“Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar” mövzusunda beynəlxalq konfrans keçirilib
Konfransın məqsədi daşınmaz əmlak idarəçiliyi və özəlləşdirmə, o cümlədən ölkəmizdə daşınmaz əmlak bazarının formalaşdırılması sahəsində xarici ölkələrin aidiyyəti dövlət, qeyri-hökumət və özəl qurumları ilə əlaqələrin qurulmasıdır. Eyni zamanda beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın inkişafı, habelə bu sahələrdə birgə fəaliyyət imkanları və beynəlxalq təcrübə haqqında geniş müzakirələrin aparılması da əsas vəzifələrdəndir. Həmçinin ölkəmizdəki özəlləşmə imkanlarının və perspektivlərinin nümayişi, yerli və xarici investror kütləsinin özəlləşmə prosesinə cəlb edilməsi də tədbirin məqsədlərindəndir.
Tədbiri giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov bildirib ki, Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi siyasət hazırda Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə aparılan iqtisadi islahatlar son nəticədə makroiqtisadi göstəricilərin habelə ölkə iqtisadiyyatına daxil olan xarici investisiyaların artmasına səbəb olmuşdur. Bu məqsədlə genişmiqyaslı islahatlar həyata keçirilir. Nəticədə investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması təmin edilmişdir.
Həyata keçirilən iqtisadi islahatlar fonunda daşınmaz əmlak idarəçiliyi və özəlləşdirilmə sahəsində də mühüm tədbirlər reallaşdırılmaqdadır. Qeyd edilmişdir ki, ölkə iqtisadiyyatının hazırki inkişaf səviyyəsinə çatmasında özəlləşdirmənin də rolu az olmamış, minlərlə dövlət müəssisəsi, on minlərlə kiçik dövlət müəssisə və obyekti uğurlu özəlləşdirmə nəticəsində sahibkarların mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanına əsasən özəlləşmə prosesinin müasir yanaşmalar əsasında həyata keçirilməsi, əmlak idarəçiliyində modern üsulların tətbiqi, bu sahədə şəffaflığın maksimum artırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Nəticədə bu sahədə iqtisadi fəallıq güclənmiş, biznes mühiti daha da yaxşılaşdırılmışdır. Azərbaycan əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində aparılan islahatların nəticəsində “Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmizin mövqeyi ötən ilə nisbətən 2 pillə yaxşılaşaraq 37-ci yerdən 35-ci sıraya yüksəlmişdir. Azərbaycan “Doing Business 2018” hesabatında əmlakın qeydiyyatının sadəliyinə görə ötən illə müqayisədə daha bir pillə irəliləyərək 21-ci yerdə qərarlaşıb.
Modern idarəetmə standartlarının, innovativ yanaşmaların tətbiq edildiyi özəlləşmə sahəsində də proses modernləşdirilir, elektron müstəviyə keçid daha da genişləndirilir. Bu baxımdan daşınmaz əmlak və torpaq idarəçiliyini, özəlləşdirmə proseslərini əhatə edən 36 elektron xidmət əhalinin istifadəsinə verilmişdir.
Hazırkı mərhələdə özəlləşdirilən dövlət əmlakı müstəqil qiymətləndiricilər və məsləhətçilər cəlb olunmaqla bazar prinsipləri əsasında qiymətləndirilir, açıq hərraclar və investisiya müsabiqələri vasitəsi ilə özəlləşməyə çıxarılır.
Özəlləşdirilmə prosesində şəffaflığın daha da artırılması, potensial yerli və xarici investorlar üçün optimallığın və informasiya təminatının genişləndirilməsi məqsədilə “Özəlləşdirmə portalı” fəaliyyət göstərir.
Portal vasitəsilə özəlləşməyə çıxarılan dövlət əmlakı barədə bütün iqtisadi və maliyyə göstəricilərini özündə ehtiva edən geniş spektrlı məlumatlar təqdim olunur. Portala baxış sayı artıq 1 milyonu ötmüşdür. Ictimaiyyətin, media nümayəndələrinin sərbəst iştirakı ilə müasir yanaşmalar əsasında 60-a yaxın hərrac keçirilmişdir. Bu hərraclarda 1400-dən artıq dövlət əmlakı özəlləşməyə çıxarılmışdır.
