ACIQ SƏHMDAR CƏMİYYƏTİNİN (OBYEKTİN) İNVESTİSİYA MÜSABİQƏSİNDƏ SATILMIŞ SƏHMLƏRİNİN NÜMUNƏVI ALQI-SATQI MÜQAVİLƏSİ
“________________________” AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN (OBYEKTİN) İNVESTİSİYA MÜSABİQƏSİNDƏ SATILMIŞ SƏHMLƏRİNİN
NÜMUNƏVİ ALQI-SATQI
M Ü Q A V İ L Ə S İ
№ İM-___
BAKI – 20___
“__________________” AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN (OBYEKTİN) İNVESTİSİYA MÜSABİQƏSİNDƏ SATILMIŞ SƏHMLƏRİNİN ALQI-SATQI
M Ü Q A V İ L Ə S İ
№ İM-___
Bakı şəhəri “___” __________ 20___ il
“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və ”İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na müvafiq olaraq “_________________” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin (obyektin) satışı üzrə investisiya müsabiqəsinin nəticələri haqqında müsabiqə komissiyasının “___” _________ 20___ il tarixli Protokolu (Əlavə 1) nəzərə alınaraq, bundan sonra “Satıcı” adlandırılacaq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, onun __________________________ şəxsində və bundan sonra “Alıcı” adlandırılacaq “__________” şirkəti (fiziki şəxs), onun _______________________________________ şəxsində bu Müqavilə ilə bağlı aşağıdakılar haqqında razılığa gəlmişlər.
Satıcı və Alıcı bu Müqavilədə ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlanacaqlar.
1. MÜQAVİLƏNİN PREDMETİ
Bu Müqaviləyə əsasən Satıcı Azərbaycan Respublikasının ___________ şəhəri (rayonu), ____________________ ünvanında yerləşən “_______________” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “Səhmdar Cəmiyyəti”) (və ya obyektin) nizamnamə kapitalının _________%-ni təşkil edən ___________ (______________________) ədəd səhmini (bundan sonra “Səhmlər”) satır, Alıcı isə həmin Səhmləri __________ (_________________________) manat (və ya _________ (______________) ABŞ dollarının ekvivalenti) həcmində investisiya qoyuluşlarını nəzərdə tutan, Səhmlərin satışı ilə əlaqədar “___” ___________ 20___ il tarixdə keçirilmiş investisiya müsabiqəsində iştirakla bağlı təqdim etdiyi investisiya proqramının (“İnvestisiya Proqramı”) və Müqavilənin 4.2.1-4.2.__ bəndlərində göstərilmiş şərtlərin yerinə yetirilməsi müqabilində alır.
2. SATICININ BƏYANNAMƏLƏRİ
2.1. Bununla Satıcı bəyan edir ki:
2.1.1. Satıcı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış və fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanıdır və onun bu Müqaviləni bağlamağa və Səhmdar Cəmiyyətinin səhmləri üzərində sərəncam verməyə səlahiyyəti vardır;
2.1.2. Satıcı adından bu Müqaviləni imzalayan şəxsə Satıcı tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bu Müqaviləni imzalamaq üçün lazımi səlahiyyətlər verilmişdir;
2.1.3. Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmışdır, nizamnamə kapitalı ___________ manat təşkil edir və hər birinin nominal dəyəri ___ (______) manat olan __________ (______________) səhmi müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmışdır;
2.1.4. Səhmdar Cəmiyyəti ___________________ tabeliyində olmuş və ______________________ ünvanında yerləşən ___________________ bazasında yaradılmış və Səhmdar Cəmiyyətinin Özəlləşdirmə Planında (Emissiya Prospektində) göstərilmiş bütün əmlak Səhmdar Cəmiyyətinin balansında öz əksini tapmışdır.
2.2. Müqavilənin 2-ci maddəsində göstərilmiş bəyannamələr Müqavilə imzalandığı tarixdən etibarən Müqavilə qüvvədə olduğu müddət ərzində etibarlı olacaqdır.
