Dövlət əmlakının özəlləşdirilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 
Bu qanun Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsinin təşkilati, iqtisadi və hüquqi əsaslarını müəyyən edir.
 
I fəsil
Ümumİ müddəalar
 
Maddə 1. Əsas anlayışlar
 
1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır:
1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir;
1.0.2. dövlət əmlakının özəlləşdirmə üçün açıq elan edilmə anı - dövlət əmlakının özəlləşdirilməsi haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərar qəbul etdiyi vaxtdır;
1.0.3. özəlləşdirmənin obyekti - özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir;
1.0.4. (müəssisənin, obyektin) start qiyməti - qanunvericiliklə nəzərdə tutulmuş qayda tətbiq edilməklə əmlakın hesablanmış və ilk hərraca çıxarılma qiymətidir;
1.0.5. dövlət özəlləşdirmə payı - dörd özəlləşdirmə çekindən ibarət, Azərbaycan Respublikasının 1997-ci il 1 yanvar tarixinə qeydiyyatda olan hər bir vətəndaşına dəyəri ödənilmədən paylanmış və çeklə özəlləşdirilən dövlət əmlakının orta hesabla 1/8000000 hissəsini ifadə edən adsız (təqdim edənə), nağd şəkildə buraxılan qiymətli kağızların məcmusudur;
1.0.6. dövlət özəlləşdirmə opsionu - xarici investora dövlət əmlakının özəlləşdirilməsində dövlət özəlləşdirmə çeklərindən istifadə etmək hüququ verən, nağdsız formada buraxılan adlı qiymətli kağızdır;
1.0.7. özəlləşdirmə əqdi - bu Qanuna uyğun olaraq dövlət əmlakının satıcısı ilə alıcısı arasında bağlanılan alqı-satqı müqaviləsidir;
1.0.8. yerli investor - Azərbaycan Respublikasının vətəndaşları təsisçisi (təsisçiləri) və ya nizamnamə fondundakı payın 50 %-dən çoxu Azərbaycan Respublikasının vətəndaşlarına məxsus olan hüquqi şəxslər;
1.0.9. xarici investor - əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər və onların nümayəndəlikləri, habelə nizamnamə kapitalında xarici sərmayənin payı 50 %-dən çox olan Azərbaycan Respublikasının hüquqi şəxsləridir;
1.0.10. strateji investor - müəssisəyə yeni texnologiya və nou-xaunu cəlb etmək imkanına malik, müəssisənin fəaliyyətində və idarəçiliyində bilavasitə iştirak etmək niyyəti olan və həmin sahədə böyük idarəçilik və istehsal təcrübəsinə malik olan hüquqi şəxsdir.
 
Maddə 2. Dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsəd və prinsipləri
 
2.1. Dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir.
2.2. Dövlət əmlakının özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır:
2.2.1. özəlləşdirməyə dair tədbirlərin aşkarlıq şəraitində həyata keçirilməsi və onun gedişi üzərində dövlət və ictimai nəzarətin təmin edilməsi;
2.2.2. dövlət əmlakının özəlləşdirilməsi prosesində əmək kollektivinin qanunvericiliklə müəyyən olunmuş mənafelərinin qorunması;
2.2.3. sağlam rəqabət mühitinin formalaşdırılması;
2.2.4. özəlləşdirmə prosesində bütün alıcılar üçün bərabər şəraitin yaradılması.
 
Maddə 3. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericilik
 
Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və onlara uyğun olaraq qəbul edilən digər qanunvericilik aktlarından ibarətdir.
 
Maddə 4. Qanunun tətbiq dairəsinin məhdudlaşdırılması
 
4.0. Bu Qanun aşağıdakılara şamil edilmir:
4.0.1. torpaq fondunun özəlləşdirilməsi (özəlləşdirilən müəssisə və obyektlərin altında yerləşən, habelə fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilən obyektlərin yerləşdiyi dövlət torpaq sahələri istisna olmaqla);[1]
4.0.2. dövlət mənzil fondunun özəlləşdirilməsi;
4.0.3. faydalı qazıntı yataqlarının özəlləşdirilməsi;
4.0.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi halları.
 
