Komitə tərəfindən görülən işlərin nəticəsidir ki, vətəndaşlar daşınmaz əmlakın qeydiyyatına diqqəti artıb, qeydiyyatın sosial-iqtisadi üstünlüklərindən faydalanmaqda getdikcə daha da maraqlıdırlar. Daşınmaz əmlakla bağlı iqtisadi və hüquqi əməliyyatların, o cümlədən alqı-satqı, bağışlama, vərəsəlik və digər əməliyyatların aparılması üçün öncə mülkiyyət hüquqlarının qeydiyyatı kütləvi xarakter almaqdadır. Daşınmaz əmlakın qeydiyyatı həmin əmlakın etibarlılığının, hüquqi əsaslılığının və iqtisadi səmərəsinin təminatıdır.

Bunun əyani sübutu isə daşınmaz əmlaka dair reyestrdən çıxarışın alınması üçün ərazi qeydiyyat idarələrinə müraciətlərinin ildən-ilə artmasıdır. Məlumat üçün qeyd edək ki, 2014-cü ilin 5 ayı ərzində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə 210 mindən çox hüquqi və fiziki şəxs müraciət edib. Bu müraciətlərdən 70 minə yaxını Bakı şəhər Ərazi İdarəsinə aid olub. Gün ərzində respublikada yerləşən bütün ərazi qeydiyyat idarələri üzrə orta statistik rəqəm 2500-ə yaxın vətəndaş müraciəti təşkil edir ki, bunun  700-dən çoxu Bakı şəhər Ərazi İdarəsinin payına düşür.

Vurğulamaq yerinə düşər ki, yuxarıda qeyd olunan yüksək statistik rəqəmlərə səbəb məhz ərazi qeydiyyat idarələrində yaradılmış keyfiyyətli xidmət şəraitidir. Komitə qeydiyyat üçün sənədlərin qəbulunda rahatlıq, şəffaflıq və operativliyin yüksək səviyyədə təmin olunmasını nəzarətdə saxlayır.

Xidmətlər zamanı növbəliliyin tənzimlənməsi məqsədilə qəbul zallarında elektron növbəlilik aparatı quraşdırılıb. Vətəndaşların qəbulu şöbələri müasir avadanlıq və zəruri vasitələrlə təchiz olunub. Qəbul şöbələrində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı hüquqi maarifləndirmə guşələri yaradılıb. Vətəndaşlar üçün daşınmaz əmlakın qeydiyyatına dair müvafiq izahedici, o cümlədən, xidmət haqları və rüsumlar barədə məlumatlandırma lövhələri asılıb. Quraşdırılmış monitorlarda daşınmaz əmlakın qeydiyyatı prosedurları, zəruri sənədlər, habelə elektron xidmətlərlə bağlı məlumatların əyani surətdə əks olunması təmin edilib.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində vətəndaş qəbulları keçirilir, müraciət edilən məsələlərin mahiyyəti öyrənilir. Qəbul üçün əsaslar olmadığı hallarda vətəndaşlara qəbul prosedurları ilə bağlı müvafiq hüquqi izahatlar verilir.

Bütün bunlarla yanaşı, aprel ayından etibarən komitə tərəfindən Bakı və regionlarda qeydiyyat idarələrinə gəlmək imkanı olmayan vətəndaşlar üçün ünvanlarda xüsusi nəqliyyat vasitələrində mobil qeydiyyat xidmətləri göstərir. Eyni zamanda, istifadəyə verilmiş elektron xidmətlər sayəsində vətəndaşların daşınmaz əmlakın qeydiyyatı üçün onlayn qaydada internet vasitəsilə heç bir yerə getmədən müraciət etmək imkanları da yaradılıb.

Qeyd olunan tədbirlər vətəndaşların öz əmlaklarını qeydiyyatdan keçirmələrinə böyük stimul verir, ərazi qeydiyyat idarələrinə müraciət edərək mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmalarına böyük maraq oyadır. Nəticədə respublika üzrə daşınmaz əmlakların dövlət qeydiyyatı, həmçinin insanların mülkiyyət hüquqları yüksək səviyyədə təmin edilir.

Bu fəaliyyətlər nəticəsində ərazi qeydiyyat idarələrinə müraciət edən vətəndaşların sayının artması ilə son iki ildə daşınmaz əmlakın qeydiyyatı sürətlənmiş və əvvəlki illərlə müqayisədə ötən  ildə daşınmaz əmlakın qeydiyyat sayı maksimum həddə çatıb. Bu rəqəm 180 minə yaxın olub.