3.ALICININ BƏYANNAMƏLƏRİ
3.1. Bununla Alıcı bəyan edir ki:
3.1.1. Alıcı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış, qanuni fəaliyyət göstərən və bu Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmək üçün qənaətbəxş maliyyə imkanları olan hüquqi şəxsdir;
3.1.2. Müqavilənin imzalanması tarixinə Alıcı bu Müqavilənin müddəalarına müvafiq olaraq bacarıqlı, peşəkar kadr potensialı və maliyyə cəlb etmə imkanlarına malik olmaqla öz öhdəliklərini yerinə yetirmək iqtidarındadır;
3.1.3. Müqavilənin imzalanması tarixinə Alıcı və ya onun afilə edilmiş şəxsləri (bu və ya digər şəkildə Alıcının fəaliyyətində 25%-dən artıq həcmdə marağı olan hüquqi və fiziki şəxslər) təsərrüfat fəaliyyəti ilə bağlı hazırda heç bir məhkəmə çəkişməsinə cəlb edilməmiş, müflisləşmə riski olan hərəkət altında deyil və işgüzar nüfuzuna xələl gətirə biləcək hər hansı əməliyyatlarda iştirak etməmişdir;
3.1.4. Müqavilə imzalanan tarixədək Alıcının və ya onun afilə edilmiş şəxslərinin göstərdiyi təsərrüfat fəaliyyəti tamamilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmuşdur.
3.2. Müqavilənin 3-cü maddəsində verilmiş bəyannamələr Müqavilə imzalandığı tarixdən etibarən Müqavilə qüvvədə olduğu müddət ərzində etibarlı olacaqdır.
Müqavilənin qüvvədə olduğu müddət ərzində göstərilən bəyannamələrlə əlaqədar hər hansı dəyişiklik baş verərsə, Alıcı müvafiq dəyişikliyin baş verdiyi ___ (____) təqvim günü müddətində Satıcını bu barədə xəbərdar etməlidir.
4. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
4.1. Alıcı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən investisiya müsabiqəsi vasitəsilə satışa çıxarılmış Səhmdar Cəmiyyətinin ümumi nominal dəyəri _________ (______________________________) manat təşkil edən Səhmlərini aşağıda göstərilən öhdəliklərin yerinə yetirilməsi müqabilində almağı üzərinə götürür.
4.2. Müqaviləyə uyğun olaraq Alıcı aşağıdakıları təmin etməlidir:
4.2.1. Müqavilə imzalandığı tarixdən ___ (________) təqvim günü müddətində Səhmdar Cəmiyyətinin əmək haqqı və ona bərabər tutulan borclarının ödənilməsini;
4.2.2. Müqavilə imzalandığı tarixdən ___ (_______) təqvim günü müddətində ___________ (_______________) manat məbləğində vəsaiti ödəməyə dair götürdüyü öhdəliklə investisiya müsabiqəsində iştirak etmək üçün beh şəklində ödədiyi _________ (____________) manat arasındakı fərqi təşkil edən ________ (___________) manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Komitəsinin müəyyən etdiyi tranzit manat hesabına köçürülməsini;
4.2.3. Müqavilə imzalandığı tarixdən ___ (__________) təqvim günü müddətində _________ (____________) ədəd dövlət özəlləşdirmə çekinin silinmək üçün Satıcıya təqdim edilməsini;
4.2.4. Müqavilə imzalandığı tarixdən ___ (__________) təqvim günü müddətində İnvestisiya Proqramında təklif etdiyi investisiyanın ümumi həcminin 1 (bir) %-ni təşkil edən ___________ (_______________________________) ABŞ dolları məbləğində (və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının valyuta məzənnəsinə uyğun olaraq manat ekvivalenti həcmində) hissəsinin demontaj və təməl qurulması işlərinin həyata keçirilməsi məqsədilə pul vəsaiti şəklində Səhmdar Cəmiyyətinin hesablaşma hesabına (qanunvericiliklə müəyyən olunmuş qaydada hesablaşma hesabı ilə əməliyyatların həyata keçirilməsi mümkün olmadıqda kassasına) köçürülməsini və ya müvafiq dəyərdə avadanlıq, qurğu, texnologiya, nou-haunun alnması və ya bunların alınmasına dair müqavilələrin təqdim edilməsini.