Maddə 5. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı
 
5.1. Müəyyən dövr üçün dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsində öncüllüklər (prioritetlər), məhdudiyyətlər, dövlət mülkiyyətin fiziki və hüquqi şəxslər tərəfindən alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan Dövlət Proqramında müəyyən olunur.
5.2. Dövlət Proqramında aşağıdakılar nəzərdə tutulur:
5.2.1. bu Qanunun 6.1-ci maddəsinin 6.1.3 və 6.1.4 bəndlərində göstərilən müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilən əmlakın siyahısı;
5.2.2. dövlət əmlakının özəlləşdirilməsi üsullarının seçilməsi qaydası;
5.2.3. dövlət özəlləşdirmə paylarının (çeklərin) istifadə olunması qaydası;
5.2.4. özəlləşdirmə prosesində yerli və xarici investorların (alıcıların) iştirakı qaydası;
5.2.6. özəlləşdirilən dövlət əmlakının haqqının ödənilməsi qaydası;
5.2.7. müəssisə və obyektlərin özəlləşdirməqabağı restrukturizasiyası və sağlamlaşdırılması;
5.2.8. özəlləşdirilən dövlət müəssisəsində əmək kollektivinə verilən güzəştlər;
5.2.9. dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər məsələlər.
 
Maddə 6. Dövlət əmlakının təsnifatı
 
6.1. Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə baxımından aşağıdakı kimi təsnifatlaşdırılır:
6.1.1. özəlləşdirilməsi qadağan olunan əmlak;
6.1.2. özəlləşdirilməsi barədə qərar qəbul edilən anadək dövlət mülkiyyətində saxlanılan əmlak;
6.1.3. müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilən əmlak;
6.1.4. dövlət əmlakı satıcısının qərarı ilə özəlləşdirilən əmlak.
6.2. Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan aşağıdakı əmlak növlərinin özəlləşdirilməsi qadağandır:
6.2.1. yerin təki, meşə fondu, su ehtiyatları, dövlət sərhəd zolaqları və üzərindəki daşınmaz əmlak, hava məkanı, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun suları, geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri;
6.2.2. qorunan və xüsusi qaydada istifadə olunan təbiət əraziləri;
6.2.3. Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət əmlakı, o cümlədən Azərbaycan xalqının tarix və mədəniyyət abidələri (yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri istisna olmaqla), dövlət muzeyi, dövlət arxivi və mərkəzi dövlət kitabxanasının eksponatları və fondu;[2]
6.2.4. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi əmlakı, gömrük orqanlarının operativ istifadəsində olan əmlak;[3]
6.2.5. sanitar-epidemioloji, meşə idarələri , baytarlıq və fitosanitar nəzarəti xidmətləri;[4]
6.2.6. patent xidməti, standartlaşdırma və metrologiya müəssisələri; [5]
6.2.7. dövlət əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektləri və qurğuları;
6.2.8. ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri və dəmir yolları, körpülər və tunellər;[6]
6.2.9. narkotik və zəhərli maddələr istehsal edən, habelə onları əkən, becərən, emal edən və saxlayan müəssisələr;
6.2.10. toksiki və ionizə şüaları verən maddələri, radioaktiv tullantıları basdıran müəssisə və obyektlər;
6.2.11. dövlət geologiya, kartoqrafiya-geodeziya hidrometeorologiya xidməti, ətraf mühiti və təbiəti mühafizə xidməti müəssisə və təşkilatları;
6.2.12. mülki-müdafiə və səfərbərlik obyektləri;
6.2.13. islah-əmək və ixtisaslaşdırılmış müalicə-istehsalat müəssisə və obyektləri;
6.1.14. qəbirstanlıq və krematoriyalar;
6.2.15. ixtisaslaşdırılmış dövlət uşaq, körpələr və qocalar evləri;
6.2.16. dövlət təhsil müəssisələri (məktəbəqədər təhsil müəssisələri istisna olmaqla);[7]
6.2.17. əhalinin sosial müdafiəsini təmin edən dövlət müəssisə və təşkilatları;
6.2.18. psixiatriya, psixonevroloji. yoluxucu, onkoloji və dəri-zöhrəvi xəstəliklərin, İÇV-na yoluxmuşların və QİÇS xəstələrin müalicə və profilaktikası üzrə dövlət müəssisələri.
6.2.19. İctimai Televiziya və Radio Yayımları Şirkətinin əmlakı;[8]
6.2.20. fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri.[9]
 
