Komitə sədri: “Daşınmaz əmlakla bağlı elektron xidmətlər şəffaflığın və vətəndaş məmnunluğunun təminatıdır”

Komitə sədri çıxışında bildirib ki, ötən 6 ay ərzində daşınmaz əmlak idarəçiliyi, əmlakın qeydiyyatı, özəlləşdirmə və hərraclarlarla bağlı fəaliyyət sahələri üzrə elektron xidmətlərin sayı artırılaraq 22-yə çatdırılıb. Eyni zamanda xidmətlərin keyfiyyəti yüksəldilib və maksimum operativliyin təmin olunması üçün tədbirlər həyata keçirilib. 2014-cü ildə 7 yeni elektron xidmət təsdiq edilib, onların tətbiqi istiqamətində işlərə başlanılıb. Bunlar dövlət əmlakının icarəyə verilməsi üzrə icarə haqqı borcu barədə məlumatın verilməsi, daşınmaz əmlakla bağlı servitutun, uzufruktun dövlət qeydiyyatı və onun ləğvi, məhv olmuş daşınmaz əmlakın dövlət qeydiyyatının ləğvi və daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi ilə bağlıdır. Hazırda vətəndaşların istifadəsində olan 22 e-xidmətdən 2-si informativ və 20-si interaktivdir. Ümumilikdə, indiyədək elektron xidmətlər vasitəsilə komitənin qurumlarına 62000-ə yaxın elektron müraciət daxil olub.

Komitə sədri bu ilin mühüm uğurları kimi daşınmaz əmlakın qeydiyyatında onlayn xidmətlərin tətbiqini, qeydiyyat xidmətlərinin vətəndaşların ünvanına çatdırılması ilə bağlı mobil ofislərin təşkilini və Ünvan Reyestri İnformasiya Sisteminin tətbiqini xüsusilə vurğulayıb. O, bildirib ki, qeyd olunan uğurlar mükəmməl elektron əmlak idarəçiliyinin bərqərar olması, “Elektron hökumət”in sürətlə formalaşması ilə vətəndaş məmnunluğunun yüksəldilməsinə yönəlib.

Qeyd edək ki, komitə tərəfindən 2014-cü ildən etibarən daşınmaz əmlaka dair yüklülük arayışlarının (Forma-1) notariuslara real vaxt rejimində - onlayn verilməsi həyata keçirilir. Arayışların “onlayn” rejimdə verilməsi məmur-vətəndaş ünsiyyətinin aradan qalxmasına, vaxta böyük qənaət olunmasına səbəb olub. Eyni zamanda, komitə tərəfindən digər yeni onlayn xidmət istifadəyə verilib. Bu daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların internet vasitəsilə verilməsi ilə bağlıdır. Belə ki, bu xidmət sayəsində mülkiyyətçilər heç bir yerə getmədən internet vasitəsilə rahat və çevik şəkildə sahibi olduğu daşınmaz əmlak barədə dövlət reyestrində qeydiyyata alınmış məlumatlarla tanış olacaq. Bu xidmətin istifadəyə verilməsi təkcə əhali üçün deyil, dövlət qurumları, fiziki və hüquqi şəxslər, banklar, və digər daşınmaz əmlak sahibləri üçün də xüsusilə faydalıdır. İndiyədək onlayn xidmətlər vasitəsilə 48 mindən çox müraciət daxil olub.

 Qısa müddətdə mobil ofislər vasitəsilə 3000-ə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib

 Komitə sədri bildirib ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşlara göstərilən xidmətlərdə rahatlığın artırılması və sosial amillərin gücləndirilməsi məqsədilə mobil ofis xidmətləri təşkil edilib. Bu məqsədlə müasir avadanlıqlarla təchiz olunmuş xüsusi nəqliyyat vasitələri də alınıb. Mobil ofislər vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər xüsusi sosial təbəqədən olan insanların (əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, müxtəlif səbəblərdən hərəkət çətinliyi olan vətəndaşlar) ünvanına çatdırılır. Məlumat verildiyi kimi, komitə tərəfindən ünvanlarda qeydiyyat xidmətlərinin göstərilməsi daxil olan müraciətlər əsasında aprel ayının 4-də ilk olaraq Sumqayıt şəhərində həyata keçirilib. Daxil olan müraciətlər əsasında indiyədək Bakı və regionlarda mobil ofislər vasitəsilə 3000-ə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib.

