BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ekspert missiyası Əmlak Məsələləri Dövlət Komitəsində
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ekspert missiyası ölkəmizdə keçirilən görüşlər çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsində də olublar. Tədbir “Torpaqların Konsolidasıyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasıyası üzrə Pilot Layihənin hazırlanmasına dəstək” layihəsi çərçivəsində baş tutub.
Görüşün məqsədi torpaqlar haqqında qanunu, hazırlanmış strategiyanı, o cümlədən torpaqların konsolidasıyası üzrə dövlət proqramını müzakirə etməkdir. Həmçinin bu sahədə tətbiq edilən mexanizmlər, müasir dövrün tələblərinə uyğun istifadə olunan yeniliklər barədə məlumatlanmaqdır.
Tədbirdə təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətdən, iqtisadi islahatlardan bəhs edilib. Qeyd olunub ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən son dövrlər yeni layihələr həyata keçirilir, beynəlxalq əməkdaşlıq əlaqələrində, daşınmaz əmlak idarəçiliyi sahəsində yüksək nailiyyətlər əldə edilir. Bildirilib ki, ölkəmizdə gerçəkləşən iqtisadi islahatlar nəticəsində bir sıra sahələrdə olduğu kimi daşınmaz əmlakın kadastrı və ünvan reyestrinin aparılması genişmiqyaslı işlər aparılır.
Ölkəmizdə yaradılan Torpaqların Elektron Kadastr Uçotu İnformasiya sistemi barədə məlumat verilib. Bildirilib ki, sistemin hazırlanması ilə bağlı müasir coğrafi informasiya sistemləri və informasiya-kommunikasiya texnologiyaları tətbiq edilir. Belə işlərin icrası məqsədilə bir çox ölkələrin qabaqcıl təcrübələri öyrənilib. Sistemdə torpaqların dəqiq sərhədləri, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları və digər məlumatlar əksini tapır.
Bundan başqa Əmlak Məsələləri Dövlət Komitəsi torpaqlardan səmərəli istifadəyə nəzarət məqsədilə reydlər və monitorinqlər aparır. Bu nəzarət tədbirlərinin əsas vəzifəsi torpaq ehtiyatlarından səmərəli, məqsədli və qənaətli istifadə, xüsusilə də kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsinin bərpasıdır.
Adı çəkilən layihənin Baş texniki əməkdaşı cənab Morten Hartvigsen qəbula görə minnətdarlığını ifadə edib və ölkəmizdə həyata keçirilən quruculuq işləri və inkişaf templərinin onda xoş təəssürat yaratdığını vurğulayıb. Bildirib ki, qarşılıqlı əməkdaşlıq sayəsində daşınmaz əmlakın kadastrı, torpaqların dövlət idarəedilməsi sahəsində daha yüksək nəticələr əldə ediləcək.
Sonda xatirə şəkili çəkilib.