Bu məbləğ investisiya məqsədlərindən başqa, digər məqsədlər üçün istifadə oluna bilməz.
4.2.5. Səhmdar Cəmiyyətinin Səhmlərinin satışı ilə əlaqədar “___” ________ 20___ il tarixdə keçirilmiş investisiya müsabiqəsində iştirakla bağlı təqdim etdiyi İnvestisiya Proqramının müəyyən olunmuş müddətdə, həcmdə, habelə istiqamət və mərhələlərə uyğun yerinə yetirilməsini.
4.3. Bu Müqavilə imzalandığı tarixdən etibarən Satıcı Alıcının təklif etdiyi namizədi ___ (__________) gün müddətində Səhmdar Cəmiyyətinə İdarə Heyətinin sədri təyin etməyi öhdəsinə götürür. Bu zaman Alıcı razılaşır ki, həmin şəxsin namizədliyi qüvvədə olan qanunvericiliyə uyğun gəlməli və həmin şəxs cinayət törətdiyinə görə məhkum olunmuş və məhkumluğu ödənilməmiş şəxs olmamalıdır.
Alıcı tərəfindən belə təklifin müəyyən olunmuş müddətdə verilməməsi Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin dəyişməsinə zərurətin olmadığını göstərir, lakin gələcəkdə bu kimi təklifin verilməsi mümkünlüyünü istisna etmir.
4.4. Müqavilənin 4.3. bəndindəki öhdəlik yerinə yetirildiyi tarixdən (İdarə Heyətinin sədri vəzifəsinə təyinatla bağlı müvafiq təklif verilmədikdə ___ (______________) günlük müddət başa çatdıqdan sonra), ___ (_______) təqvim günündən gec olmayaraq Alıcı Səhmdar Cəmiyyətinin möhürlərinin, sənədlərinin və emissiya prospektində qeyd olunan aktivlərinin təhvil-təslimini həyata keçirməli və bu barədə Bildirişi Satıcıya təqdim etməlidir.
4.5. Müqavilənin 4.2.1., 4.2.2., 4.2.3. və 4.2.4. yarımbəndlərində göstərilən öhdəliklər müəyyən edilmiş müddətlərdə Alıcı tərəfindən yerinə yetirilmədikdə və bunun səbəbləri Satıcıya tutarlı faktlarla əsaslandırılmadıqda Satıcı hər gecikdirilmiş gün üçün müvafiq ödənilməmiş məbləğin _____%-i həcmində dəbbə pulu (peniya) tətbiq etmək hüququna malikdir.
4.6. Müqavilənin 4.5-ci bəndində göstərilmiş öhdəliklərin icrası ilə bağlı gecikdirilmiş günlərin sayı 30-u keçdikdə, belə hal Alıcının Müqavilənin icrasından birtərəfli imtina edilməsi sayılacaq və Satıcıya Müqaviləyə müvafiq surətdə xitam vermək üçün əsas olacaqdır.
Bu zaman Satıcı tərəfindən Müqaviləyə xitam verildikdə Alıcının Müqavilənin 4.2.1., 4.2.2., 4.2.3. və 4.2.4. yarımbəndlərində göstərilmiş xərcləri geri qaytarılmayacaqdır.
4.7. Tərəflər bu Müqavilə ilə müəyyən edilmiş və üzərlərinə götürdükləri öhdəliklərin icrası ilə əlaqədar bir birindən istənilən məlumat tələb edə bilər və sorğu göndərə bilərlər.
