Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 5 sentyabr tarixində keçiriləcək hərraca 66 dövlət əmlakı çıxarılıb
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı Şəmkir, Masallı, İmişli, Cəlilabad, Göygöl, Daşkəsən və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 17 kv.m ilə 11 min 266 kv.m arasında dəyişir. Hərraca çıxarılan əmlaklardan ilkin satış qiyməti ən yüksək olanı Baləkən şəhərində yerləşən “Əmlak Kompleksi”- dir. Adı çəkilən obyekt 715 min manata təklif olunur. Ümumi faydalı sahəsi 11 min kv.m-dən çox, torpaq sahəsi isə 38 min kv.m-ə yaxındır. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Həmin müəssisələrin özəlləşdirilməsi iqtisadiyyatın bir çox sahələrinin inkişaf etdirilməsinə imkan verir.
Torpaq sahəsi 26 min kv.m, ümumi faydalı sahəsi isə 221,2 kv.m təşkil eden "Seyidlər üzüm emalı zavodu" aqrar və yeyinti sənayenin inkişaf etdirilməsinə şərait yaradır. İnvestisiyalar hesabına belə müəssisə və obyektlərin maddi-texniki bazası yenidən qurulur, yeni sistemlər və texnologiyalar tətbiq olunur. Daha sonra fəaliyyətini genişləndirən bu kimi zavodlar, profil üzrə tələbatın ödənilməsində öz töhvəsini verir. Eyni zamanda gücləndirilmiş istehsal nəticəsində müəssisələr xarici bazarlara çıxış imkanı əldə edir. Bu isə ölkənin iqtisadi sahədə potensialının artmasına gətirib çıxarır.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında paytaxtın Xəzər rayonunda yerləşən "Mərdəkan" restoranını nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün iaşə sahəsində yaxşı qazanc deməkdir..
Qeyd edilməlidir ki, fəaliyyəti yenidən tam gücü ilə bərpa edilən müəssisələrə yeni işçilər cəlb edilir. Müəssisələrin əksəriyyətinin rayonlarda yerləşməsi isə bölgələrin inkişafına imkan verir. Bu isə öz növbəsində ölkədəki iqtisadi aktivliyə müsbət təsirini göstərmiş olur.
Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 14-ü paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Bu kateqoriyaya aid olanların ümumi faydalı sahəsi 13 kv.m ilə 600 kv.m arasında dəyişir. Obyektlərin sahələrinin müxtəlif olması investorların seçim imkanını artırır. Eyni zamanda alıcılar sərfəli qiymətə də əmlak sahibi ola bilərlər. Belə ki, Bakının Sabunçu rayonunda yerləşən, ilkin satış qiyməti 8 min 500 manata olan qeyri-yaşayış sahəsi bu baxımdan əlverişlidir.
Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur keçmələri kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır. Bununla yanaşı dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbuat orqanı olan «Mülkiyyət» qəzetində də dərc edilir.
Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.