Hərracda 20 dövlət əmlakı özəlləşdirilib
Özəlləşdirilən kiçik dövlət müəssisələri Bakının Sabunçu, Qaradağ və Xəzər rayonlarında, Sumqayıt və Göygöl şəhərlərində və Cəlilabad rayonunda yerləşir. Hərracda sahibini tapan əmlaklar xidmət, səhiyyə, iaşə sahəsinə aid olub.
Xidmət sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi kimi Göygöl şəhərində yerləşən Təsərrüfat hesablı Göygöl Aqrar Sənaye Kombinatı qeyd etmək olar. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 340 kv.m-ə yaxın, torpaq sahəsi isə 23 min 300 kv.m-dən çoxdur. Qeyd edilməlidir ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.
Bundan başqa prosesdə özəlləşdirilən Mebel mağazası da xidmət sahəsində sahibi üçün qazanclı obyekt hesab olunur. Əmlak paytaxtın Xəzər rayonunda yerləşir.
Eyni zamanda Cəlilabad rayonunda yerləşən 5 saylı yanacaq doldurma məntəqəsi də xidmət sahəsində gəlirlidir.
Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır.
Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 7-i paytaxtda, 1-i isə Şirvan şəhərində yerləşir. Bakı şəhərində özəlləşdirilən qeyri-yaşayış obyektləri paytaxtın Nəsimi, Nərimanov, Suraxanı, Səbail, Xətai rayonlarında yerləşir.
Hərracda özəlləşdirilən əmlaklar sırasında daha az investisiya tələb edən əmlaklar da olub. Bunlardan biri paytaxtın Suraxanı rayonunda yerləşən sahəsi 17 kv.m-ə yaxın olan qeyri-yaşayış sahəsidir.
Proses zamanı səhmdar cəmiyyətlərin səhm paketləri də özəlləşdirilir. Səhmdar cəmiyyətlərin sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
Hərrac vasitəsilə özəlləşdirməyə çıxarılan dövlət əmlakına investisiya cəlb olunur, onların fəaliyyəti bərpa edilir. Müasir avadanlıqlarla təchiz olunan belə müəssisələr isə sonradan istehsalını artıraraq dövlətin iqtisadi göstəricilərinin artmasına öz töhfəsini verir. Belə ki, həmin müəssisələrdə istehsalın canlanması daxili tələbatımızın ödənilməsinə imkan verir. Eyni zamanda bununla xarici bazarlara çıxış imkanı artır. Xüsusilə bölgələrdə özəlləşdirilən müəssisələrin yenidən fəaliyyəti regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirir. Regionlarda yeni iş yeri açılmaqla insanların yaşayış səviyyəsində müsbət dinamika müşahidə edilir.
Qeyd edilməlidir ki, hərracların keçirilmə üsullarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmaların tətbiqi, prosedurların sadələşdirilməsi, şəffaflığın təmin olunması investorlarıda marağın artmasına şərait yaradıb. İnvestorların hərraclara internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları artıq öz nəticəsini verir. Hərracda qalib şəxslərdən bəziləri onlayn rejimdə qatılan sifarişçilər olur.
Hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir. Hərraca çıxarılmış hər bir səhmdar cəmiyyəti, müəssisə və obyektlər, eləcə də nəqliyyat vasitələrinin mövcud vəziyyətini göstərən foto və mətn məlumatları Özəlləşdirmə portalında (privatization.az) əks olunur. Hərraclar barədə həftəlik elanlar isə həm “Mülkiyyət” qəzetində dərc olunur, həm də komitənin rəsmi saytında və Özəlləşdirmə portalında yerləşdirilir.
Qeyd edilməlidir ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 5 dekabr tarixində keçiriləcəkdir.