 Komitənin İKT strategiyası hazırlanıb

 Komitə sədri çıxışında qeyd edib ki, komitədə fəaliyyətin müasirləşdirilməsi məqsədilə kompleks İKT tədbirləri həyata keçirilir və beynəlxalq məsləhətçilərlə birgə komitənin uzunmüddətli İKT strategiyası hazırlanıb. Bakı şəhərində qabaqcıl texnologiyalarla təchiz ediləcək Daşınmaz Əmlak Məlumat İdarəetmə Mərkəzi tikilir. Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması ilə əlaqədar rəqəmsal məkan məlumatları bazasının yaradılması, mövcud qeydiyyat və kadastr məlumatlarının elektronlaşdırılması,  bazaya transfer edilməsi və istifadəyə verilməsi sahəsində zəruri tədbirlər görülüb.

 Beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir

 Ötən dövr ərzində komitə beynəlxalq əməkdaşlıq sahəsində Dünya Bankı, BMT-nin Avropa İqtisadi Komissiyası, Almaniyanın KfW Bankı, İsveçrənin İqtisadi Əməıkdaşlıq Katibliyi (SEKO), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Norveç Kadastr Təşkilatı, “Eurogeografics” təşkilatları ilə müxtəlif layihələrlə əməkdaşlığı davam etdirib. Bu ilin may ayında komitə sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrə şəhərində BMT Avropa İqtisadi Komissiyasının Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarə Edilməsi Komitəsinin iclasında, BMT-yə üzv dövlətlərin əmlak idarəçiliyi nazirlərinin görüşündə və Geoməkan Dünya Forumunda, habelə forum çərçivəsində təşkil edilmiş “İntellektual şəhərlər üçün daşınmaz əmlak informasiya sistemləri” beynəlxalq konfransında iştirak edib.

Dünya Bankının dəstəyi ilə “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin” icrası uğurla davam etdirilir. Layihə çərçivəsində daşınmaz əmlakın qeydiyyatı sisteminin müasirləşdirilməsi həyata keçirilir, şəffaflığın artırılması məqsədilə qeydiyyat və kadastr sahəsində hüquqi maarifləndirmə və ictimai agahlıq tədbirləri təşkil edilir.

 Şəffaflıq, ictimai maarifləndirmə və vətəndaşların qəbulu daim diqqətdə saxlanılır

  2014-cü ilin iyun ayında Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsinin müasir texnologiyalar əsasında dizayn və keyfiyyət baxımından təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib.

“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı tədbirlər görülüb. Komitə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na uyğun olaraq insan hüquqlarının və azadlıqlarının səmərəli təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirib.

 “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində Lənkəran, Mingəçevir, Şamaxı və Şirvan şəhərlərində hüquqi maairfləndirmə seminarları təşkil olunub. Həyata keçirilən belə ictimai agahlıq tədbirləri 2014-cü ilin sonunadək davam etdiriləcəkdir.

Ötən yarım il ərzində dövlət qulluqçularının etik davranış qaydalarına riayət olunması işi nəzarətdə saxlanılıb. Komitədə çalışan dövlət qulluqçuları üçün etik davranış qaydaları mövzusunda seminarlar keçirilib.

Vətəndaşların qəbulu və müraciətlərinin təmin olunması komitə tərəfindən daim diqqətdə saxlanılır. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən yanvar-iyun aylarında regionlarda keçirilmiş 6 vətəndaş qəbulunda 200-ə yaxın vətəndaşın müraciətinə baxılıb. Vətəndaşların müraciət və sorğularının operativ cavablandırılması, şəffaflığın təmin edilməsi məqsədi ilə fəaliyyət göstərən 193 nömrəli qaynar xəttinə 6 ay ərzində 350 müraciət daxil olub. Müraciətlərin qanunvericiliyə uyğun olaraq cavablandırılması təmin edilib.