Maddə 7. Dövlət əmlakının özəlləşdirilməsi zamanı qoyulan məhdudiyyətlər
 
7.1. Dövlət təhlükəsizliyinin, vətəndaşların sağlamlığının, mənəviyyatının, hüquq və qanuni mənafelərinin qorunmasını təmin etmək məqsədilə dövlət əmlakının özəlləşdirilməsində bu barədə qərar qəbul edən müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən məhdudiyyətlər qoyula bilər.
7.2. Dövlət mülkiyyətində olan müəssisələrin (obyektlərin) özəlləşdirilməsinə məhdudiyyətlər adi (səs hüququ olan) səhmlərin nəzarət zərfinin (51%-nin) və məhdudlaşdırıcısı hissəsinin (25,5%-nin) dövlət mülkiyyətində qalması vasitəsi ilə qoyula bilər.
7.3. Dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirilməsi prosesində səhmlərin nəzarət zərfinin və məhdudlaşdırıcı hissəsinin dövlət mülkiyyətində qalması vasitəsi ilə məhdudiyyətlər qoyulduqda dövlət nümayəndələrinin həmin səhmdar cəmiyyətlərin idarəemtə orqanlarında iştirakı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş normativ-hüquqi aktlara uyğun olaraq həyata keçirilir.
 
Maddə 8. Dövlət əmlakının satıcısı
 
8.1. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir.
8.2. Dövlət əmlakının satıcısı aşağıdakı funksiyaları həyata keçirir:
8.2.1. müəyyən olunmuş qaydada dövlət əmlakının registrini aparır;
8.2.2. qanunvericilikdə müəyyən edilmiş qaydaya uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi üzrə komissiya yaradır;
8.2.3. özəlləşdirməyə açıq elan edilmiş dövlət əmlakını satılan anadək müəyyən edilmiş qaydada idarə edir;
8.2.4. özəlləşdirmədən qabaq müəssisələrin restrukturizasiya və sağlamlaşdırılması ilə bağlı təkliflər hazırlayır və bu sahədə öz səlahiyyətləri çərçivəsində tədbirlər həyata keçirir;
8.2.5. özəlləşdirmə qabağı dövlət müəssisələrinin idarəetməyə verilməsi barədə təkliflər irəli sürür;
8.2.6. məqsədəuyğun hallarda özəlləşdirilməsi nəzərdə tutulan dövlət müəssisələrinin müflis elan olunmasına dair təkliflər irəli sürür;
8.2.7. özəlləşdirmə prosesində yaradılan səhmdar cəmiyyətlərinin təsisçisi və dövlətə məxsus səhmlər zərfinin saxlayıcısı kimi çıxış edir;
8.2.8. dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunu aparır və onun dövlət büdcəsinə köçürülməsini təmin edir, habelə mühasibat uçotunu aparmaqla, maliyyə və statistik hesabatları tərtib edir;[10]
8.2.9. səhmdar cəmiyyətlərində (və ya müştərək müəssisələrdə) dövlət əmlak payının, həmçinin dövlət əmlakının satışı zamanı alıcıların alqı-satqı müqaviləsində müəyyən edilmiş öhdəliklərinin uçotunu aparır;
8.2.10. müəssisələrin nizamnamə kapitalında dövlətə məxsus paya və səhmlərə görə dövlət büdcəsinə dividend köçürülməsini təmin edən tədbirlər həyata keçirir.
8.3. Dövlət əmlakını satıcısının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş normativ hüquqi akta uyğun olaraq tənzimlənir.
 
Maddə 9. Dövlət əmlakının alıcıları
 
9.1. Dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcılar kimi aşağıdakılar çıxış edir:
9.1.1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
9.1.2. bu Qanunun 9.2.-ci maddəsində göstərilənlərdən başqa Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış bütün hüquqi şəxslər;
9.1.3. xarici hüquqi şəsxlər.
9.2. Dövlət əmlakının özəlləşdirilməsi zamanı aşağıdakılar alıcı kimi çıxış edə bilməzlər:
9.2.1. səhmlərin və ya nizamnamə fondundakı payın 20%-dən çoxu dövlət mülkiyyətində olan hüquqi şəxslər;
9.2.2. icra hakimiyyəti orqanları;
9.2.3. bələdiyyə orqanları.
9.3. Yerli investorların dövlət əmlakının özəlləşdirilməsinin bütün forma və üsullarında məhdudiyyətsiz iştirak etmək hüququ vardır.
9.4. Xarici investorlar dövlət əmlakının özəlləşdirilməsi prosesində bu Qanunla və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada iştirak edə bilərlər. Dövlət özəlləşdirmə çeklərinin tədavüldə olduğu müddətdə xarici investorlar dövlət özəlləşdirmə çeklərindən dövlət özəlləşdirmə opsionaları təqdim etməklə istifadə edirlər.
9.5. Dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxarıldıqdan sonrakı müddətdə xarici investorların özəlləşdirmədə iştirakı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
9.6. Dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcılıq hüququnun sübut edilməsi vəzifəsi alıcının üzərinə düşür.
9.7. Alıcılar tərəfindən dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı və qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
9.8. Dövlət əmlakının özəlləşdirilməsi zamanı müəyyən edilmiş qaydada özəlləşdirmə prosesinin təşkili üçün məsləhətçi cəlb edilə bilər.
 
