Olduğun məkanı dəyişmədən özəlləşdirmədə iştirak et: 93 dövlət əmlakı hərracda
Hərraca çıxarılmış kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 7.5 kv.m ilə 9.2 min kv.m intervalındadır. Onlar arasında yüksək iqtisadi potensiallı və investorlar üçün maraqlı ola biləcək kifayət qədər dövlət əmlakları var. Misal olaraq, Şabranda Dəvəçi mehmanxanasını, Lənkəranda Mexaniki Təmir Zavodunu, Goranboyda Yardımçı təsərrüfatı və digərlərini göstərmək olar. Astaradakı kinoteatr fəaliyyətini xidmət sahəsində qurmaq istəyən sərmayəçilər üçün maraqlı əmlakdır. Astara şəhəri, Azərbaycan küçəsində yerləşən bu dövlət əmlakının ümumi faydalı sahəsi 442.6 kv.m-dir. Obyekti özəlləşdirmək istəyən şəxs ondan həm hazırkı, həm də seçdiyi digər biznes sahəsi üzrə fəaliyyətdə gəlir əldə edə bilər.
Bərdə, Şirvan, Lənkəran, Salyan kimi rayonlarda yerləşən səhmdar cəmiyyətləri müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərir. Hərraca “Əli Bayramlı Kəndnəqliyyat”, “Lənkəran Taxıl” kimi səhmdar cəmiyyətlərin 30% ilə 45% intervalında olan səhm paketləri çıxarılıb.
Qeyri-yaşayış sahələrinə gəldikdə isə onların ümumi faydalı sahəsi 22.2 kv.m və 176.7 kv.m arasındadır. Xidmət və ofis obyekti kimi istifadə imkanlarına malik bu növ dövlət əmlakları Bakı və Gəncə şəhərlərində yerləşir. Ən yüksək ümumi faydalı sahəsi olan qeyri-yaşayış sahəsi isə paytaxtın Nizami rayonu, Ə.Vəliyev küçəsindədir.
Avtomobil sahibi olmaq istəyənlər seçimini hərraca çıxarılan nəqliyyat vasitələri üzrə edə bilər. Daewoo və Man Lion markalarına aid avtomobillərin buraxılış tarixləri 2008-2009-cu illərdir. Qeyd edək ki, bu növ dövlət əmlaklarının ilkin hərrac qiymətləri 6 min 750 manat ilə 12 min 500 manat arasındadır.
Təşkil olunan özəlləşdirmə hərraclarına qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalında (privatization.az) seçim, elektron sifariş prosedurlarını yerinə yetirə bilər. Hər kəsin keçirilən hərraclarda canlı və onlayn formada iştirak imkanı var. Belə ki, iş, ev və ya digər məkanları tərk etmək imkanı olmayan vətəndaşlar hərraca onlayn formada qoşularaq, seçdiyi dövlət əmlakını virtual məkandan özəlləşdirə bilər.
Qeyd edək ki, hərraclarla bağlı sualı olan vətəndaşlar komitənin rəsmi saytı və Özəlləşdirmə portalındakı onlayn məsləhət pəncərəsinə, komitənin sosial şəbəkələrdəki rəsmi səhifələrinə və 193 Çağrı Mərkəzinə müraciət edə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi investorları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi dövlət əmlaklarının özəlləşməsində fəal iştiraka dəvət edir.