilikdə hərracların keçirilmə üsullarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmaların tətbiqi, şəffaflığın təmin olunması investorların cəlb edilməsinə istiqamətlənib.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 19 dekabrda keçirilib. Hərracda özəlləşdirilən əmlaklar kiçik dövlət müəssisəsi və nəqliyyat vasitələri olub. Özəlləşdirilən əmlaklar Bakı şəhərində yerləşir.
Özəlləşən əmlaklar biznes obyekti olmaqla investor üçün əlverişli gəlir mənbəyidir. Bu dəfə ki hərracda da özəlləşən Yardımçı təsərrüfat da sərmayəçi üçün mənfəətli əmlakdır. Bakının Sabunçu rayonunda yerləşən həmin əmlakın ümumi faydalı sahəsi 3 min kv.m-ə yaxın, torpaq sahəsi isə 60 min kv.m dən çoxdur. Qeyd edilməlidir ki, obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilib.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin markaları da müxtəlif olur. Belə avtomobillər Avropa, Yaponiya, Koreya və digər ölkələrin istehsalı olmaqla alıcılar üçün seçim imkanını artırır. Bu dəfə ki hərracda da özəlləşən nəqliyyat vasitəsi Rusiya istehsalı olan QAZ-3307 markalı avtomobil olub.
Qeyd edilməlidir ki, özəlləşdirmə və hərraclarla bağlı aparılan geniş təbliğat işləri prosesə olan marağı daha da artırıb. Əhali arasında aparılan maarifləndirmə işləri artıq öz nəticəsini verməkdədir. Belə ki, hərraclar rəqabətli şəkildə keçir. İnvestorlar üçün yaradılan rahat, şəffaf şərait rəqabəti daha da artırır.
Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilir. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Regionlarda da hərraclar keçirilir. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilir.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün Komitənin emdk.gov.az rəsmi saytına daxil olaraq “Nəticələr” alt bölməsinə keçid etmək kifayətdir.
Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Qeyd edilməlidir ki, portala 1 milyondan artıq baxış olub.
Hərracların keçirilməsinin bir sıra iqtisadi üstünlükləri mövcuddur. Belə ki, proses ölkədə özəlləşdirməni sürətləndirir, iri və orta portfelli sahibkarlığın inkişafına dəstək verir. Eləcə də, müxtəlif iqtisadi sahələrdə, o cümlədən pambıqçılıq, quşçuluq, tikinti, nəqliyyat, xidmət və sair sahələrin canlanmasına və inkişafına təkan olur. Belə müəssisələr və obyektlərdə fəaliyyət yenidən daha müasir şərtlərlə bərpa edilir. Bu isə paytaxtla yanaşı regionlarda yeni iş yerlərinin açılmasına səbəb olur.
Əmlak Məsələləri Dövlət Komitəsi qeyri-yaşayış sahələrinin müsabiqə vasitəsi ilə icarəyə verilməsi istiqamətində də fəaliyyətini davam etdirir. Məqsəd dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə edilməsi, dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin hüquqi əsas olmadan istifadəsinin qarşısının alınması, dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə daxilolmaların artırılmasıdır.