Prosesdə özəlləşdiriləcək səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 25 min 676 manatla 738 min 888 manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Yevlax Kəndkimya Təchizat” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 30%-i 111 min manata yaxındır. Bundan başqa qiyməti ilə digərlərindən fərqlənən əmlak “Şıxlar Broyler” Açıq Səhmdar Cəmiyyətidir. Həmin əmlakın 30% səhmi isə 41 min manata yaxın təklif olunur.

Hərracda sahibini tapacaq kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə  aiddir. Bu əmlaklar paytaxtla yanaşı Gəncədə, Göygöldə, İmişlidə, Cəlilabadda, Lerikdə, Oğuzda, Qaxda və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların  ümumi faydalı sahəsi 21 kv.m ilə 3000 kv.m arasında dəyişir.

Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Gəncə, Şəmkir, İmişli, Tovuz, Xaçmaz, Şamaxı və digər şəhər və rayonlarında yerləşir. Prosesə çıxarılan müəssisələr sırasında "Çinar" soyuducular zavodunun Şəmkir filialı, Qovlar tikiş fabrikinin Goranboy sahəsi, Qoxmuq istirahət zonası kimi iri dövlət əmlakları var.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Gəncə şəhərində yerləşən Beton və məhlul istehsal edən sahəni nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün sənaye sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 385 kv.m-ə yaxındır.

Bundan başqa Sumqayıt şəhərində yerləşən “Laçın” restoranı da xidmət sahəsində investorlar üçün gəlirli obyektdir. Adı çəkilən əmlakın digər üstünlüyü torpaq sahəsi ilə birgə özəlləşdirilməsidir.   

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 56-sı paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir.

Hərracda özəlləşdirilməyə çıxarılan nəqliyyat vasitələrinin markaları müxtəlifdir. Prosesdə Nissan Maxima, Mitsubishi Pajero , KİA RİO kimi avtomobillər sahibini axtarır. Nəqliyyat vasitələrinin ilkin start qiyməti 900 manatla 10 min manat arasında dəyişir. 

Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur keçmələri kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır. Bununla yanaşı dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbuat orqanı olan «Mülkiyyət» qəzetində də dərc edilir.

Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi  əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın  adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib. 

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.