Maddə 10. Dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi
 
Dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi - manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur.
 
Maddə 11. Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin istifadə olunması
 
11.1. Dövlət əmlakının özəlləşdirilməsində əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür.
11.2. Dövlət əmlakının özəlləşdirilməsi prosesində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili, müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, sahibkarlığa dövlət köməyinin maliyyələşdirilməsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etməklə bağlı xərclərin ödənilməsi üçün özəlləşdirməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabına özəlləşdirmədən əldə edilən vəsaitdən ayırmalar nəzərdə tutulur.[11]
11.3. Dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən pul vəsaitindən vergi tutulmur.
 
Maddə 12. Dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət özəlləşdirmə çeklərinin və dövlət özəlləşdirmə opsionlarının tədavüldən çıxarılması
 
Dövlət əmlakının özəlləşdirilməsi prosesində ödəmə vasitəsi kimi təqdim olunan çeklərin və xaricilərin təqdim etdikləri opsionların tədavüldən çıxarılması qaydaları Dövlət Proqramı ilə tənzimlənir.
 
Maddə 13. Özəlləşdirmədə investisiyalara dövlət təminatı
 
13.1. Dövlət əmlakının özəlləşdirilməsində investisiyalara dövlət təminatı və investorların hüquqlarının və qanuni mənafelərinin qorunması Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir.
13.2. Xarici investorların dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində bu Qanunla nəzərdə tutulmuş qaydada aldıqları müəssisələrin, onların hissə və səhmlərinin digər xarici və (və ya) yerli investorlara satışına məhdudiyyət qoyulmur.
13.2. Yerli investorların dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində aldıqları müəssisələrin, onların hissə və səhmlərinin digər yerli və (və ya) xarici investorlara satışına məhdudiyyət qoyulmur.
13.4. Xarici investorlar Azərbaycan Respublikası ərazisində əldə etdikləri xalis mənfəət hesabına opsion təqdim etmədən özəlləşdirmədə iştirak edə bilərlər.
 
Maddə 14. Özəlləşdirmə prosesinə dövlət nəzarəti
 
Dövlət əmlakının özəlləşdirilməsi prosesinə dövlət nəzarətini həyata keçirmək məqsədilə Dövlət Komissiyası yaradılır. Komissiyanın fəaliyyəti, onun hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş normativ hüquqi aktla tənzimlənir.
 
II fəsil
Dövlət əmlakInın özəlləşdİrİlməsİ qaydası və üsulları
 
Maddə 15. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərarın qəbul edilməsi
 
15.1. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir.
15.2. Özələşdirmə haqqında qərarda obyektin özəlləşdirilməsinin məqsədəuyğunluğu əsaslandırılır və üsulları göstərilir. Müəyyən səhm zərfinin dövlət mülkiyyətində saxlanılması məqsədəuyğun hesab edildiyi halda, bu barədə həmin qərarda qeyd olunur.
15.3. Özəlləşdirmə obyekti barədə qərar çıxarılarkən, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək baxımından obyektin əhəmiyyəti, ölkənin iqtisadi maraqları, obyektin sahə xüsusiyyətləri və yerli əhəmiyyəti nəzərə alınır.
15.4. Dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul edildikdən sonra qanunvericiliyə uyğun olaraq özəlləşdirmə komissiyası yaradılır.
15.5. Özəlləşdirmə komissiyası ən geci üç ay müddətində müəssisənin (obyektin) özəlləşdirilməsi planını işləyib hazırlamalıdır.
15.6. Özəlləşdirmə komissiyası öz işinə müstəqil ekspertləri və auditorları cəlb edə bilər.
15.7. Özəlləşdirmə planında özəlləşdirilən müəssisənin (obyektin) satışı qaydası və üsulu, satış müddəti, obyektin ilkin (start) qiyməti göstərilir. Özəlləşdirmə planı dövlət əmlakının satıcısı tərəfindən təsdiq edilir.
 
