Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları, dövlət şirkətləri, birlikləri və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatlar tərəfindən sərəncamlarında olan “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsi”nin doldurulması və təqdim edilməsi barədə
Təlimat


“Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsi” hər ilin aprel ayının 1-dək, habelə daşınmaz dövlət əmlakında dəyişiklik baş verdikdən sonra 5 gün ərzində onlayn (internet üzərindən müəyyən edilmiş link vasitəsilə) dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) təqdim edilməlidir.Qeydiyyat vərəqələri müəssisə və təşkilatlar tərəfindən aşağıdakı hallarda verilməlidir:
- ƏMDX-nin Dövlət əmlakının registri sektorunun əməkdaşlarının sorğuları olduqda;
- Əmlak üzərində dəyişiklik baş verdiyi gündən 5 gün müddətində;
- Hər ilin aprel ayının 1-dək.

Müəssisə və təşkilatlar tərəfindən balanslarında olan daşınmaz əmlaklara dair  Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqələri doldurularkən aşağıdakı qaydalara əməl edilməlidir (nümunə əlavə edilir).
  • Qeydiyyat vərəqələri balanssaxlayıcı müəssisə və təşkilatlar tərəfindən təqdim edilir;
  • Qeydiyyat vərəqələri müəssisə və təşkilatların balansında əmlak olmadığı halda da doldurulur;
  • Əmlak üzərində dəyişiklik baş veribsə, təsdiqedici sənədlər əlavə ediməlidir;
  • Bütün daşınmaz əmlak obyektlərinin ƏMDX-nın müvafiq qurumu tərəfindən hazırlanmış texniki pasportu olmalıdır və Qeydiyyat vərəqəsi həmin texniki pasportun əsasında doldurulmalıdır.
  • Qeydiyyat vərəqələrinin bütün qrafaları doldurulmalıdır;
  • Əmlakın siyahısında (2-ci vərəqə)- ünvanda yerləşən bütün tikililər və qurğular göstərilməlidir;
  • Əmlaklar ünvanlar üzrə doldurulmalıdır. Tikililər və qurğular göstərildikdən sonra yeni sətirdə ərazinin ümumi torpaq sahəsi 7-ci qrafada (II vərəq) göstərilməlidir. Tikililər və qurğular üçün həmin 7-ci qrafada ancaq tikilialtı torpaq sahəsi (çöldən-çölə enini uzunluğuna vurmaqla alınır);
  • Qeydiyyat vərəqələrinin 5 və 6-cı qrafaları (II vərəq) ancaq bina və tikililər üçün göstərilir. Qurğular üçün bu qrafalar boş saxlanılır. 5-ci qrafada bina və tikilinin mərtəbələr üzrə daxili sahəsi (əsas və köməkçı) göstərilməlidir;
  • Bir mərtəbəli tikililər üçün 5-ci qrafadakı daxili sahə, 7-ci qrafadakı tikilialtı sahədən kiçik olmalıdır (divarlar çıxılır);
  • Bir ünvanda (bir ərazidə) yerləşən əmlaklarin bir  başlıq altında  qruplaşdırılması məqsədəuyğundur. Məsələn: Qaraj sahəsi, Yardımçı təsərrüfat, 3 saylı qəbul məntəqəsi və s.;
  • Qeydiyyat vərəqəsinin 3-cü qrafasında rayonun adı yazılır (Bakı şəhəri, qəsəbə və ya kənd adı yazmaq olmaz). 4-cü qrafada ünvan dəqiq və bütöv yazılmalıdır (qəsəbə, kənd, məhəllə, döngə, küçə, prospekt vəs.). Küçə və prospektlərin adları tam göstərilməlidir. Məsələn Süleyman Rəhimov küçəsi, Qara Qarayev prospekti və s.
 Qeydiyyat vərəqəsinin I vərəqi:
  • Qeydiyyat vərəqəsinin I vərəqində balanssaxlayıcı qurum barədə məlumatlar göstərilir;
  • Hüquqi ünvan qrafasında müəssisə və təşkilatın hüquqi ünvanı bütöv göstərilməlidir (Rayon, qəsəbə, kənd, məhəllə, döngə, küçə, prospekt və s.);
  • Daxil olduğu birlik qrafasında müəssisə və təşkilatın tabe olduğu nazirlik və ya baş idarənin adından başlayaraq bilavasitə tabeliyində olduğu baş idarəyə qədər bütün baş idarərələr göstərilməlidir. Məsələn Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi (müəssisənin adı Mənzil kommunal xidmətlər departamenti olduğu halda), Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi (müəssisənin adı Səbail rayon mühafizə idarəsi olduğu halda);
  • Qeydiyyat vərəqəsinin I vərəqində Torpaq sahəsinin ölçüsü qrafasında göstərilən müəssisənin ümumi torpaq sahəsi (Hektarla göstərilir) Qeydiyyat vərəqəsinin II vərəqindəki ayrı-ayrı ünvanlar (sahələr) üzrə torpaq sahələrinin cəminə bərabər olmalıdır;