Budəfəki hərracda elektron sifarişlər üstünlük təşkil edib
Bugünkü keçirilən hərracda ümumilikdə 15 əmlak özəlləşdirilib. Rəqabətli keçən hərracda özəlləşdirilən əmlaklardan 1-i səhmdar cəmiyyət, 14-ü isə istifadəsiz qeyri-yaşayış sahəsidir. Özəlləşdirilən istifadəsiz olan daşınmaz dövlət əmlaklarının hamısı Bakıda yerləşir.
Elektron sifariş verilərək hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Nərimanov rayonunda yerləşir. Qeyd olunan qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 68 kv.m-dir. Əmlak hərracın gedişatı zamanı rəqabətli şəraitdə ilkin satış qiyməti 20 min manatdan yüksələrək 38 min 700 manata özəlləşdirilib. Rəqabətli formada özəlləşdirilən digər əmlak isə paytaxtın Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Ümumi faydalı sahəsi 113.4 kv.m olan qeyri-yaşayış sahəsi rəqabətli keçən hərrac prosesində ilkin satış qiyməti 12 min 500 manatdan yüksələrək 20 min 200 manata öz sahibini tapıb. Elektron hərrac xidməti vətəndaşa həm vaxtına qənaət etmə imkanı yaradır, həm də operativ olaraq xidmətdən istifadəni təmin edir.
Ən aşağı qiymətə özəlləşdirilən əmlak isə paytaxtın Yasamal rayonundakı qeyri-yaşayış sahəsi olub. Əmlak 3 min manata özəlləşdirilərək sahibini tapıb.
Bu dəfəki hərracda 1 səhmdar cəmiyyəti də özəlləşdirilib. Özəlləşdirilən səhmdar cəmiyyəti Ağsu rayonunda yerləşən “Ağsu Sənaye İnşaat” olub.
Hərracların açıq, şəffaf keçirilməsi və bu sahədə elektron üsulların tətbiqi özəlləşdirmə prosesinin sürətlənməsi, iqtisadiyyata investisiyalar cəlb edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Özəlləşdirilən müəssisələrə investorlar tərəfindən sərmayə yatırılaraq onların fəaliyyəti genişləndirilir. Özəlləşdirilən əmlaklar sonradan sahibləri üçün qazanc mənbəyinə çevrilə bilir. Bu isə qeyri-neft sektorunun inkişafına, investisiya mühitinin sağlamlaşdırılmasına, ölkəyə gələn valyutanın həcminin artmasına gətirib çıxarır. Eyni zamanda özəlləşdirilən əmlakların paytaxtla yanaşı regionlarda yerləşməsi də bölgələrdə yeni iş yerlərinin açılmasına şərait yaradır.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.