2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?
Hərracda öz sahibini tapan dövlət əmlaklarından biri Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən qeyri-yaşayış sahəsidir. Obyektin ümumi faydalı sahəsi 323.2 kv.m-dir. Müxtəlif xidmət növləri üzrə istifadəyə uyğun olan əmlak iştirakçı tərəfindən 40 min manata özəlləşdirildi.
Bugünkü hərracda xırda topdansatış müəssisəsinin tikintisi yarımçıq qalmış anbar binası da özəlləşdirilən əmlaklar sırasındadır. Qax rayonu, Qorağan kəndindəki bu dövlət əmlakının torpaq sahəsi 1000 kv.m-dir. Hərrac iştirakçısı adıçəkilən əmlakı 2 min 500 manata özəlləşdirdi.
Özəlləşdirilən nəqliyyat vasitələrindən ikisi üzrə ümumilikdə 6 sifariş verilmişdir. Bu nəqliyyat vasitələrindən biri BMW markasına aiddir. Buraxılış ili 2005 olan avtomobil üçün ilkin hərrac qiyməti 6 min 500 manat təyin olunmuşdur. Hərrac iştirakçıları arasında yaranan rəqabət nəticəsində avtomobilin son qiyməti 8 min 500 manata yüksəldi. Özəlləşdirilən digər BMW, UAZ və QAZ markalı avtomobillərin istehsal tarixləri isə 1995-2007-ci illərə aiddir.
Komitə tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsində növbəti iştirak imkanı 9 aprel tarixində keçiriləcək hərracda yaradılıb. Belə ki, bu dəfə hərraca ümumilikdə 93 dövlət əmlakı çıxarılıb. Onlardan 15-i səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisə və obyekti, 6-sı qeyri-yaşayış sahəsi və yarımçıq tikili, 35-i isə nəqliyyat vasitəsidir. Hərraclara qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına ( emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Qeyd edək ki, bu elektron mənbələrdə hərraca çıxarılan bütün dövlət əmlakları haqqında ətraflı məlumat və müraciət linki mövcuddur.