Torpaqlardan düzgün istifadə ilə bağlı maarifləndirici İşgüzar Forum keçirilib
Əmlak Məsələləri Dövlət Komitəsi də belə halların aradan qaldırılması, torpaq münasibətlərinin tənzimlənməsi və inzibatçılığı, habelə torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, torpaq bazarının təşkili ilə bağlı regionlarda maarifləndirici İşgüzar Forumlar keçirilir. Növbəti belə forum avqustun 14-də Abşeronda baş tutub. Tədbir yerli icra hakimiyyəti nümayəndələrinin, bələdiyyələrin, torpaq istifadəçisi olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin, iri torpaq mülkiyyətçilərinin və KİV nümayəndələrinin maarifləndirilməsi məqsədilə keçirilib.
Məlumdur ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində mühüm tədbirlər görülür, müvafiq fərmanlar imzalanır, tapşırıqlar verilir. Möhtərəm Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına əsasən torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, aidiyyətı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməlidir. Habelə torpaqların səmərəli istifadəsinin təşkili, torpaqların münbitliyinin, keyfiyyət göstəricilərinin artırılması prioritet məsələ kimi müəyyən olunub. Əmlak Məsələləri Dövlət Komitəsi də fərmana uyğun olaraq torpaq idarəçiliyi və inzibatçlılığı sahəsində müxtəlif maarifləndirici İşgüzar Forumlar keçirir.
İşgüzar Forumların keçirilməsinin əsas məqsədi bələdiyyələri, iri torpaq mülkiyyətçilərini digər aidiyyətı qurumları torpaqların qanunvericiliyin tələblərinə uyğun istifadəsi ilə bağlı məlumatlandırmaqdır. O cümlədən onlara torpaqların kateqoriyası və təyinatına uyğun istifadəsi ilə əlaqədar müvafiq qanunun müddəalarına riayət edilməsinin vacibliyini bildirməkdir. Həmçinin vacib vəzifələrdən biri tədbir iştirkaçılarını torpaq idarəçiliyində yaranan qanun pozuntularına qarşı tətbiq olunan inzibati tənbeh tədbirləri, o cümlədən sanksiyalar barəsində maarifləndirməkdiir. Eyni zamanda torpaqların istifadəsi ilə bağlı yaranan hüquq və vəzifələri agah etmək, torpaq bazarının formalaşması və torpaq inzibatçılığı ilə bağlı yaranan məsələlər barəsində maarifləndirmək tədbirin əhəmiyyətini təşkil edir. Vətəndaşlara torpaqlar ayrılan zaman qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyini bildirmək, torpaqların təyinatının dəyişdirilməsi qaydalarını izah etmək də forumun əsas vəzifələrindəndir.
Forumun keçirilməsi Komitənin torpaqla bağlı fəaliyyətinin icrasında səmərəliliyin və effektivliyin daha da artırılması məqsədi ilə yerli icra hakimiyyətləri, fiziki və hüquqi şəxslər, bələdiyyələr və aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkilində mühüm əhəmiyyət kəsb edir. Belə forumların keçirilməsi müxtəlif istiqamətlərdə əməkdaşlığın reallaşdırılmasına, bu işlərinin daha sıx həyata keçirilməsinə imkan yaradır.
Vurğulanıb ki, vahid idarəçiliyin tətbiqində mühüm əhəmiyyət daşıyan bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bazasının yaradılması istiqamətində işlər aparılır. Ölkə ərazisindəki bütün torpaqlar elektron kadastr uçotuna alınaraq Torpaqların Elektron Uçotu İnformasiya Sistemi yaradılır. Bu sistemin məlumatlarına istinad etməklə torpaqla bağlı əsassız istifadə hallarının qarşısının alınmasına, torpaq ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsinə dair qərarlar qəbul edilir. Müasir bələdiyyə və relyef xəritələrinin hazırlanmasına nail olunur.
Tədbirdə Komitə nümayəndəsi “Torpaq idarəçiliyi və inzibatçılığının prinsipləri, bu sahədə tətbiq olunan yeni yanaşmalar” mövzusunda təqdimatla çıxış edib. Bildirilib ki, torpaq idarəçiliyində, torpaq bazarının təşkilində, torpaqların səmərəli istifadəsində, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətində yeni yanaşmalar, modern üsullar, innovativ layihələr tətbiq edilməklə mühüm işlər görülür. Bu sahələrin müasir metodlarla idarə edilməsi diqqətə çatdırılıb. Torpaqlardan düzgün, səmərəli istifadənin elementləri və prinsipləri barədə məlumat verilib Torpaq idarəçiliyində yaranan qanunpozuntularının qarşısının alınması, bununla bağlı inzibati xətalar və sanksiyalar izah olunub. Qeyd olunub ki, torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər gücləndirilib. Bildirilib ki, belə qanunpozuntularının aradan qaldırılması üçün torpaq müfəttişləri tərəfindən monitorinq və reydlər keçirilir. Qanun pozuntusuna yol verən şəxslərə qanunvericiliyə uyğun protokollar tərtib edilir.
Sonda vətəndaşları maraqlandıran, torpaqla bağlı gündəlik qarşılaşdıqları məsələlərə dair suallar dinlənilib. Onlara Komitənin nümayəndələri tərəfindən müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun olaraq zəruri izahatlar verilib.
Komitə tərəfindən belə maarifləndirici İşgüzar Forumlar Qazax, Ağdaş, Oğuz, Şamaxı, Cəlilabad, Salyan və Quba rayonlarında artıq keçirilmişdir.