4.8. İnvestisiya Proqramının icrası ilə əlaqədar Alıcı Səhmdar Cəmiyyətində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidənqurma, bərpa, genişləndirmə və tikinti işləri apara bilər. Bu zaman hər hansı əmlakın sökülməsi və/və ya silinməsi ilə əlaqədar Satıcıya əvvəlcədən xəbərdarlıq edilməli və həmin tədbirlər qanunvericiliklə müəyyən olunmuş qaydada icra edilməlidir.
4.9. Bu Müqavilə ilə müəyyən edilmiş öhdəliklərin icrası ilə əlaqədar Alıcının əvəzinə ödənişlərdən hər hansını digər hüquqi və ya fiziki şəxs etdikdə, müvafiq ödənişin hansı əsasla edilməsi Satıcıya bildirilməlidir.
4.10. Alıcı, Səhmdar Cəmiyyəti və ya onların hər hansının afilə edilmiş şəxsləri bu Müqavilə ilə müəyyən edilmiş öhdəliklərinin icrası məqsədilə bir birindən və üçüncü şəxslərdən kredit götürərkən Saıtıcıya əvvəlcədən məlumat verməlidirlər. Əsaslı səbəb olduqda Satıcı kreditin götürülməsinə etiraz etmək hüququna malikdir və Alıcı bununla razılaşmalıdır.
4.11. Müqavilə qüvvədə olduğu müddətdə Alıcı tərəfindən Səhmdar Cəmiyyətinin əmlakının, əsas vəsaitlərinin, səhmlərinin və ya digər qiymətlilərinin hər hansı məqsəd üçün girov qoyulmasına yol verilmir.
4.12. Alıcının özünün və ya hər hansı afilə edilmiş şəxsinin təsisçiləri (və ya səhmdarları) dəyişdikdə, bu barədə Satıcıya əvvəlcədən xəbərdarlıq edilməli və bunun səbəbləri izah olunmalıdır. Bu zaman əsaslı səbəblərin olduğu təqdirdə Satıcı potensial təsisçilərin və ya alıcıların dəyişməsinə etiraz edə bilər və Alıcı bununla razılaşmalıdır.
4.13. Səhmlər üzərində mülkiyyət hüququ Alıcıya keçənədək Səhmdar Cəmiyyətinin Səhmlərinin idarə olunması və Səhmdar Cəmiyyətinin ümumi yığıncaqlarının keçirilməsi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir.
5.İnvestİsİya proqramının İcrası
5.1. Tərəflər razılaşır ki, bu Müqavilənin müddəalarına uyğun olaraq investisiyalar dedikdə Alıcının Səhmdar Cəmiyyətinin fəaliyyətinin yenidənqurulması, bərpası və genişləndirilməsinə yönəltdiyi və bilavasitə İnvestisiya Proqramı ilə müəyyən edilmiş və əsaslı kapital qoyuluşu sayılaraq dövriyyənin artırılmasına gətirib çıxaran xərcləri (avadanlıq, qurğu, texnologiya, əmlak, bina, nou-haunun alınması, habelə əsaslı və cari təmir, yenidənqurma, tikinti, quraşdırma, bərpa və genişləndirmə işləri) başa düşülür.
5.2. Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə bağlı cəmiyyətin özünün çəkdiyi xərclər, o zaman investisiya hesab olunur ki, həmin vəsait Alıcının öz vəsaiti olaraq onun tərəfindən Səhmdar Cəmiyyətinin hesablaşma hesabına və ya kassasına mədaxil edilmiş olsun (bu vəsaitlərdən istifadə olunması nəticəsində əldə edilmiş gəlirlərdən qoyulan investisiyalar bu Müqavilənin məqsədləri üçün Investisiya kimi qəbul edilmir). Həmin xərclər yalnız əsaslı kapital qoyuluşu olduqda və/və ya dövriyyənin artırılmasına istiqamətləndikdə Investisiya kimi qəbul edilir.
5.3. Alıcı investisiya müsabiqəsində iştirakla bağlı tərtib etdiyi ____ (_____________) aylıq İnvestisiya Proqramının həyata keçirilməsinə təminat verir və buna dair öhdəlik götürür. İnvestisiyanın ümumi məbləği ____________ (_____________________) ABŞ dolları (və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının valyuta məzənnəsinə uyğun olaraq manat ekvivalenti) təşkil edəcəkdir.