Maddə 16. Dövlət əmlakının özəlləşdirilməsi üsulları
 
16.1. Dövlət əmlakının özəlləşdirilməsi aşağıdakı üsullarla həyata keçirilir:
16.1.1. özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı;
16.1.2. dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi;
16.1.3. dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı;
16.1.4. dövlət əmlakının hərraclar vasitəsilə satışı;
16.1.5. dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı;
16.1.6. icarəyə verilmiş dövlət əmlakının satışı;
16.1.7. dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı.
16.2. Dövlət əmlakının hansı üsulla özəlləşdirilməsi bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 
Maddə 17. Özəlləşdirilən dövlət müəssisələrində əmək kollektivinə verilən güzəştlər
 
17.1. Özəlləşdirmə prosesində dövlət müəssisələrində əmək kollektivi üzvlərinin həmin müəssisələrin əmlakının və səhmlərinin bir hissəsini, (onun qalan hissəsinin satışı üsulundan asılı olmayaraq) güzəştli şərtlərlə almaq hüquqları vardır. Həmin güzəştlərin verilməsi formaları və həyata keçirilməsi qaydaları Dövlət Proqramı ilə müəyyən olunur.
17.2. Özəlləşdirilən dövlət müəssisələrin səhmlərinin və ya hissələrinin satışında güzəştlər aşağıdakı şəxslərə aid edilir:
17.2.1. əsas iş yeri həmin müəssisə hesab edilən işçilər;
17.2.2. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, həmin müəssisədə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər;
17.2.3. özəlləşdirilən müəssisədə 7 (yeddi) ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər;
17.2.4. 1995-ci il 1 yanvar tarixindən sonra işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz kimi qeydiyyata alınmış şəxslər.[12]
 
Maddə 18. Dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi
 
18.1. Ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən dövlət müəssisələri fərdi layihələr üzrə özəlləşdirilir və bu zaman həmin müəssisəyə strateji investor cəlb etmək məqsədi ilə satışa onun səhmlərinin 51 faizi və ya daha çox hissəsi çıxarılır.
18.2. Fərdi layihələr üzrə dövlət müəssisələrinin özəlləşdirilməsi qaydaları və bu qayda üzrə özəlləşdirilən dövlət müəssisələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 
Maddə 19. Dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı
 
19.1. Dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı özəlləşdirmə prosesində yaradılmış səhmdar cəmiyyətlərin səhmlərinin və ya səhm zərflərinin sifarişlər əsasında alıcılara satışıdır.
19.2. İxtisaslaşdırılmış çek və pul hərraclarının keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 
Maddə 20. Dövlət əmlakının hərraclar vasitəsilə satışı
 
20.1. Dövlət əmlakının hərraclar vasitəsilə ilə satışı həmin əmlakın hər hansı bir şərt qoyulmadan alıcıya satışıdır. Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın gedişində maksimum qiymət təklif etmiş alıcıya verilir. Dövlət əmlakının hərrac vasitəsilə satışı baş tutmadıqda (sifariş verilmədikdə və ya start qiyməti ilə satılmadıqda) növbəti hərracda dövlət əmlakının satıcısı müəyyən olunmuş qaydada start qiymətini aşağı sala bilər.
20.2. Hərracın keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 
Maddə 21. Dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı
 
21.1. Dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı zamanı dövlət əmlakı barəsində investisiya proqramının yerinə yetirilməsi tələb olunur. İnvestisiya proqramına dair iqtisadi, sosial və ekoloji şərtlər özəlləşdirmə barədə qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İnvestisiya müsabiqəsinin qalibi investisiya proqramının şərtləri daxilində investisiyanın maksimum həcmi və onun səmərəli qoyuluşunu özündə əks etdirən investisiya proqramını təqdim edən hesab olunur.
21.2. İnvestisiya müsabiqəsinin keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 
Maddə 22. İcarəyə verilmiş dövlət əmlakının satışı
 
22.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir.
22.2. İcarəyə verilmiş dövlət əmlakı özəlləşdirilmək məqsədi ilə açıq tipli səhmdar cəmiyyətinə çevrildiyi halda onun səhmləri satılmaq üçün ilk növbədə icarədara təklif olunur.
 
