Əmlak Məsələləri Dövlət Komitəsindən növbəti sosial aksiya: 99 yaşlı paytaxt sakininə evində çıxarış təqdim olundu
Kampaniyadan 99 yaşlı Ənvər Seyid-Əliyev yararlanıb. Qeyd edilməlidir ki, həmin şəxs Azərbaycanın əməkdar həkimidir. Nəticədə o, bu sahədə tətbiq edilən sosial layihədən faydalanan ən yaşlı vətəndaş olub. Çıxarış Xəzər rayonun Mərdəkan qəsəbəsində yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə dair verilib. Qeyd edilməlidir ki, vətəndaşdan ilkin hüquq müəyyənedici sənədlər də əvvəlcədən evində alınıb. Sosial addım 99 yaşlı şəxsin əmlakına sənəd almaq üçün əlavə ünvanlara getmədən qeydiyyat xidmətindən yararlanmasına şərait yaradıb. Bu, həm vaxt itkisinin qarşısını alıb, həm də yaşlı insan üçün yarana biləcək bəzi sosial çətinlikləri həll edib.
Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurların maksimum sadələşdirilməsi, xidmətin vətəndaş ünvanına çatdırılması üzrə mütəmadi olaraq işlər görür. Məhz “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası da belə tədbirlərdəndir.
Respublikanın müxtəlif regionlarında keçirilən belə kampaniyalar daşınmaz əmlakın qeydiyyata alınması prosesini sürətləndirir, vətəndaşların mülkiyyət hüquqlarını daha rahat həyata keçirməsinə şərait yaradır. Dövlət qeydiyyatına alınmış hər bir əmlak isə sahibinə əlavə imkanlar yaradır. Bütün növ daşınmaz əmlakların çıxarışla təminatı onların hüquqi və iqtisadi əməliyyatlara cəlb olunması zamanı yarana biləcək maneələrin qarşısı alınır.