5.4. Alıcı investisiya qoyuluşunu Müqaviləyə əlavə olunan İnvestisiya qoyuluşlarının Plan-cədvəlində (Əlavə 2) göstərilmiş istiqamət və məbləğlər üzrə həyata keçirəcəkdir. Tərəflərdən hər hansının əsaslandırılmış müraciəti əsasında investisiyanın ümumi məbləğinin azaldılmaması şərti ilə İnvestisiya Proqramına dəyişikliklər edilə bilər. Bu zaman müəssisənin iqtisadi və texnoloji inkişaf istiqamətləri prioritet götürülməlidir.
5.5. İnvestisiyanın ümumi məbləğinə Alıcı tərəfindən Müqavilənin 4.2.4. yarımbəndində göstərilən və investisiya məqsədləri üçün istifadə edilməli olan _________ (________________) ABŞ dolları da (və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının valyuta məzənnəsinə uyğun olaraq manat ekvivalenti) daxildir.
5.6. İnvestisiya qoyuluşunun başlanma tarixi (bundan sonra “Başlanma Tarixi”) Tərəflər arasında razılaşdırılacaq və bu tarix Müqavilənin imzalanma tarixindən ___ (_______) aydan gec olmayacaqdır. Qeyd olunan müddətdə İnvestisiya Qoyuluşunun Başlanma Tarixi razılaşdırılmadığı halda, bu tarix ___ (_____) aylıq müddət bitdiyi gündən hesablanacaqdır.
5.7. Hər birinin müddəti ___ (______) ay olan on altı mərhələdən ibarət İnvestisiya Proqramının hər 6 (altı) aylıq mərhələsi başa çatdığı tarixdən 10 (on) gün müddətində Alıcı müvafiq mərhələ üzrə nəzərdə tutulmuş öhdəliklərin icrası haqqında müstəqil auditor tərəfindən təsdiq edilmiş Aralıq hesabatı (bundan sonra “Hesabat”) Satıcıya təqdim etməlidir və bu Hesabatda aşağıdakılar əksini tapmalıdır:
a. İnvestisiya Proqramına müvafiq olaraq, hesabat dövründə hər bir istiqamət üzrə həyata keçirilmiş faktiki investisiya və onun konkret təyinatı, vaxtı və məbləği;
b.Həyata keçirilmiş faktiki investisiya və çəkilən bütün xərcləri açıqlayan sənədlərin surətləri (maliyyə-bank sənədləri, müqavilələr, təhvil-qəbul aktları, smetalar, qüsur aktları, qaimə fakturalar, vergi hesab fakturaları, üzləşmə aktları və s.);
c.Müqavilənin qüvvədə olduğu müddət ərzində yalnız Satıcının razılığı və nümayəndəsinin iştirakı ilə, mövcud qanunvericilikdə müəyyən olunmuş qaydada tərtib edilmiş əsas vəsaitlərin (qiymətlilərin) silinmə aktları;
ç.Satıcının zəruri hesab etdiyi və Alıcını əvvəlcədən xəbərdar etdiyi digər sənədlər, o cümlədən Alıcının özünün və afilə edilmiş şəxslərinin, habelə Səhmdar Cəmiyyətinin və onun afilə edilmiş şəxslərinin bu Müqavilə ilə bağlı maliyyə sənədləri.
5.8. Bütün göstərilən sənədlər Satıcının ilk tələbi ilə Alıcı tərəfindən təqdim olunmalıdır. Qeyd olunan sənədlərin vaxtında təqdim olunmaması və ya təqdim olunmasından imtina Alıcının Müqavilənin icrasından birtərəfli imtina edilməsi sayılacaq və Satıcı üçün Müqaviləyə müvafiq surətdə xitam vermək üçün əsas olacaqdır.