Maddə 23. Dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı
 
23.1. Dövlət müəssisəsinin hərrac vasitəsilə satışı baş tutmadıqda, özəlləşdirmə prosesində dövlət nəzarətini həyata keçirən Dövlət Komissiyası dövlət müəssisəsinin müflis elan olunması yolu ilə özəlləşdirilməsi barədə təşəbbüs irəli sürə bilər.
23.2. Dövlət müəssisəsinin (obyektin) özəlləşdirilməsinə hazırlıq mərhələsində onun maliyyə-təsərrüfat fəaliyyətinin göstəriciləri qeyri-qənaətbəxş (müflis) hesab edildiyi halda, müvafiq icra hakimiyyəti orqanı həmin müəssisənin qanunvericiliyə uyğun olaraq müflis elan olunması barədə qərar qəbul edə bilər və müəssisə ləğv oluna bilər. Bu zaman müəssisənin əmlakı hərrac vasitəsilə satılır. Əldə edilmiş maliyyə vəsaitinin bir qismi kreditorların borcunun ödənilməsinə yönəldilir.
23.3. Dövlət müəssisələrinin müflis elan olunması yolu ilə özəlləşdirilməsi qaydası müvafiq normativ-hüquqi aktla tənzimlənir.
 
Maddə 24. Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi
 
Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Özəlləşdirmə prosesində qiymətləndirmənin beynəlxalq praktikada qəbul olunmuş üsullarından da istifadə edilə bilər.
 
Maddə 25. Dövlət əmlakının özəlləşdirilməsi haqqında məlumat
 
25.1. Dövlət əmlakının özəlləşdirilməsi barədə məlumat rəsmi kütləvi informasiya vasitələrində həmin əmlakın satışının həyata keçirilməsi gününə azı 30 gün qalmış dərc edilməlidir.
25.2. Özəlləşdirilən dövlət müəssisəsi (obyekti) barədə məcburi qaydada dərc olunmalı məlumatların siyahısı Dövlət Proqramında müəyyən edilir.
25.3. Dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirilməsinin nəticələri haqqında məlumat 15 gün müddətində kütləvi informasiya vasitələrində dərc olunmalıdır. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin nəticələri haqqında məlumatın məzmunu Dövlət Proqramında müəyyən edilir.
25.4. Dövlət əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlanır.[13]
 
Maddə 26. Özəlləşdirilən dövlət əmlakının haqqının ödənilməsi
 
Alıcı özəlləşdirilən dövlət əmlakının haqqını birdəfəyə və ya özəlləşdirmə əqdində (alqı-satqı müqaviləsində) müəyyən edilmiş müddət ərzində ödəməlidir.
 
Maddə 27. Özəlləşdirilən dövlət müəssisələrində əmək kollektivinin hüquqlarının müdafiəsi
 
Özəlləşdirilmiş dövlət müəssisəsinin (obyektinin) yeni mülkiyyətçisi və yaxud onun müvəkkil etdiyi orqan ilə əmək kollektivi arasında kollektiv müqavilələrin bağlanması və əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
 
Maddə 28. Dövlət əmlakının özəlləşdirilməsi zamanı ekoloji tələblər
 
28.1. Satıcı özəlləşdirmə obyektinin ekoloji vəziyyəti haqqında alıcıya məlumat təqdim etməlidir.
28.2. Alqı-satqı müqavilələrində ekoloji tələblər nəzərdə tutula bilər.
 