 370-ə yaxın kiçik dövlət müəssisə və obyekti, 270-dən çox obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib

 Müşavirədə komitənin struktur bölmə və qurum rəhbərləri komitənin fəaliyyət sahələri üzrə 2014-cü ilin birinci yarımilliyi ərzində göstəricilərilə bağlı çıxışlar ediblər. Bildirilib ki, cari ilin 6 ayı ərzində 370-ə yaxın kiçik dövlət müəssisə və obyekti,  qeyri-yaşayış sahəsi və yarımçıq tikililər özəlləşdirilib. Ötən dövr ərzində 260-a yaxın qeyri-yaşayış sahəsi və 200-dən çox torpaq sahəsi icarəyə verilib. 2014-cü ilin ilk yarımilində 270-dən çox obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.

Səhmlərin özəlləşdirilməsi üzrə keçirilmiş 25 pul hərracında 17 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. 4 dövlət müəssisəsi investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilib. İnvestisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilmiş müəssisələrə müqavilələr üzrə bu il 1 mln. manata yaxın investisiya qoyulub.

Cari ildə komitənin sərəncamında olan 59 dövlət müəssisəsindən 55-i və 256 dövlətə məxsus səhmləri olan səhmdar cəmiyyətlərindən 164-ü illik balans hesabatlarını təqdim ediblər. 5570-dən çox dövlət müəssisə və təşkilatından illik xüsusi hesabat forması qəbul olunub, o cümlədən bunlardan 2080-ə yaxını elektron xidmət vasitəsilə təqdim edilib. Dövlət əmlakından səmərəli istifadəyə nəzarət qaydasında 170-dən çox monitorinq keçirilib.

 6 ay ərzində 97700-ə yaxın daşınmaz əmlak qeydiyyata alınıb

 2014-cü ilin ötən dövründə 97700-ə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb (27500-dən çox ilkin qeydiyyat, 70200-ə yaxın təkrar qeydiyyat). 

2014-cü ilin yanvar-iyun ayları ərzində hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 73300-ə yaxın yüklülük (məhdudiyyət) arayışı (48 mindən çox onlayn üsulla), əhaliyə xidmətlə bağlı 9650-dən çox digər müxtəlif məzmunlu arayışlar verilib. 2014-cü ilin ilk 6 ayı ərzində 21000-dən çox ipoteka müqaviləsi qeydə alınıb. 84000-dən çox daşınmaz əmlaka dair texniki inventarlaşdırılma və çöl-ölçmə işləri aparılıb və texniki sənədlər tərtib edilib.

 2015-ci ildə Bakı şəhərinin tam rəqəmsal kadastr məlumat bazası hazır olacaq

 2014-cü ilin birinci yarım ili ərzində Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın vahid kadastrı və ünvan reyestri sahəsində işləri davam etdirib. Almaniyanın KfW Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi çərçivəsində mühüm addımlar atılıb. Hazırda Bakı şəhərinin 5 rayonunu (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Xəzər) tam əhatə edən 46,5 min hektar ərazidə daşınmaz əmlaklar haqqında mükəmməl elektron kadastr məlumat bazasının yaradılması işləri aparılır. Paralel olaraq respublikanın 53 şəhər və rayonu üzrə sadə modelli elektron kadastr məlumat bazasının yaradılması işləri yekunlaşmaq üzrədir. Eyni zamanda, Almaniya Hökumətinin maliyyə dəstəyi ilə Şəki və Gəncənin bütün ərazisini əhatə edən tam məzmunlu kadastr işlərinə başlanılıb.

Bakı şəhərinin Binəqədi, Qaradağ, Pirallahı, Nizami və Xətai rayonları üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi üzrə işlərin icrasına başlanmışdır. 2015-ci ildə Bakı şəhərinin tam rəqəmsal kadastr məlumat bazası hazır olacaqdır.