5.9. Əgər həyata keçirilmiş investisiyaların və xərclərin təyinat və məbləği Müqavilə və İnvestisiya Proqramı ilə müəyyən edilmiş xərclərlə uyğun gəlmirsə, bunun səbəbləri Alıcı tərəfindən yazılı şəkildə, Azərbaycan Respublikasının müvafiq normativ sənədlərə uyğun əsaslandırılmalı və Satıcı ilə razılaşdırılmalıdır.
5.10. Hesabatın təqdim olunması 60 (altmış) təqvim günündən artıq gecikdirildikdə və Satıcının yazılı xəbərdarlığına baxmayaraq, gecikdirmənin səbəbləri Alıcı tərəfindən tutarlı faktlarla əsaslandırılmadıqda, Alıcı gecikdirmə nəticəsində vurduğu zərər üçün Satıcı qarşısında mövcud qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
5.11. Satıcı gecikdirmə halının əsaslı səbəblər üzündən baş verməsini qəbul edərsə, Alıcıya Hesabatın təqdim olunması üçün əlavə vaxt verə bilər. Bu halda Alıcı icranı gecikdirmiş sayılmır.
5.12. Müqavilə öhdəliklərinin icrası və/və ya investisiya qoyuluşu ilə bağlı Satıcı qanunvericiliyə uyğun olaraq audit təyin etmək hüququna malikdir.
6. SƏHMLƏR ÜZƏRİNDƏ MÜLKİYYƏT HÜQUQUNUN ALICIYA KEÇMƏSİ
6.1. Səhmlər üzərində mülkiyyət hüququ Alıcıya bu Müqavilənin 4.2.1., 4.2.2., 4.2.3., 4.2.4. yarımbəndləri və 5.3-cü bəndində göstərilmiş öhdəliklər yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq keçir və Müqavilə qüvvədən düşmüş hesab edilir.
6.2. Müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər tam həcmdə yerinə yetirildikdən və ya İnvestisiya Proqramı ilə nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra ___ (_________) ay müddətində Alıcı müvafiq müddəti əhatə edən və müstəqil auditor tərəfindən təsdiq olunmuş Yekun Hesabatı Satıcıya təqdim etməlidir.
6.3. Yekun Hesabatı qəbul və təsdiq etmək məqsədi ilə Satıcı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada müvafiq dövlət orqanları və təşkilatların nümayəndələrindən ibarət xüsusi komissiya yaradır. Komissiya ___ (____) ay müddətində Alıcı tərəfindən Investisiya Proqramının tam yerinə yetirilməsini araşdırır və heç bir pozuntu aşkar edilmədikdə müvafiq İcra Aktı tərtib edərək Yekun Hesabatı təsdiq edir.
6.4. Satıcı Alıcıya əvvəlcədən xəbərdarlıq etməklə Səhmdar Cəmiyyətində müqavilə öhdəliklərinin və İnvestisiya Proqramının yerinə yetirilməsinin monitorinqini apara bilər.
Müqavilənin qüvvədə olduğu müddətdə İnvestisiya Proqramının bu Müqavilə ilə nəzərdə tutulmuş qaydada icra edilməməsi müəyyən edildikdə və Alıcı Satıcını qane edən şəkildə bunu əsaslandırmadıqda bu hal Alıcının Müqavilənin icrasından birtərəfli imtina edilməsi sayılacaq və Satıcı Müqaviləyə müvafiq qaydada xitam vermək hüququna malik olacaqdır.
6.5. Səhmlər üzərində mülkiyyət hüququ Alıcıya keçənədək Alıcı Səhmdar Cəmiyyətinin Səhmləri, habelə əsas vəsaitləri barədə Satıcının razılığı olmadan sərəncam vermək hüququna malik deyildir.
6.6. Müqavilə müddəti ərzində Səhmdar Cəmiyyətinin əmlakının idarə və ondan istifadə edilməsi hüquqları yalnız Alıcıya aiddir.