Bildirilib ki, Azərbaycanda hazırda iri müəssisələrin özəlləşdirilməsi nəzərdə tutulur. Belə müəssisələrin özəlləşdirilməsinə xarici investorların cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Maşınqayırma metallurgiya, dəzgahqayırma, cihazqayırma, kimya, yeyinti məhsulları, kənd təsərrüfatı, yüngül sənaye, səhiyyə, mədəniyyət, idman və turizm sektorlarında özəlləşdirmə sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Onlar üçün ən əlverişli investisiya mühitinin yaradılması baxımından, özəlləşdirilən müəssisələrin dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına olan borclarının silinməsi və digər imtiyazlar müzakirə edilir.
Özəlləşdirmə sahəsində innovativ yenilik, xüsusi model olan Elektron hərrac istifadəyə verilib. Artıq özəlləşmə ilə bağlı hərraclarda iştirakçı statusu əldə etmək və prosesdə əmlaka sahib olmaq prosedurları onlayn rejimdə və elektron qaydada həyata keçirilir. Digər innovativ yeniliklərdən biri də hərrac prosesini internet resursları üzərindən canlı rejimdə izləmək imkanın yaradılmasıdır.
Daşınmaz əmlakın qeydiyyatı sahəsində də vətəndaşlara göstərilən ictimai xidmətlərdə əlçatanlıq artırılmış, xidmətlərdən istifadə məmnunluğu, şəffaflıq prinsipləri təmin olunmuşdur. Bu baxımdan qeydiyyata sərf olunan müddət azaldılmış və prosedurlar sadələşdirilmişdir. Həyata keçirilən tədbirlərin nəticəsi kimi elektron çıxarışın tətbiqini qeyd etmək olar.
Daşınmaz əmlakın qeydiyyatını optimallaşdıran “bir pəncərə”, “Əmlakın qeydiyyatı kalkulyatoru”, elektron, onlayn, SMS xidmətlər, “Qabaqcadan qeydiyyat”, əmlakın iqtisadi və hüquqi vəziyyəti barədə məlumatların elektron formada əldə edilməsi, mənzillərin bazar dəyərinin və çıxarışla təmin olunması mümkünlüyünün əvvəlcədən onlayn öyrənilməsi, Kütləvi çıxarış, mobil ofis xidmətləri kimi sosial və iqtisadi layihələr reallaşdırılıb. Ölkə başçısının müvafiq tapşırıqlarına əsasən Torpaq fondunun elmi əsaslarla idarə edilməsini şərtləndirən, habelə torpaqlar haqqında müfəssəl məlumatları özündə cəmləşdirən Torpaqların Elektron Kadastr Uçot İnformasiya Sistemi yaradılır. Artıq respublikanın 12 rayonu üzrə torpaqların elektron kadastr uçot işlərinin yekunlaşmışdır. Uçot Sistemin məlumatlarına əsasən bu regionların relyef, bələdiyyə xəritələri hazırlanmış, torpaqların keyfiyyət göstəriciləri əsasında bonitirovka və iqtisadi qiymətləndirilmə bazası yaradılmışdır. .
Tədbirdə çıxış edən Milli Məclisin komitə sədri Ziyad Səmədzadə qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi sahəsində uğurlu sosial-iqtisadi islahatlar həyata keçirilməkdədir. Bu islahatlar fonunda özəlləşmə prosesində də yeni yanaşmalar tətbiq edilir, əmlak idarəçiliyi müasir standartlar əsasında qurulur. Bu isə respublikanın əmlak sektoruna, o cümlədən özəlləşdirilmə prosesinə yatırılan xarici investisiyaların artmasına şərait yaradır.
Daha sonra Belarus Respublikası Dövlət Əmlak Komitəsinin sədri Andrey Qayev çıxış edərək konfransın əhəmiyyətinə toxunub. Bildirib ki, tədbir ölkələr arasında daşınmaz əmlakın və torpaq idarəçiliyi, özəlləşmə sahəsində təcrübə mübadiləsinin aparılması, tətbiq olunan yeniliklərin, innovativ layihələrin öyrənilməsi, bu sahədə əlaqələrin qurulması baxımından çox yaxşı vasitədir.
