Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi öz vəzifə və funksiyalarının icrası istiqamətində Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarlarına əsasən elektron xidmətlərin təşkili və onların həyata keçirilməsi ilə bağlı işlər görür.

Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, sahibkarlar arasında rəqabət mühitinin formalaşdırılması, daşınmaz əmlak bazarının daha da aktivləşdirilməsi prosesində komitə tərəfindən elektron xidmətlərin təşkili bu işləri daha da sürətləndirir. Hazırda komitə tərəfindən elektron əmlak idarəçiliyi, daşınmaz əmlakın qeydiyyatı, daşınmaz əmlak üzrə ipotekanın və lizinqin təşkili, müsadirə olunmuş, dövlətin mülkiyyətinə keçmiş əmlakların və nəqliyyat vasitələrinin elektron hərraclar vasitəsi ilə satışı, dövlət əmlakının səmərəli idarəçiliyinin təşkili və s. istiqamətlər üzrə 15 elektron xidmət təsdiq edilmişdir. Vətəndaşların və hüquqi şəxslərin bu elektron xidmətlərdən şəffaf və rahat istifadə edə bilmələri üçün həmin xidmətləri vahid məkanda cəmləyən www.e-emdk.gov.az portalı istifadəyə verilmişdir.

“Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 05 fevral tarixli Fərmanın icrası ilə bağlı komitənin fəaliyyət istiqamətləri üzrə göstərilən 4 interaktiv və 3 informativ tipli elektron xidmətin “Elektron hökumət” portalına (www.e-gov.az) inteqrasiyası və Komitənin fəaliyyət istiqamətləri üzrə təsdiq edilmiş 15 elektron xidmətin “Elektron xidmətlər reyestri”ndə qeydə alınması işləri görülmüşdür.

Ümumilikdə 2013-cü ilin oktyabr ayınadək komitə tərəfindən göstərilən “Daşınmaz Əmlakın Dövlət Reyestrindən məlumatların verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakların satışı” elektron xidmətləri üzrə 6000-dən çox müraciət daxil olmuşdur.

Komitənin fəaliyyət istiqamətləri üzrə yeni elektron xidmətlərin vətəndaşların və hüququ şəxslərin istifadəsinə verilməsi istiqamətində davamlı olaraq işlər görüləcəkdir.