6.7. Alıcının əldə etdiyi Səhmlər üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə əlaqədar bütün xərclər Alıcının üzərinə düşür.
7.TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
7.1. Tərəflər razılaşır ki, Müqavilənin 3-cü maddəsində əksini tapmış bəyannamələrin Müqavilənin qüvvədə olduğu müddətdə hər hansı birinin həqiqətə uyğun olmaması və ya sonradan Satıcıya xəbərdarlıq edilmədən dəyişməsi aşkar edildikdə, habelə Müqavilənin 4.2.1., 4.2.2., 4.2.3. və 4.2.4.-cü yarımbəndləri üzrə müəyyən edilmiş öhdəliklərdən hər hansı biri Alıcı tərəfindən müvafiq öhdəlik üçün müəyyən olunmuş müddət ərzində yerinə yetirilmədikdə Alıcı 5 (beş) bank günü müddətində Satıcıya müvafiq pozuntunun əsaslı səbəblərini açıqlayan bildiriş təqdim etməli və pozuntunun razılaşdırılmış müddətdə aradan qaldırılmasına səy göstərməlidir.
Alıcı tərəfindən belə bildiriş göndərilmədikdə və müvafiq pozuntu halı Satıcı tərəfindən aşkar edildikdə, Satıcı Alıcıya Müqavilənin ləğv edilməsi haqqında bildiriş göndərməklə Müqaviləyə dərhal xitam vermək hüququna malik olacaqdır.
7.2. Alıcının səylərinə baxmayaraq, pozuntunun Müqavilə ilə müəyyən edilmiş qaydada 30 (otuz) bank günü ərzində aradan qaldırılması (9-cu maddədə göstərilən bəndlər istisna olmaqla) mümkün olmadıqda bu hal Alıcı tərəfindən Müqavilənin icrasından birtərəfli imtina edilməsi sayılacaq və Satıcı Alıcıya Müqavilənin ləğv edilməsi haqqında bildiriş göndərməklə Müqaviləyə müvafiq qaydada xitam vermək hüququna malik olacaqdır.
7.3. Müqaviləyə bu səbəbdən xitam verildiyi halda Müqavilənin 4.2.1., 4.2.2., 4.2.3. və 4.2.4. yarımbəndlərində göstərilən və Alıcı tərəfindən ödənilmiş məbləğlər geri qaytarılmayacaqdır.
7.4. Müqaviləyə xitam verilməsi halında Alıcının qoyduğu investisiyalar müstəqil auditor tərəfindən qiymətləndirildikdən sonra qarşılıqlı razılaşma əsasında geri qaytarılır. Bu zaman auditorun xərcləri Alıcı tərəfindən ödənilir və investisiyaların geri qaytarılması şərtləri və proseduru Satıcının məruz qaldığı faktiki və qiymətləndirilən itkiləri nəzərə alınmaqla həyata keçirilir (əvəzləşdirilir). Satıcının itkiləri Alıcıya qaytarılmalı olan investisiyaların məbləğini üstələdikdə, Satıcı Alıcıya qarşı müvafiq iddia qaldırmaq hüququna malikdir.
8. MÜQAVİLƏNİN MÜDDƏTİ
8.1. Tərəflər Müqavilə üzrə öz öhdəliklərini tam həcmdə yerinə yetirdikdən və ya İnvestisiya Proqramında göstərilmiş müddət başa çatdıqdan sonra Müqavilənin müddəti bitmiş hesab edilir.
8.2. Bu zaman İnvestisiya Proqramının yekun mərhələsinin başa çatdığı tarixdən Alıcı Yekun Hesabatın hazırlanmasına başlamalıdır.
8.3. Bu müddətdə Alıcı Səhmdar Cəmiyyətindəki fəaliyyətini yalnız Satıcının razılığı ilə və onun müəyyən etdiyi şəkildə davam etdirə bilər.
8.4. Tərəflərdən hər hansının əsaslandırılmış təklifi və digər Tərəfin razılığı əsasında Müqavilənin müddəti uzadıla bilər.