III fəsil
Yekun müddəalar
 
Maddə 29. Dövlət əmlakının özəlləşdirilməsinə dair əqdlərin rəsmiləşdirilməsi
 
29.1. Dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır.
29.2. Bu Qanunun 29.1-ci maddəsində göstərilən alqı-satqı müqaviləsində hərracın, müsabiqənin və yaxud satınalmanın şərtlərindən irəli gələn öhdəliklərdən başqa dövlət əmlakının alqı-satqı müqaviləsinin tələbləri kimi aşağıdakılar göstərilməlidir:
29.2.1. özəlləşdirilən dövlət əmlakının satıcısı və alıcısı barədə məlumat;
29.2.2. özəlləşdirmə obyektinin adı, yerləşdiyi yer, torpaq sahəsi, tərkibi və dəyəri;
29.2.3. səhmdar cəmiyyətinin səhmlərinin sayı, onların növü və nominal dəyəri;
29.2.4. özəlləşdirmə obyektinin dəyərinin ödənilməsi forması və onun alıcının mülkiyyətinə verilməsi qaydaları;
29.2.5. tərəflərin öhdəlikləri və onların icra müddəti;
29.2.6. tərəflərin razılığı ilə digər şərtlər.
29.3. Özəlləşdirilmiş əmlak özəlləşdirmə əqdi qüvvədə olduğu müddətdə özgəninkiləşdirildikdə bu əqdlə müəyyən edilmiş öhdəliklər həmin əmlakı əldə etmiş yeni mülkiyyətçi üçün məcburidir.
29.4. Alqı-satqı müqaviləsində müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi üzərində nəzarəti dövlət əmlakının satıcısı həyata keçirir.
29.5. Özəlləşdirmə prosesində bağlanan əqdlərin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və özəlləşdirilmiş obyekt üzərində alıcının mülkiyyət hüququnun rəsmiləşdirilməsi məqsədilə dövlət əmlakının alıcılarına özəlləşdirilən müəssisə və obyektlərə, onların, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamə verilir.[14]
29.6. Özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrinin müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər. Bu sahədə məhdudiyyət olduğu halda, o cümlədən, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, xarici hüquqi şəxs olduqda isə o, torpaq sahəsini satınalma hüququ olmadan icarəyə götürə bilər.
29.7. Alıcı ixtisaslaşdırılmış çek və pul hərraclarında aldıqları səhmlərə mülkiyyət hüququnu auksionların nəticələri haqqında protokolun təsdiq etdiyi gündən əldə edir.
 
Maddə 30. Özəlləşdirmə zamanı yaranan mübahisələrin həlli
 
Dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir.
 
Maddə 31. Dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi
 
31.1. Dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün aşağıdakılar əsasdır:
31.1.1. Bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması;
31.1.2. Dövlət əmlakının bu qanuna uyğun olaraq alıcı kimi tanınmayan şəxs tərəfindən özəlləşdirilməsi.
31.2. Dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlər mübahisələndirilə bilər.[15]
 
Maddə 32. Bu Qanunun pozulmasına görə məsuliyyət
 
Bu Qanunun pozulmasına görə hüquqi və fiziki şəxslər, vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məsuliyyət daşıyırlar.
 
Maddə 33. Keçid müddəaları
 
33.1. Bu Qanun qüvvəyə mindiyi günədək qəbul edilmiş və dövlət əmlakının özəlləşdirilməsini tənzimləyən normativ-hüquqi aktlar bu Qanuna zidd olmayan hissəsində öz qüvvəsini saxlayır.
33.2. Bu Qanunun qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 1, maddə 11), Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 22, maddə 361, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 11, maddə 645) qüvvədən düşmüş hesab edilsin.
 
Heydər Əlİyev,
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 16 may 2000-ci il
№ 878-IQ
 
 
 
 
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
 
  1. 25 oktyabr 2002-ci il tarixli 376-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 586)
  2. 4 mart 2005-ci il tarixli 854-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 5, maddə 391)
  3. 15 aprel 2005-ci il tarixli 887-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 464)
  4. 7 aprel 2006-cı il tarixli 91-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 389)
  5. 21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478)
  6. 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005)
  7. 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745)
  8. 29 oktyabr 2013-cü il tarixli 800-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 dekabr 2013-cü il, № 267; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1314)
  9. 28 noyabr 2014-cü il tarixli 1114-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1524)
  10. 16 dekabr 2014-cü il tarixli 1135-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 fevral 2015-ci il, № 027, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 78)
  11. 20 oktyabr 2015-ci il tarixli 1404-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr 2015-ci il, № 260, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1297)
  12. 31 oktyabr 2017-ci il tarixli 823-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 dekabr 2017-ci il, № 270, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2191)
  13. 1 fevral 2019-cu il tarixli 1460-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral 2019-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 180)
  14. 29 mart 2019-cu il tarixli 1552-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 797)
  1. 3 may 2019-cu il tarixli 1585-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 993)
  2. 12 iyul 2019-cu il tarixli 1661-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 avqust 2019-cu il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1382)
 
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
 
[1] 21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə  4.0.1-ci maddədə "obyektlərin yerləşdiyi" sözlərindən sonra "dövlət" sözü əlavə edilmişdir.
 
