Tanınmış telejurnalist 50 mininci elektron çıxarış sahibi oldu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 29 mart 2019-cu ildə imzaladığı Fərmana əsasən ölkədə daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada verilir. Burada əsas məqsəd daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, əmlakların qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və optimallığı artırmaqdır.
Elektron çıxarışın tətbiqi artıq əmlakın təkrar qeydiyyatını tam olaraq avtomatlaşdırmışdır. Notariuslar vətəndaşların alqı-satqı müqavilələrinə əsasən bir başa onlayın şəklində təkrar qeydiyyatı həyat keçirirlər. Artıq elektron çıxarışı olan vətəndaşların alqı-satqı əməliyyatı zamanı heç bir kağız sənəd təqdim etməsinə ehtiyac qalmır.
Mülkiyyət sənədi haqqında məlumatlar şəxsin telefon nömrəsinə, poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən bildirişlərdə çıxarışın reyestr və qeydiyyat nömrəsi, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilir. Vətəndaş komitənin “Elektron çıxarışını yoxla” xidmətinə daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etməklə sənədin düzgünlüyünü yoxlamaq imkanına malikdir. Elektron çıxarış sistemi ilə kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı risklər aradan qalxır. Kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna edilir.
Artıq 50 mininci elektron çıxarışın sahibi bəlli olub. Bu tanınmış telejurnalist, Real Tv-nin əməkdaşı Afət Məhərrəmova olub. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 24 iyul tarixində keçirilən tədbirdə məlumat verilib. Vətəndaş Ramana qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin qeydiyyatı üçün komitənin Əmlak Xidmətləri Məkanına müraciət edib. 10 gündən sonra telefon nömrəsinə Elektron Çıxarışın hazır olması barədə bildiriş göndərilib.
Qeyd edilməlidir ki, bu ilin əvvəlindən fəaliyyətə başlamış Əmlak Xidmətləri Məkanında vətəndaşlar əmlak idarəçiliyi ilə bağlı 46 xidmətdən rahatlıqla yararlana bilirlər. Qısa zaman keçməsinə baxmayaraq Məkanda 130 000 vətəndaşa əmlak idarəçiliyi ilə bağlı xidmətlər göstərilmişdir.
Bundan başqa, əmlakın qeydiyyatı ilə bağlı komitə tərəfindən həyata keçirilən tədbirlər bununla bitmir. Belə ki, Komitə tərəfindən xidmətin vətəndaşın ünvanında edilməsi devizi ilə yerlərdə kompaniyaları davam etdirir. “Kütləvi Çıxarış”, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyaları vasitəsilə sakinlərə bilavasitə ünvanlarına gətirilən mobil ofislərə əmlaklarına dair sənədlərini təqdim edilməsi imkanı yaradılır. Bu kompaniyaların xidmətlərindən 260 mindən çox vətəndaş yararlanmışdır.
Kampaniya çərçivəsində Ölkə Başçısının “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanına uyğun olaraq istismarına icazə verilən binalarda yerləşən mənzillərdə qeydiyyat xidmətləri göstərilir. Artıq istismara icazə verilmiş binalarda yerləşən 5 minə yaxın mənzilin çıxarışı hazırlanıb təqdim olunub. Həmçinin 9 minə yaxın sənəd qəbul edilib.
Komitə tərəfindən həmçinin ölkədə mövcud bütün əmlakların uçota alınması və qeydiyyatı ilə bağlı digər ölkələrin təcrübələri öyrənilir. Burada vətəndaşlar tərəfindən özbaşına inşa edilmiş və onların uzun müddət istifadəsində olan sənədləşdirilməmiş fərdi yaşayış evlərinin qeydiyyatı ilə bağlı məsələlərdə var. Bu cür özbaşına tikililərin sənədləşdirilməsi ilə bağlı komitə tərəfindən beynəlxalq təcrübə öyrənilib və təhlillər aparılıb. Bunun əsasında müvafiq konsepsiya sənədi hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilib.
Ölkə başçısının bu sahəyə xüsusi diqqəti və verdiyi tapşırıqlara əsasən artıq işçi qrupu yaradılıb. Həmçinin bütün rayonlarda yerli icra hakimiyyətinin, bələdiyyələrin və aidiyyəti dövlət təşkilatlarının nümayəndələrindən ibarət Yerli ekspert komissiyaları yaradılıb.
Artıq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Torpaqların Elektron Kadastr Uçotu başa çatmış şəhər və rayonlar üzrə müxtəlif təyinatlı torpaqlarda inşa edilmiş özbaşına tikililər barədə məlumatları elektron formatda Yerli ekspert komissiyalarına təqdim etmişdir. Komissiyalar yerlərdə həmin məlumatlar əsasında özbaşına tiklilərin invertarlaşdırılması və dəqiqləşdirlməsi işlərini həyata keçirəcəkdir.