Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov İmişli şəhərində vətəndaş qəbulu keçirdi
Struktur bölmələrin rəhbərlərinin də iştirak etdiyi qəbulda hər bir vətəndaş müraciətləri həssaslıqla dinlənildi. Komitə sədri məsələlərin qanunvericiliyə uyğun olaraq həll olunması üçün tapşırıqlarını verdi. Müraciətlərin bir qismi yerindəcə müsbət həllini tapdı. Bəzi araşdırılma tələb edən məsələlər nəzarətə götürüldü. Komitənin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara ötürülməsi üçün qeydiyyata alındı. Bildirildi ki, birbaşa vətəndaşların iştirakı ilə məsələlərin həlli təmin ediləcək.
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətləri dinləyən sədr bu sahədə Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan fərmanlardan, həyata keçirilən yeniliklərdən, prosedurların sadələşdirilməsindən danışdı. Bildirildi ki, Prezident İlham Əliyevin fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının icrasına başlanılıb. Fərmana uyğun olaraq, bir neçə binada yerləşən mənzillərə çıxarışların verilməsi məqsədi ilə sənədlərin toplanılmasına başlanılıb.
Müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasına xidmət edən Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi ilə bağlı görülən işlərin davam etdirildiyi də qeyd olundu. Belə ki, kadastr işlərinin yekunlaşdığı və nəticələrinin praktiki istifadəyə verildiyi 33 rayonda daşınmaz əmlak obyektləri, kommunikasiya xətləri, mühafizə zonaları, torpaqların sahə və ölçüləri, təyinatı, kəmiyyət və keyfiyyət göstəriciləri ilə bağlı dəqiq məlumatlar əldə olunub. Bu məlumat bazası ilə daha müasir formada torpaq idarəçiliyini təşkil etmək və kateqoriyasına uyğun istifadəyə nəzarət etmək mümkündür.
Qəbul zamanı komitə sədri Kərəm Həsənov göstərilən xidmətlərdə şəffaflığın və operativliyin təmin olunması barədə bütün zəruri tədbirlərin görülməsi üçün komitənin ərazi idarələrinin, tabeli qurumlarının yerli şöbələrinin rəhbərlərinə tapşırıqlarını verdi. Komitə sədrinin regionlarda vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.