2018-ci ilin ilk hərracı elan edilib
Hərraca çıxarılan 60 kiçik dövlət müəssisə və obyektlərinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Belə ki, tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakının Sabunçu, Qaradağ rayonları, Sumqayıt şəhəri, habelə, Tovuz, Xızı, Cəlilabad, İmişli, Qax, Oğuz, Göyçay, Lerik və Astara rayonlarında yerləşir.
Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiyməti 444 min 500 manata olan Sumqayıtda yerləşən “Bolluq” bazasıdır. Qeyd olunan daşınmaz əmlakın ümumi faydalı sahəsi 1445.3 kv.m, özəlləşdirilən torpaq sahəsi isə 13063 kv.m.-dir. Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 400 min manata Suraxanı rayonunda yerləşən 42 saylı mağaza, 216 min manata Bakı şəhəri Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaq, 210 min manata Oğuz rayonunda Tütün anbarı da var. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan qeyri-yaşayış sahələri əsasən paytaxtın Nəsimi, Nərimanov, Nizami, Xətai rayonlarında yerləşir.
Bu dəfəki hərracda 18 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Göstərilən linkə ( https://goo.gl/XfCc66) daxil olmaqla bu tarixdə hərraca çıxarılan səhmdar cəmiyyətlərin ünvanları, satışa çıxarılan səhmlərin nominal dəyəri, nizamnamə kapitalının həcmi, satışa çıxarılan səhmlərin ilkin hərrac qiymətləri ilə daha yaxından tanış olmaq olar. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri sənaye, kəndkimya, nəqliyyat, inşaat, təmir və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Bərdə Kəndkimya”, “Beyləqan Buzxana”, “Salyan Kəndkimya”, “Tərtər Nəqliyyat”, “Lənkəran Mebel” kimi səhmdar cəmiyyətlər var. Bu səhmdar cəmiyyətlərinin hərraca çıxarılmış bir səhminin nominal dəyəri müəssisədən asılı olaraq 0.5 manatdan 2 manata qədərdir.
Hərraclar hazırda daha rahat və açıq şəraitdə keçirilir. İstənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir. Hərrac günü həmçinin onlayn olaraq hərracın gedişatını da izləmək mümkündür. Hərracların təşkili zamanı elektron xidmətlərin tətbiqi investorlar və vətəndaşlar tərəfindən prosesə marağı daha da artırır. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.