Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Ağcabədi sakinlərinin müraciətlərini dinləyib
Qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşlar iştirak edib. İştirak edən vətəndaşların müraciətləri özəlləşdirmə, hərraclarda elektron qaydada iştirak, daşınmaz əmlakın sənədləşdirilməsi, komitənin elektron xidmətlərindən istifadə qaydaları barədə olub. Əksəriyyəti daşınmaz əmlakın qeydiyyatına aid olan vətəndaş müraciətləri əsasən fərdi həyət evi, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması məsələlərini əhatə edib. Qəbulda iştirak edənlərin bir qismi torpaqlardan istifadə qaydaları ilə bağlı müraciət edib. “Elektron çıxarış” xidmətindən istifadə qaydaları, icarədə və ya istifadədə olan kiçik dövlət obyektlərinin özəlləşdirilməsi, hərracları onlayn olaraq izləmək məsələləri barədə də müraciətlər çatdırılıb.
Vətəndaş qəbulu çərçivəsində komitə sədri Kərəm Həsənov qeyd edib ki, fəaliyyət istiqamətləri üzrə sosial amillərin, vətəndaş məmnunluğunun, habelə xidmətlərdə əlçatanlığın daha da artırılması məqsədilə daşınmaz əmlakların, o cümlədən torpaq sahələrinin qeydiyyatı, daşınmaz əmlakın texniki inventarlaşdırılması və texniki sənədlərin tərtibində “bir pəncərə” prinsipi tətbiq edilir. Bələdiyyələr, vətəndaşlar, fiziki və hüquqi şəxslər onlara məxsus daşınmaz əmlakı və torpaq sahələrini yalnız bir ünvanda – komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində qeydiyyata aldıra bilirlər. Vahid mərkəzdən idarəçilik sisteminin tətbiqi ilk növbədə əmlak münasibətlərinin inkişafının sürətləndirilməsini və mülkiyyət məsələlərində vətəndaş amilinin gücləndirilməsini təmin etməkdədir.
Özəlləşdirmə sahəsində tətbiq edilən innovativ layihələrdən söz açan komitə sədri qeyd edib ki, dövlət əmlakının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda iştirak, əmlaklara sifariş verilməsi elektron qaydada həyata keçirilir. Həmçinin hərracları onlayn olaraq izləmək də mümkündür. Komitənin rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçməklə qeyd olunan xidmətlərdən istifadə etmək mümkündür.
Komitə sədri qeyd edib ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində tətbiq edilən “Elektron çıxarış” xidməti vətəndaşa öz arzusuna görə çıxarışını elektron və ya kağız formada əldə etməsinə imkanı verir. Bu isə daşınmaz əmlakın qeydiyyatında şəffaflıq, operativlik və rahatlığın əhəmiyyətli dərəcədə artmasına, qeydiyyatın sürətlənməsinə şərait yaradır. Həmçinin vətəndaş xidmətlərdən minimum vaxt itkisi ilə maksimum yararlana bilir.
Bir neçə vətəndaş torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi məsələləri barədə müraciət edib. Komitə sədri torpaqların təyinatı ilə bağlı tələblərə riayət olunmasının vacibliyi, qanunvericiliyin əsaslarını diqqətə çatdırıb. Bildirilib ki, qanunsuz istifadə hallarının aşkar olunması və qarşısının alınması məqsədilə komitənin dövlət müfəttişləri tərəfindən belə torpaqlarda monitorinqlər həyata keçirilir.
Qəbulda vətəndaşlara özəlləşmə, torpaq idarəçiliyi, daşınmaz əmlakın qeydiyyatı və digər əlaqədar fəaliyyətlə bağlı mövcud qanunvericiliyin tələbləri izah olunub. Komitə sədrinin regional vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.