«Doing Business 2018» hesabatında Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə daha bir pillə irəliləyib
«Doing Business 2018» hesabatına əsasən, Azərbaycanda əmlakın qeydiyyatı üçün cəmi 3 prosedurdan keçmək tələb olunur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olan ölkələr üzrə bu 4.6, Avropa və Mərkəzi Asiya regionunda isə 5.3 təşkil edir. Bu göstəriciyə görə, ölkəmiz ABŞ, Almaniya, Türkiyə, Finlandiya, İsveçrə, Hollandiya, Yaponiya və İspaniya kimi inkişaf etmiş ölkələrini qabaqlayır.
Digər tərəfdən «Doing Business 2018» hesabatına əsasən ölkəmizdə qeydiyyat müddəti cəmi 5.5 gün davam edir. Ötən illə müqayisədə isə qeydiyyat müddəti 3 gün azalıb. Müqayisə üçün bildirilməlidir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olan ölkələr üzrə bu müddət 22.3 gün, Avropa və Mərkəzi Asiya regionu üçün isə 20.4 gün təşkil edir. Başqa sözlə, Azərbaycanda əmlakın qeydiyyatı müddəti Avropa üzrə ümumi göstəricidən 4 dəfə daha sürətlidir. Qeyd edilməlidir ki, ötən il bu göstərici 3 dəfə olub.
Azərbaycan əmlakın qeydiyyatı zamanı tələb olunan xərclərin azlığına görə də, dünya və Avropa ölkələrinin əksəriyyətini qabaqlayır. Hesabata əsasən, Azərbaycanda əmlakın qeydiyyatı üçün tələb olunan məbləğ əmlakın dəyərinin cəmi 0,2%-ni təşkil edir. Qeyd edək ki, İƏİT ölkələri üzrə bu göstərici əmlakın dəyərinin 4,2%-i qədər, Avropa və Mərkəzi Asiya regionu üçün isə 2,5% -nii əşkil edir.
30 ballıq şkala illə qiymətləndirilən torpaq idarəetmə sisteminin keyfiyyət göstəricisinə görə isə ölkəmiz 14,5 bal toplayıb. Bu onu göstərir ki, ölkəmizdə bu sahədə infrastrukturun etibarlılığı, məlumatların "şəffaflığı" təmin edilib, coğrafi əhatə dairəsi genişləndirilib, torpaq mübahisələrinin həlli mexanizmləri təkmilləşdirilib və əmlaka sahib olma imkanları artırılıb. Müqayisə üçün qeyd edilməlidir ki, İƏİT ölkələri üzrə bu göstərici 22.7, Avropa və Mərkəzi Asya regionu üzrə isə 19.8 təşkil edir.
«Doing Business 2018» hesabatında Azərbaycanın əldə etdiyi yüksək göstəricilər son illər ölkədə əmlakın qeydiyyatının sadələşdirilməsi və müasir standartlara çatdırılması üzrə görülən işlərin nəticəsidir. Komitə tərəfindən bu sahədə elektron xidmətlərin tətbiqi prosesi daha da sürətləndirib. Hazırda daşınmaz əmlakın qeydiyyatı üzrə 24 elektron xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. Elektron xidmətlər sayəsində heç bir yerə getmədən, əlavə vaxt sərf etmədən daşınmaz əmlakın qeydiyyatı üçün internet vasitəsi ilə onlayn müraciət etmək imkanları mövcuddur. Müraciətlərin elektron qəbulu qeydiyyat prosesini operativ və daha etibarlı edib.
“Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərinin tətbiqi də əmlakın qeydiyyatını sadələşdirib və onu əhalinin bütün təbəqələri üçün əlçatan edib. Eyni zamanda, daşınmaz əmlakın qeydiyyatı və torpaq idarəçiliyində “bir pəncərə” sisteminin tətbiqi də bu sahədə şəffaflıq və operativliyi kifayət dərəcədə artırıb. Həm çıxarışların verilməsi, texniki sənədlərin tərtibi, həm də torpaqların istifadəsi, icarəsi, mülkiyyətə verilməsi, koordinatların uyğunluğu kimi torpaq məsələlərində rəylərin alınması “bir pəncərə”də həll olunur. Torpaqların kateqoriyaya aid edilməsi, bir kateqoriyadan digərinə keçirilməsi, iqtisadi və keyfiyyət göstəricilərinin qiymətləndirməsi, bontirovkası, sənədlərin alınması da bu prinsip əsasında həyata keçirilir.
Bundan başqa komitə tərəfindən innovativ xidmət olan “Əmlakın qeydiyyatı kalkulyatoru” da istifadəyə verilib. Sistem vasitəsilə daşınmaz əmlaklara dair qeydiyyat məbləğinin əvvəlcədən dəqiq bilinməsi istifadəçilər tərəfindən maliyyə vəziyyətinin planlaşdırılmasına, xərclərin əvvəlcədən hesablanmasına və vaxt itkisinin aradan qaldırılmasına şərait yaradıb.
Komitənin onlayn xidmətləri də bu sahədə rahatlığı və operativliyi kifayət dərəcədə artırıb. Belə ki, vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışları (Forma-1) notariuslarda onlayn rejimdə əldə edirlər. Bundan ötrü ərazi qeydiyyat idarələrinə müraciət etməyə ehtiyac qalmayıb. Digər onlayn xidmət vasitəsilə hər bir əmlak sahibi öz əmlakı barədə dövlət reyestrində olan rəsmi məlumatlarla onlayn rejimdə tanış ola bilir. 3-cü onlayn xidmət isə notariuslarda rəsmiləşmiş daşınmaz əmlaka dair təkrar bazarda alqı-satqı sənədlərinin onlayn rejimdə ərazi qeydiyyat idarəsinə göndərilməsini təmin edir.
Bundan başqa Komitənin faydalı xidməti olan 3 SMS xidməti də vətəndaşların aktiv istifadəsindədir. Belə ki, onlar mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqını, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi imkanını əldə edirlər. Komitənin SMS xidmətlərindən istifadə üçün hər hansı qeydiyyatdan keçməyə ehtiyac yoxdur və elektron imza tələb olunmur.
Bütün bu sadalanan yeniliklərin nəticəsidir ki, Azərbaycanda, xüsusilə də regionlarda əmlakın qeydiyyatı göstəriciləri artıq bir neçə ildir ki, sürətlə artmaqdadır.