Tədbirdə ölkədə inşa edilən sosial evlərin də vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, habelə inşaat sektoruna müsbət təsir göstərəcəyi vurğulanıb. Qeyd edilib ki, sosial mənzillər inşaat sektorunu və tikinti materialları sənayesini investisiya baxımından daha da cəlbedici edir.
Dubay Daşınmaz Əmlak Departamentinin Daşınmaz Əmlak üzrə İnvestisiyaların İdarəedilməsi və Təşviqi Mərkəzinin baş direktoru Məcid Saqer Al-Marri isə çıxışında bildirib ki, konfrans daşınmaz əmlak sektorunda ixtisaslaşan şirkətlər, habelə dövlət və özəl qurumlar arasında qarşılıqlı əlaqələrin yaradılması, əmlak sektorunda müxtəlif investisiya layihələrində sərmayə iştirakının mümkünlüyünün genişləndirilməsi, peşəkar bilik və yanaşmaların artırılması üçün əlverişli platformadır.
Həmçinin konfrans çərçivəsində Azərbaycanda həyata keçirilən özəlləşmə prosesi barədə təqdimat olmuş, iqtisadiyyatın müxtəlif sahələrinə aid özəlləməyə çıxarılan müəssisələrin investisiya portfelləri, biznes perspektivləri, maliyyə və iqtisadi durumu nümayiş etdirilmişdir.
Tədbir əmlak sektorunda ixtisaslaşmış yerli və xarici şirkət nümayəndələrinin çıxış və təqdimatları ilə davam etdirilmişdir.
Belarus Respublikası Dövlət Əmlak Komitəsinin nümayəndə heyəti daşınmaz əmlakının idarəçilik prinsipi və özəlləşmə prosesi ilə tanış olacaq
Belarus Respublikası Dövlət Əmlak Komitəsinin sədri cənab Andrey Qayev və onun başçılıq etdiyi nümayəndə heyəti “Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək məqsədilə ölkəmizdə səfərdədir. Tədbir iştirakçıları 29 noyabr tarixində Fəxri xiyabana gələrək, Ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
30 noyabr tarixində isə nümayəndə heyətinin Əmlak Məsələri Dövlət Komitəsinin dövlət əmlakının idarəçiliyi və torpaq münasibətlərinin tənzimlənməsi sahəsindəki fəaliyyəti ilə yaxından tanış olmaları nəzərdə tutulur. Komitənin yanında fəaliyyət göstərən qurumlarında olacaq nümayəndə heyətinə həyata keçirilən xidmətlər və yeniliklər barəsində məlumat veriləcək.
Öncə nümayədə heyətinin Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində olması gözlənilir. Tədbir iştirakçılarına Mərkəzdən idarə edilən informasiya sistemləri haqqında məlumat veriləcək. Məlumatda dövlət əmlakının avtomatlaşdırılmış idarəedilməsi, daşınmaz əmlaklar və torpaqlar, milli qeydiyyat sistemi, daşınmaz əmlakın kadastrı və qeydiyyatı, ünvan reyestri kimi informasiya sistemlərinin fəaliyyət göstərməsi barədə informasiya yer alacaq. Nümayəndə heyətinə hərrac prosedurları, elektron hərracın funksiyaları, hərracları canlı izləmək imkanları nümayiş etdiriəcək.
Belarus Respublikası Dövlət Əmlak Komitəsinin sədri cənab Andrey Qayev və onun başçılıq etdiyi nümayəndə heyəti Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyində də olacaq. Torpaq münasibətlərinin tənzimlənməsində vahid dövlət idarəçiliyi, torpaq inzibatçılığı, torpaq bazarının təşkili ilə əlaqədar təcrübə mübadiləsi aparılacaq. Nümayəndə heyətinə Agentlik tətrəfindən görülən işlər barəsində məlumat veriləcək. Məlumatda Torpaqların Elektron Uçotu İnformasiya Sistemi yaradılması haqqında informasiya yer alacaq. Bu sistemin faydalarından, üstünlüklərindən bəhs olunacaq.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi ofislərində də olacaq qonaqlara daşınmaz əmlakın qeydiyyatı sahəsində tətbiq olunan innovativ layihələr, yeniliklər barəsində geniş məlumat veriləcək. Ərazi idarələrində qeydiyyat prosedurları əyani olaraq izləniləcək.