Kiçik dövlət müəssisələri arasında zavod və ictimai iaşə obyektləri var. Rəqabətli mühitdə özəlləşən dövlət əmlakı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşir. Ümumi faydalı sahəsi 405.3 kv.m olan bu obyekt 89.5 min manata özəlləşdirildi. Elektron formada hərracda iştirak statusu qazanan vətəndaş isə Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki mehmanxananın sahibinə çevrildi. Ümumi faydalı sahəsi 582.5 kv.m olan bu dövlət əmlakı torpaq sahəsi ilə birgə özəlləşdirildi.

Yüksək iqtisadi potensialı olan “Lənkəran Mexaniki Təmir Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti də özəlləşdirilən dövlət əmlakları arasındadır. Lənkəran  şəhəri, Heydər Əliyev Prospektindəki zavodun ümumi faydalı sahəsi 3.9 min kv.m-dir. 29.3 min kv.m-lik torpaq sahəsi ilə birgə bu dövlət əmlakı 350 min manata özəlləşdirildi.

Rəqabətli mühitdə keçən hərrac Bakı Şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsindəki qeyri-yaşayış binası üçün də xarakterikdir. Bu dövlət əmlakının hərracında 6 vətəndaş iştirak etdi. Ümumi faydalı sahəsi 84.1 kv.m olan qeyri-yaşayış binasına ilkin hərrac qiyməti 50 min manat təyin edilmişdir. Rəqabət nəticəsində dövlət əmlakının son hərrac qiyməti 78 min manata yüksəldi.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 16 aprel tarixində keçiriləcək. Hərraca ümumilikdə 62 dövlət əmlakı çıxarılıb. Onlardan 19-u səhmdar cəmiyyəti, 18-i kiçik dövlət müəssisə və obyekti, 12-si qeyri-yaşayış sahəsi, 13-ü isə nəqliyyat vasitəsidir. Təşkil olunan hərraclarda iştirak etməklə hər kəs əmlak sahibinə çevrilə bilər. Bu istiqamətdə bütün prosedurları əlavə vaxt itirmədən onlayn qaydada yerinə yetirmək mümkündür. Özəlləşmədə iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.