Bu ildə daha 5 rayonda, ümumilikdə 35 rayonda torpaqların elektron kadastr uçotu işləri tam olaraq yekunlaşıb.
Ölkənin torpaq balansı dəqiqləşir, regionların hüdudları daxilində torpaqların sərhədləri müəyyənləşir, o cümlədən torpaqlardan təyinatı üzrə istifadənin vəziyyəti ilə bağlı məlumatlar daha rahat və dəqiq əldə edilir. Nəticədə vətəndaşlara məxsus torpaqların sahəsi bilinir, torpaq istifadəçiliyi ilə bağlı düzgün qərarlar qəbul edilir. Bütün bunlar Əmlak Məsələləri Dövlət Komitəsinin apardığı torpaqların elektron kadastr uçotu nəticəsində reallaşır.
Müasir yanaşmalara, elmi texniki nailiyyətlərin tətbiqinə əsaslanan kadastr işləri cari ildə də bir neçə rayonda yekunlaşıb. Belə ki, 2019-cu ilin birinci rübündə 5 rayonda torpaqların elektron kadastr uçotuna alınması işləri tamamlanıb. Ümumilikdə isə 35 rayonda uçot işlər başa çatıb. Başa çatan rayonlardan 26-da layihənin nəticələrinin həmin rayonların ictimaiyyəti üçün təqdimatları keçirilib. Həmçinin 15 rayonunun məlumatları sistemə tam miqrasiya edilib və praktiki istifadə üçün aidiyyəti orqanların istifadəsinə verilibdir.
Torpaqların elektron kadastr uçotu işləri zamanı kəmiyyət göstəriciləri ilə yanaşı keyfiyyət göstəriciləri də müəyyənləşir. 2019-ci ilin ilk rübündə 40 min hektardan artıq ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işləri aparılıbdır. Ümumilikdə isə 3 milyon hektara yaxın ərazidə çöl torpaq tədqiqatı işləri aparılıb və keyfiyyət göstəriciləri müəyyən edilib.
Torpaqların keyfiyyət göstəriciləri laboratoriya vasitəsilə müəyyənləşir. Cari il ərzində 2,5 milyon ha ərazinin torpaq nümunələri laboratoriya şəraitində analiz olunubdur.
Bununla yanaşı Bu günədək 455 bələdiyyə xəritəsi hazırlanaraq təsdiq edilməsi üçün həmin rayonların icra hakimiyyətlərinə təqdim olunmuş, bundan 308 bələdiyyənin xəritəsi müvafiq rayon icra hakimiyyətləri və bələdiyyələrlə razılaşdırımış və Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunmaq üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təhvil verilmiş, 6 bələdiyyə razılaşdırılaraq təsdiq olunmuş və şöbəyə təhvil verilmiş, 141 bələdiyyə isə müvafiq rayon–şəhər icra hakimiyyətləri və bələdiyyələrlə razılaşdırılma mərhələsindədir.
Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində 600 min hektardan çox ərazinin torpaq və şorlaşma xəritələri tərtib edilib.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu sahədə görülən işlər daha da intensivləşəcək.