Əmlak Məsələləri Dövlət Komitəsində 2017-ci ilin yarımilliyinə dair müşavirə keçirilib
Bildirilib ki, ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara əsasən yeni, müasir yanaşmalar tətbiq etməklə özəlləşdirilmə sürətləndirilir, prosedurlar elektronlaşdırılır. Bu sahədə şəffaflığın, operativliyin təmin olunması, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb edilməsi istiqamətində işlər davam etdirilmişdir. Prosesə yerli investorların daha fəal cəlb edilməsi məqsədi ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və AZPROMO-nun iştirakı ilə paytaxt və regionlarda iri yerli holdinq, şirkət, assosiasiya və iş adamının qatıldığı işgüzar forumlar keçirilmişdir. Forum çərçivəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə əməkdaşlıq haqqında memorandumu imzalanmışdır.
Komitə tərəfindən istifadəyə verilmiş “Özəlləşdirmə portalı”ndan yanvar-iyun ayları ərzində istifadə edənlərin sayı 400 minə yaxın olmuşdur. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portaldan istifadə edənlərin 800 mini keçmişdir.
2017-ci ilin ilk 6 ayında dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Bakı və respublikanın rayonları da əhatə olunmaqla ümumilikdə 103 hərrac keçirilmişdir.
Müşavirədə bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə sahəsində innovativ yenilik, xüsusi model olan Elektron hərracı istifadəyə vermişdir. İlk olaraq daşınar əmlakın özəlləşdirilməsini həyata keçirən Elektron hərrac vasitəsilə ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn olaraq qatılıb dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilərlər.
Qeyd olunub ki, Möhtərəm Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq torpaqların elektron kadastr uçotunun aparılması istiqamətində işlər davam etdirilmişdir. Elektron kadastr uçotunun işləri yekunlaşmış 12 rayonda bələdiyyə xəritələrinin hazırlanması üzrə işlər davam edir. 2017-ci ildə 14 rayonunda torpaqların elektron uçotuna alınması işinin tam yekunlaşması nəzərdə tutulur. Ümumi ərazisi 130 min hektar olan 53 rayon mərkəzi və ona bitişik şəhər və qəsəbələrdə daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması, ərazinin rəqəmsal kadastr xəritəsinin tərtibi işləri davam edir. 14 rayonun 837 min hektara yaxın ərazilərinin yay və qış otlaqlarında, eləcə də bələdiyyələrin kəndətrafı örüş və biçənəklərində irimiqyaslı çöl geobotaniki tədqiqat işlərinin yerinə yetirilməsi nəzərdə tutulur. Bu ilin birinci yarımilliyində 268 min hektara yaxın ərazidə çöl torpaq tədqiqatı, 200 min hektar ərazidə çöl geobotaniki tədqiqat işləri yerinə yetirilib.
Vurğulanıb ki, respublikanın 57 şəhər və rayonu, o cümlədən, 156 qəsəbə və 1533 kənd yaşayış məntəqəsi üzrə 30 minə yaxın küçə və prospekt, 600 mindən artıq giriş ünvan nömrələri Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilmişdir. Fevral ayında vətəndaşların istifadəsinə verilən AzNav - ilk rəsmi naviqasiya sistemi istifadəçilərinin sayı cari ilin ilk 6 ayı ərzində 100 minə yaxın olmuşdur.
Komitə tərəfindən torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarət məqsədilə Bakı və regionlarda monitorinqlər və reydlərin keçirilməsi işləri davam etdirilmişdir. Hesabat dövrü ərzində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 600 hal üzrə inzibati protokollar tərtib olunmuşdur. Ümumilikdə indiyədək, 1700 inzibati protokol əsasında 1,2 milyon manat cərimə tətbiq edilmiş, 240 hal üzrə müvafiq sənədlər aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilmişdir.
Müşavirədə bildirilib ki, 32 müraciət üzrə torpaq sahəsinin təyinatı dəyişdirilmişdir. Kənd təsərrüfatı məqsədi ilə 184 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilmişdir.
Bildirilib ki, Daşınmaz əmlakın qeydiyyatı sahəsində növbəti innovativ addım çıxarış və arxivlərin elektronlaşdırılmasıdır. Bununla əhaliyə əmlaklar üzərində çıxarışların elektron formatda təqdim edilməsi mümkün olmuşdur.
İlk 6 ay ərzində keçirilmiş 14 “Kütləvi çıxarış” kampaniyasının 2-si paytaxt rayonlarında, 12-si isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutmuşdur. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə 6 ay ərzində vətəndaşlardan 33 mindən çox müraciət qəbul olunmuşdur. 2017-ci ilin ilk 6 ayı ərzində ölkə üzrə 94 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış, bu göstəricinin 28 min 348-i ilkin, 64 min 954-ü isə təkrar qeydiyyata aid olmuşdur.
Qeyd edilib ki, hesabat dövrü ərzində Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Memoranduma əsasən tərəflərin fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə şəffaflığın artırılması, birgə layihələrin həyata keçirilməsi, innovasiyaların tətbiqi üçün geniş platforma yaradılır.
Komitənin çağrı mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Komitənin aparatında müasir standartlara cavab verən 193 nömrəli vahid çağrı mərkəzi yaradılmışdır.
Komitənin fəaliyyət sahələri üzrə təşkil edilmiş elektron və onlayn xidmətlər vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən yanvar-iyun ayları ərzində 80 mindən çox müraciət daxil olmuş və cavablandırılmışdır.
Cari ilin ilk 6 ayı ərzində regionlarda 6 vətəndaş qəbulu keçirilmiş, 53 vətəndaş qəbul edilərək müraciətlərinə baxılmışdır.
Müşavirənin sonunda Komitə sədri Kərəm Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirmişdir. Torpaq münasibətlərinin tənzimlənməsinin effektiv aparılması, torpaqların elektron kadastr uçotu sisteminin yaradılması, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi ilə bağlı görülən işlərin sürətlənməsi, torpaqların mühafizəsinə dövlət nəzarətinin daha da gücləndirilməsi, daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflığın daha da artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, daşınmaz əmlakın kadastrının aparılması ilə bağlı işlərin davam etdirilməsi, dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi istiqamətində zəruri işlərin görülməsi barədə tapşırıqlarını vermişdir. Bildirib ki, Komitə fəaliyyəti üzrə ictimai xidmətlərdə əlçatanlığın və vətəndaş məmnunluğunun təmin edilməsinə xüsusi önəm verir. Komitə sədri fəaliyyət istiqamətlərində elektronlaşmanın təmin edilməsi, elektron hərracların daha geniş şəkildə tətbiq olunması, yeni innovativ layihələrin davamlı olaraq keçirilməsi ilə bağlı tapşırıqlarını verib.