 Ünvan Reyestri İnformasiya Sisteminin tətbiqinə başlanılıb

 01 mart 2014-cü il tarixindən etibarən, Ünvan Reyestri İnformasiya Sisteminin Bakı şəhərinin Səbail, Yasamal, Binəqədi, Xətai, Nərimanov, Nizami rayonları üzrə 60 küçədə ilkin mərhələdə tətbiqinə başlanılıb. Bu məqsədlə dövlət orqanlarının malik olduqları informasiya sistemləri Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya edilir. Mərhələlərlə yeni ünvan sisteminin tətbiq edilməsi və istifadəçilərə çatdırılması təmin olunacaqdır.

Ölkənin şəhər və rayonları üzrə  daşınmaz əmlak obyektlərinə ünvanların yeni qaydalar əsasında verilməsi işləri davam etdirilib. Bu işlər Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"na uyğun olaraq aparılıb.

Ümumilikdə cari ilin iyul ayınadək Bakı şəhəri üzrə 1325 küçə və prospektlərdəki obyektlərin  giriş ünvanı və 128 küçə və prospektdəki obyektlərin daxili ünvanı, Sumqayıt şəhəri üzrə 70 küçə və prospektlərdəki obyektlərin giriş ünvanı və 69 küçə və prospektdəki obyektlərin daxili ünvanı, Gəncə şəhəri üzrə 684 küçə və prospektlərdəki obyektlərin giriş ünvanı təyin edilib.

Ötən dövr ərzində ünvan lövhələrinin istehsalı və quraşdırılması işi davam etdirilib. Bakı şəhərinin 151 küçə və prospektində (5281 ədəd bina ünvan lövhəsi və 24933 ədəd giriş lövhəsi) daşınmaz əmlak obyektlərinə giriş və bina ünvan lövhələri quraşdırılıb. Bakı şəhəri üzrə park informasiya lövhələrinin və küçə istiqamət nişanlarının quraşdırılması işlərinə başlanılıb. Bakı şəhəri üzrə 15 ədəd küçə istiqamət nişanı quraşdırılıb.

 Qarşıda duran vəzifələrlə bağlı tapşırıqlar verilib

 Komitə sədri müşavirənin sonunda qarşıda duran vəzifələrin icrası ilə bağlı tapşırıqlarını verib. Tapşırıqlar əsasən komitənin bütün struktur bölmə və qurumlarında müasir iş metodlarının tətbiqi, şəffaflığın və səmərəliliyin artırılması, elektron və onlayn xidmətlərin, qeydiyyat xidmətləri ilə bağlı mobil ofislərin sürətlə genişləndirilməsi barədə olub. Həmçinin, normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində qanunvericilik layihələrinin hazırlanması, İKT tədbirlərinin gücləndirilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tapşırıqlar verilib.

Komitə sədrinin 2014-cü ilin “Sənaye ili” elan olunması ilə əlaqədar komitənin səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsi, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və icarəsində müasir metodların və güclü nəzarət mexanizminin tətbiqi istiqamətində ciddi tapşırıqları olub. Eyni zamanda, daşınmaz əmlakın qeydiyyatı zamanı xidməti davranış qaydalarına maksimum riayət olunması, özəlləşdirmə ilə əlaqədar hərracların müasir əsaslarla təkmilləşdirilməsi, elektron kadastr məlumat sistemi və ünvan reyestri sisteminin qurulması ilə bağlı müvafiq tapşırıqlar verilib. Komitə sədri dövlətə məxsus torpaq sahələrinin əsassız istifadə, zəbtolma, təyinatının dəyişdirilməsi, qanunsuz tikintilərin aparılması hallarının qarşısının alınması, regionlarda dövlət torpaqlarının özəlləşdirilməsi prosesinin təşviqi və sürətləndirilməsi, daşınmaz əmlaklar barədə idarəetmə, qeydiyyat və kadastr məlumatlarının vahid məlumat bazasında birləşdirilməsi istiqamətində tapşırıqlarını rəhbər və məsul şəxslərin diqqətinə çatdırıb.