[2] 29 oktyabr 2013-cü il tarixli 800-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 dekabr 2013-cü il, № 267; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1314) ilə 6.2.3-cü maddəsində "Azərbaycan xalqının tarix və mədəniyyət abidələri" sözlərindən əvvəl "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət əmlakı, o cümlədən" sözləri əlavə edilmişdir.
 
[3] 1 fevral 2019-cu il tarixli 1460-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral 2019-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 180) ilə 6.2.4-cü maddədə “Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin, daxili və sərhəd qoşunlarının” sözləri “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi əmlakı” sözləri ilə əvəz edilmişdir.
 
[4] 7 aprel 2006-cı il tarixli 91-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 389) ilə 6.2.5-ci maddəsində “baytarlıq, meşə və bitki mühafizəsi idarələri” sözləri “meşə idarələri, baytarlıq və fitosanitar nəzarəti xidmətləri” sözləri ilə əvəz edilmişdir.
28 noyabr 2014-cü il tarixli 1114-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1524) 6.2.5-ci maddəsindən “, baytarlıq” sözü çıxarılmışdır.
 
[5] 20 oktyabr 2015-ci il tarixli 1404-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr 2015-ci il, № 260, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1297) ilə 6.2.6-cı maddəsindən “, standartlaşdırma və metrologiya müəssisələri” sözləri çıxarılmışdır.
 
[6] 16 dekabr 2014-cü il tarixli 1135-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 fevral 2015-ci il, № 027, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 78) ilə 6.2.8-ci maddəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
6.2.8. dövlət əhəmiyyətli avtomobil və dəmir yolları, körpülər və tunellər;
 
[7] 29 mart 2019-cu il tarixli 1552-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 797) ilə 6.2.16-cı maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
6.2.16. dövlət icbari ümumi orta təhsil müəssisələri;
 
[8] 15 aprel 2005-ci il tarixli 887-IIQD nömrəli  Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 464) ilə 6.2.19-cu maddə əlavə edilmişdir.
 
[9] 31 oktyabr 2017-ci il tarixli 823-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 dekabr 2017-ci il, № 270, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2191) ilə 6.2.19-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 6.2.20-ci maddə əlavə edilmişdir.
 
[10] 3 may 2019-cu il tarixli 1585-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 993) ilə 8.2.8-ci maddəsi yeni redaksiyada verilmişdir.
 
əvvəlki redaksiyada deyilirdi:
8.2.8. dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin statistik və mühasibat hesabatını aparır və onun dövlət büdcəsinə köçürülməsini təmin edir;
 
[11] 25 oktyabr 2002-ci il tarixli 376-IIQD nömrəli  Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 586) ilə 11.2-ci maddəsində "özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili və müəssisələrin özəlləşdirmə qabağı sağlamlaşdırılması" sözləri "özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili, müəssisələrin özəlləşdirmə qabağı sağlamlaşdırılması və sahibkarlığa dövlət köməyinin maliyyələşdirilməsi" sözləri ilə əvəz edilmişdir.
4 mart 2005-ci il tarixli 854-IIQD nömrəli  Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 5, maddə 391) ilə 11.2-ci maddəsində "müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması və sahibkarlığa dövlət köməyinin maliyyələşdirilməsi" sözləri "müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, sahibkarlığa dövlət köməyinin maliyyələşdirilməsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etməklə bağlı xərclərin ödənilməsi" sözləri ilə əvəz edilmişdir.
 
[12] 12 iyul 2019-cu il tarixli 1661-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 avqust 2019-cu il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1382) ilə 17.2.4-cü maddədə “statusu almış” sözləri “kimi qeydiyyata alınmış” sözləri ilə əvəz edilmişdir.
 
[13] 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005) ilə 25.4-cü maddə əlavə edilmişdir.
 
[14] 21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 29.5-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Özəlləşdirilmiş obyekt üzərində alıcının mülkiyyət hüququ dövlət əmlakının satıcısı tərəfindən verilən mülkiyyət hüququ haqqında şəhadətnamə ilə rəsmiləşdirilir.
 
[15] 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 31.2-ci maddəsində "əqdlərin etibarsız hesab edilməsi haqqında mübahisələrə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə tərəfındən baxılır" sözləri "əqdlər mübahisələndirilə bilər" sözləri ilə əvəz edilmişdir.