Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın mükəmməl rəqəmsal kadastr məlumatları Bakının Baş Planının hazırlanmasında əsas baza rolunu oynayır: məlumatların inteqrasiyasına start verildi
Əmlak Məsələləri Dövlət Komitəsinin hazırladığı Bakı şəhərinin mükəmməl elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri paytaxtın Baş Planının yaradılmasında əsas mənbə kimi istifadə olunacaq. Qeyd edilməlidir ki, Bakı şəhərinin elektron kadastr məlumatları əmlaklarla, torpaqlarla bağlı dəqiq və müfəssəl göstəriciləri özündə cəmləşdirdiyindən Baş Planın hazırlanmasında mühüm baza rolunu oynayacaq. Qabaqcıl dünya təcrübəsinə istinad edən beynəlxalq və yerli ekspertlər işlərin müvəffəqiyyətli icrasını təmin etmək məqsədi ilə hazırlanacaq Baş Planın mövcud rəqəmsal kadastr xəritələri üzərindən qurulmasını məqsədəuyğun hesab edirlər. Odur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin kadastr məlumatlarının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasına inteqrasiyasına start verildi. Bununla bağlı iyulun 12-də hər iki qurumun, Baş Planın hazırlanmasında iştirak edən şirkətin, eləcə də media nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbir ötən ildə iki qurum arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində reallaşıb.
Tədbirdə Bakı şəhərinin Baş Planın hazırlanması və elektron kadastr məlumat bazası barədə təqdimatlar olub.
Azərbaycanda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müasir dünya təcrübələrinə əsaslanan elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri formalaşdırılır. Kadastr sahəsində qabaqcıl dünya təcrübəsi öyrənilir, müxtəlif beynəlxalq layihələr həyata keçirilir, ölkəmizin kadastr sisteminə ən müasir texnika və texnologiyalar gətirilir.
Bakı şəhəri də ölkəmizdə mükəmməl elektron kadastr məlumat bazasına, rəqəmsal kadastr xəritələrinə sahib olan ilk şəhərlərdəndir. Bakının Baş Planının hazırlanmasında əsas istinad edilən bu bazada hər bir torpaq parseli, onların üzərindəki tikilinin ünvanı, mərtəbəliliyi, qaz, işıq, su ilə təminat vəziyyəti, tikintialtı sahəsi, perimetri, koordinatları, tikinti materialları barədə müfəssəl məlumatlar toplanıb. Bu bazada torpaq, yaşayış binaları, istehsalat obyektləri, qeyri-yaşayış sahələri, o cümlədən yerüstü mühəndis-kommunikasiya xətləri, təhsil, səhiyyə, məişət obyektləri barədə müfəssəl məlumatlar öz əksini tapır. Həmçinin mühafizə zonaları, torpağın yerləşmə vəziyyətini göstərən koordinatlar, təyinatlar yerləşib. Kadastr məlumat bazasında sosial təyinatlı obyektlərin yerləşməsinə dair məlumatların mövcudluğu onların xidmət radiuslarının təhlilinə, zəruri əlavə layihələndirmə işlərinin lazımlılıq dərəcəsinin müəyyənləşdirilməsinə dəstək olacaqdır.
Layihənin hazırlanmasında iştirak edən şirkətin nümayəndəsinin sözlərinə görə elektron kadastr məlumat bazası Baş Planın hazırlanmasında mühüm əhəmiyyətə malikdir.
Bu inteqrasiya Bakının Baş Planının hazırlanması prosesini daha da sürətləndirəcək, daşınmaz əmlak idarəçiliyi, inkişaf planlaşdırılması və şəhər təsərrüfatının səmərəli, rasional, operativ idarəedilməsi baxımından əsas rol oynayacaqdır. Həmçinin məlumatların inteqrasiya olunması xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması, şəhərsalmanın planlaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Belə məlumatların əldə olunması görülən işlərin effektivliyini artırır.
Qeyd edilməlidir ki, kadastr uçotunun aparılması ilə Bakının dəqiq torpaq balansına nail olunur, istifadədə olan torpaqlardakı mövcud uyğunsuzluqlar aradan qaldırılır, torpaq üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatı prosesi sürətlənir, o cümlədən rayon ərazisindəki torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsi, onların münbitliyinin qorunması, torpaqların mühafizəsi sahəsində geniş imkanlar yaranır.
Gələcəkdə qarşılıqlı əməkdaşlıq nəticəsində belə tədbirlər davamlı olacaq.