Hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Azinterservis” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 31%-ə yaxını 266 min manatdan çoxdur. Bundan başqa qiymətində digərlərindən fərqlənən əmlak “Bərdə Kərpic” Açıq Səhmdar Cəmiyyətidir. Həmin əmlakın 30% səhmi isə 175 min 512 manata yaxın təklif olunur.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə  aiddir. Bu əmlaklar paytaxtla yanaşı Gəncə, Yevlax, Şəki, Şəmkir, Tərtər, Yardımlı, İmişli və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 14 kv.m ilə 1274 kv.m arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə çıxarılan kiçik dövlət müəssisəsi Sumqayıtda yerləşən 22 saylı mağazadır. Adı çəkilən əmlak 217 min 857 manata təklif edilir. Ümumi faydalı sahəsi 600 kv.m-ə yaxındır. Qazax ərazi yun tədarükü və qəbulu idarəsi, paytaxtın Sabunçu rayonunda yerləşən mağaza da qiyməti ilə seçilənlər sırasındadır.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Sabunçu rayonunda yerləşən 63 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 300 kv.m-ə yaxındır. Adı çəkilən əmlak torpağın sahəsi ilə birgə özəlləşdirilir.

Bundan başqa İmişlidə yerləşən 26 saylı yeməkxana da sahibi üçün iaşə sahəsində gəlirli hesab olunur.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 62-i paytaxtda, qalanları isə respublikanın digər şəhər və rayonlarda yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Səbail rayonunda  yerləşən qeyri-yaşayış sahəsinə təklif olunub. Belə ki, bu əmlak 230 min manat start qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 13 kv.m ilə 300 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.

Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan paytaxtın Xətai rayonunda yerləşən 15 kv.m olan qeyri yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 2000 manat təşkil edir. Həmçinin paytaxtın Nəsimi rayonunda yerləşən, sahəsi 16 kv.m, ilkin start qiyməti 2 min 250 manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin markaları müxtəlifdir. İlkin start qiyməti isə 1080 manatla  4 min manat arasında dəyişir.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür.

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2596

Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur keçmələri kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır. Bununla yanaşı dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbuat orqanı olan «Mülkiyyət» qəzetində də dərc edilir.

Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi  əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın  adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib. 

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.