Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı
Özəlləşdirməyə çıxarılan qeyri-yaşayış sahələrindən 10-u paytaxtda, digərləri isə Daşkəsən və Şirvanda yerləşir. Ümumi faydalı sahəsi 11.9 kv.m ilə 127.4 kv.m intervalında olan obyektlərin qiymət müxtəlifliyi hər kəs üçün geniş seçim imkanları yaradır. Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev küçəsindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 127.4 kv.m-dir. Bu əmlakdan sərmayəçi xidmət obyekti və ofis kimi istifadə edə bilər.
Şirvan, Bərdə, Lənkəran kimi şəhər və rayonlarda yerləşən səhmdar cəmiyyətlərinin 30%-45% intervalında olan, dövlətə məxsus səhm paketləri hərraca çıxarılıb. Bu müəssisələr arasında “Lənkəran Mebel”, “Salyan Kəndkimya”, “Kürdəmir Aqrotexservis” və digər səhmdar cəmiyyətləri var.
Avtomobil sahibi olmaq istəyənlər üçün budəfəki hərracda da əlverişli imkanlar yaradılıb. Vətəndaşlar buraxılış tarixi 1999-2014 illər olan nəqliyyat vasitələri üzrə seçim edə bilər. Bu avtomobillər Nissan, Kia, Toyota və digər markalara aiddir. Qeyd edək ki, nəqliyyat vasitələri üçün təyin olunan ilkin hərrac qiymətləri 1440 və 10 min manat arasındadır.
Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi hərraclarda bütün növ dövlət əmlakları üzrə iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Bu mənbələrdə hər bir əmlak haqqında ətraflı məlumat əldə etməklə bərabər, elektron sifariş vermək də mümkündür. Bundan başqa, sifarişçilər və ziyarətçilər hərracın keçirildiyi məkana getmədən onlayn formada özəlləşdirmədə iştirak edə bilər.