Bakıda daha bir yeni inşa edilən binanın sakinləri “Kütləvi çıxarış” kampaniyasından yararlanıblar
Kütləvi şəkildə mənzillərə çıxarışların verilməsi paytaxtda daşınmaz əmlakla bağlı alqı-satqı proseslərini daha genişləndirir. Mənzillərin iqtisadi əməliyyatlara aktiv cəlb olunmasına şərait yaradır, mənzil bazarında canlanmanı təmin edir. Məhz yaradılan rahat və əlverişli şərait kampaniyanın getdikcə daha çox vətəndaşın diqqətini cəlb etməsinə, bu kampaniyada iştirak üçün müraciətlərin çoxalmasına səbəb olur. Həyata keçirilən “Kütləvi çıxarış” kampaniyaları əhalinin əmlakın qeydiyyatı sahəsində maariflənməsinə və məlumatlılığının artmasına şərait yaradır, əmlakın qeydiyyatının da sürətlənməsinə və leqal əmlak dövriyyəsinin böyüməsinə imkan verir.
Kampaniyanın digər üstünlüyü vətəndaşlara hüquqi yardımların göstərilməsidir. Keçirildiyi şəhər və rayonlarda, kənd və qəsəbələrdə sakinlər arasında maarifləndirmə işləri aparılır. Bu zaman qeydiyyatın üstünlükləri barədə məlumat verilir, çıxarışı olan əmlakın hüquqi-iqtisadi faydası izah olunur.
Qeyd edək ki, ümumilikdə 60-dan çox “Kütləvi çıxarış” kampaniyası keçirilib. Cari il ərzində isə bu rəqəm 19-dur. Bütövlükdə baş tutan bu sosial tədbirin 12-si paytaxtda, 52-i isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutub. Start verildiyi gündən indiyədək 11 mindən çox vətəndaş kampaniyadan faydalana bilib. Eyni zamanda, ahıl, fiziki məhdudiyyətli insanlar üçün belə xidmətlər birbaşa onların evlərində göstərilib.
Azərbaycanın, xüsusilə də paytaxt Bakının daşınmaz əmlak bazarında çoxmərtəbəli binalardakı mənzillərin payı sürətlə artmaqda, belə mənzillərin sakinlərinin sayı çoxalmaqdadır. Buna görə də həmin mənzillərin dövlət qeydiyyatı və çıxarışla təmin olunması xüsusi əhəmiyyət daşıyır. Bütün bunları nəzərə alaraq komitə tərəfindən istifadəyə verilmiş elektron xidmətlər mühüm əhəmiyyət daşıyır. Belə ki, yeni tətbiq edilən elektron xidmətdən istifadə etməklə vətəndaş mənzil almadan öncə çıxarışın olub olmadığını əvvəlcədən öyrənə bilir. Bu elektron xidmət vətəndaşa mənzillərin bazar qiymətini də elektron xidmətdən istifadə etməklə öyrənməsini təmin edir. “Əmlak kalkulyator”-dan istifadə etməklə vətəndaş qeydiyyat üçün sərf olunacaq məbləği də əvvəlcədən hesablaya bilir. Vətəndaş qabaqcadan qeydiyyat xidmətindən istifadə etməklə isə əmlakın tikintisinin hələ başa çatmadığı halda, müvafiq sənədlər əsasında həmin tikilini qeydiyyata aldıra bilər. Bu isə mənzilin bir neçə şəxsə satılmasının qarşısının alınması üçün vacib mexanizmdir.
Komitə tərəfindən istifadəyə verilən elektron xidmətlərin əsas məqsədi vətəndaşların daha cəld və minimum vaxt itkisi olmaqla xidmətlərdən istifadələrini təmin etməkdir. Qeyd olunan elektron xidmətlərdən istifadə etmək üçün komitənin elektron hökümət portalına (https://www.e-emdk.gov.az/) keçid etmək kifayətdir.