Hərracda seçim geniş, iştirak isə sadədir: bu dəfə 68 dövlət əmlakı özəlləşməyə çıxarıldı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclara çıxarılan dövlət əmlaklarının müxtəlifliyi vətəndaşlara geniş seçim imkanları vəd edir. Özəlləşdirmə prosesində elektronlaşma hər kəsin hərraca rahat şəkildə qoşulmasına şərait yaradır. Şəffaflıq və səmərəlilik prinsiplərinin təminatı ilə ictimaiyyətə tam açıq olan hərraclarda həm sifarişçilərin, həm də adi şəxslərin iştirakına şərait yaradılıb.
Komitə tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 06 avqust tarixində keçiriləcək. İştirak etmək istəyənlər budəfəki hərracda 68 dövlət əmlakı üzrə seçim edə biləcək. Onlardan 36-sı kiçik dövlət müəssisəsi, 10-u qeyri-yaşayış sahəsi, 22-si isə səhmdar cəmiyyətidir.
Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri Ağdaş, Zərdab, İsmayıllı və digər regionlarda yerləşir. 30%-45%-lik səhm paketləri hərraca çıxarılan səhmdar cəmiyyətləri nəqliyyat, kənd təsərrüfatı, tikinti və digər sahələr üzrə fəaliyyət göstərir. Onlara “İsmayıllı Təmir Tikinti”, “Salyan Aqrotexservis”, “Cəlilabad Məişət” kimi səhmdar cəmiyyətləri aiddir.
Kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 4 kv.m ilə 2095 kv.m arasındadır. Ticarət və xidmət obyektləri, mehmanxana, sanatoriya və digər dövlət əmlaklarının investorlar üçün gəlirli fəaliyyət imkanları var. Ən yüksək ümumi faydalı sahəsi olan dövlət obyekti Şəmkir rayonu, Keçili kəndində yerləşir. Zavod filialı olan bu obyekt 27 min kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb.
Qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 24.3 kv.m ilə 213.7 kv.m arasındadır. Bu dövlət əmlaklarından 4-ü paytaxtda, digərləri isə Sabirabad, Daşkəsən, Sumqayıt kimi şəhər və rayonlarda yerləşir. Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 54.4 kv.m-dir. Xidmət obyekti və ya ofis kimi istifadəyə uyğun olan dövlət əmlakının ilkin hərrac qiyməti 6 min 300 manatdır.
Sadə prosedurlar ilə hərraclara qoşulmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir. Burada hər bir dövlət əmlakı haqqında ətraflı məlumat və sifariş linki mövcuddur. Potensial investor linkə daxil olaraq seçdiyi dövlət əmlakını sifariş verib, hərracında iştirak statusu qazana bilər. Hərrac günü hər kəsin məkana gəlmədən onlayn formada özəlləşdirmədə iştirak imkanı təmin edilib.