Fermerlər mobil laboratoriyalar vasitəsilə yaxşı məhsul əldə edə bilərlər: Bu il 6 rayonun fermerlərinə xidmət göstərilib
Mobil laboratoriyalar vasitəsilə torpaqların münbitlik, keyfiyyət göstəriciləri müəyyən edilir. Əkin sahələrinin yararlı olub olmaması, analizlər nəticəsində torpağın “qida rasionu” düzgün müəyyənləşdirilir. Torpaqların ən vacib göstəriciləri – ümumi humusu, karbonatlığı, quru qalığı, udulmuş əsasları, nəmliyi, temperaturu və s. təyin olunur. Mülkiyyətçi torpaq analizlərinin nəticələrinə əsasən yaxşı məhsul almaq üçün lazımi, o cümlədən aqrokimyəvi tədbirlər barədə operativ olaraq məlumat alır. Aparılan təhlillər əsasında torpağa hansı mineral və ya üzvü gübrələrdən hansı həcmdə verilməsi müəyyənləşir. Məsələn, laboratoriyalar vasitəsilə torpaqların nəmliyinin müəyyənləşdirilməsi əkin sahələrinin şoranlaşma və ya quraqlıq dərəcəsini dəqiqləşdirir. Bununla kəndli torpaqların əkinə yararlılığı üçün suvarma sisteminin fəaliyyətini düzgün qaydada yerinə yetirə bilir.
Qeyd edilməlidir ki, torpaq nümunəsinin müvafiq üsullarla düzgün götürülməsi tədqiqatın ən əsas mərhələsi hesab olunur. Nümunə sahənin elə yerlərindən götürülür ki, torpağın xassəsini və quruluşunu tam əks etdirə bilsin. Ona görə də ilk növbədə götürüləcək nümunənin yeri və dərinliyi düzgün müəyyən edilir. Nümunələr isə mobil laboratoriyada olan xüsusi qurğu vasitəsilə götürülür. Daha sonra isə o, kölgədə havada qurudulur. Ardınca mobil laboratoriyada olan elektron torpaq döyən maşında torpaq nümunəsi döyülür, sonra elektron ələk dəsti aparatında avtomatik ələnir, xüsusi paketlərdə müxtəlif analizlər üçün hazırlanır. Mobil laboratoriyada olan elektron tərəzilərdən (texniki və analitik) istifadə edərək, az vaxtda istənilən nəticəni əldə etmək olur.
Mobil laboratoriya xidməti birbaşa olaraq kəndlinin təsərrüfat yerlərində göstərildiyindən onun rahatlığı təmin edilir. Bunun da nəticəsində fermerlər vaxtlarına qənaət etmiş olur, işlərini düzgün planlaşdıra bilirlər. Eyni zamanda bu, fermerlərin torpaqlardan səmərəli istifadə etməsinə, vahid sahədə məhsuldarlığın xeyli artmasına imkan verir.
Bundan başqa kəndliyə əvvəlcədən öz torpağında hansı növ bitkilərin əkilməsinin daha optimal olduğunu bilməsi imkanı yaradılır. Nəticədə mobil laboratoriyaların fəaliyyəti kənd təsərrüfatı sahəsində yüksək göstəricilərin əldə edilməsinə şərait yaradır, fermerin həm məhsulu, həm də vəsaiti itkiyə getmir.
Qeyd edilməlidir ki, Komitə tərəfindən tətbiq olunan innovativ layihələrin əsas məqsədi vətəndaş məmnunluğunun artırılmasından ibarətdir. Mobil laboratoriyaların istifadəyə verilməsi də bu amala xidmət edir. Mobil laboratoriyalar müasir tələblərə cavab verən, müasir texnologiyalarla təchiz edilib. Bu xidmət istənilən ucqar kənd yerlərində fəaliyyət göstərən fermerlərə belə göstərilir.
Mobil laboratoriyalar vasitəsilə cari il ərzində paytaxtın Xəzər rayonunda, Salyan, Saatlı, Zaqatala, Ağsu, Oğuz bölgələrində ümumilikdə 5 min hektardan çox ərazidə tədqiqat işləri aparılıb, həmin ərazilərin torpaq və bonitirovka xəritələri tərtib edilərək şifarişçilərə təhvil verilib.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların keyfiyyətinin öyrənilməsi məqsədilə regionlarda mobil laboratoriyalarla yanaşı, Bakıda stasionar laboratoriyalar da fəaliyyət göstərir. Mobil laboratoriyalardan fərqli olaraq stasionar laboratoriya dövlət sifarişi əsasında iri miqyaslı çöl-torpaq tədqiqatı işlərinin yerinə yetirilməsini təmin edir.
Artıq 600 min hektar ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işləri yerinə yetirilmişdir. İlin sonuna kimi isə 750 min hektara yaxın ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işlərinin aparılması nəzərdə tutulmuşdur. Bundan başqa 200 min hektar ərazidə çöl geobotaniki tədqiqat işləri yekunlaşmışdır.
Çöl torpaq tədqiqatı və laboratoriya analizlərinin nəticələrinə əsaslanaraq bu rayonların torpaq, şorlaşma və eroziya xəritələri hazırlanır. Eyni zamanda həmin ərazilərdə torpaqlarınbonitirovkası və iqtisadi qiymətləndirilməsi işləri paralel olaraq aparılır.
2020-ci ilədək Azərbaycanın bütün kənd təsərrüfatı torpaqlarında keyfiyyət göstəricilərinə görə uçot işinin aparılması nəzərdə tutulmuşdur.
Mülkiyyətçilər torpaq analizlərinin aparılması, onun keyfiyyətinin müəyyənləşdirilməsi məqsədilə Komitəyə müraciət edə bilərlər. Mobil torpaq laboratoriyaları ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün (012) 432-86-55 və ya (055) 341-73-50 ilə əlaqə saxlamaq kifayətdir.