8.5. Müqaviləyə Alıcının icra etməmə halında Satıcı tərəfindən xitam verildikdə Alıcı Səhmdar Cəmiyyətindəki fəaliyyətini dərhal dayandırmalı və heç bir maliyyə və texniki əməliyyat aparmamalıdır. Bu halda Alıcının təhvil-təslim dövrünə qədərki müddətdə fəaliyyəti qaydası barədə Satıcı yazılı bildirişində Alıcıya məlumat verəcəkdir.
8.6. Tərəflərin qarşılıqlı razılığı ilə Müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. Bu zaman qarşıya çıxan hər hansı məsələlər qarşılıqlı razılaşma əsasında həll edilir.
9.FORS-MAJOR
9.1. «Fors-major hadisəsi» məfhumu ilə bu Müqavilə imzalandığı tarixdən sonra yaranmış və Tərəf və ya Tərəflərin gözləmədiyi, qarşısını ala bilmədiyi və Müqavilə ilə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsini qeyri-mümkün və ya qeyri-mümkün sayıla biləcək dərəcədə səmərəsiz edən şərait (müharibə, qiyam, mülki münaqişələr, tətil, siyasi qeyri-sabitlik, zəlzələ, su daşqını, epidemiya və beynəlxalq təcrübədə Fors-major kimi qəbul edilən digər bu kimi hallar) başa düşülür.
9.2. Fors-major hadisəsinin təsirinə məruz qalmış Tərəf dərhal (Fors-major hadisəsinin baş verdiyi tarixdən 5 (beş) bank günündən gec olmayaraq) digər Tərəfə bu Fors-major hadisəsi və onun nəticələri barəsində yazılı bildiriş təqdim etməlidir.
9.3. Fors-major hadisəsi barədə digər Tərəfə yazılı bildiriş təqdim edildiyi halda, Fors-major hadisəsinin təsirinə məruz qalmış Tərəf bu Fors-major hadisəsinin birbaşa təsir göstərdiyi öhdəliklərinin yerinə yetirilməməsi, gec, yaxud natamam şəkildə yerinə yetirilməsi üçün məsuliyyət daşımayacaqdır.
9.4. Fors-major hadisəsi baş verdiyi tarixdən etibarən 1 (bir) aydan gec olmayaraq Tərəflər görüşməli və yaranmış şəraitdə həyata keçiriləcək tədbirləri qarşılıqlı razılaşma əsasında müəyyən etməlidirlər.
9.5. Fors-major hadisəsi səbəbindən müvafiq öhdəliyin yerinə yetirilməməsi, yaxud gec və ya natamam yerinə yetirilməsi, zərər çəkmiş Tərəfi Müqavilə ilə müəyyən olunmuş digər öhdəliklərdən azad etmir.
9.6. Tərəflərdən hər hansı biri Fors-major hadisəsi nəticəsində Müqaviləyə müvafiq olaraq özünün əsaslı öhdəliyini Fors-major hadisəsi haqqında bildiriş tarixindən 1 (bir) ildən çox olan müddət ərzində yerinə yetirmək iqtidarında deyildirsə və bu müqavilənin 9.4.-cü bəndinə əsasən digər razılaşma əldə olunmamışdırsa, digər Tərəf bu Müqaviləyə xitam vermək hüququna malikdir. Bu zaman qoyulmuş investisiyanın və digər xərclərin (dövlət büdcəsinə ödənilmiş pul vəsaiti və dövlət özəlləşdirmə çekləri istisna olmaqla) qaytarılması məsələsi Tərəflərin qarşılıqlı razılığı əsasında həll olunur.
10.SON MÜDDƏALAR
10.1. Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə şərh olunur və tənzimlənir.
10.2. Tərəflər Bildirişləri birbaşa təqdimetmə yolu ilə və/və ya poçt vasitəsilə aşağıdakı ünvanlara göndərməlidirlər:
Alıcının hüquqi ünvanı: Azərbaycan Respublikası, _________ şəhəri (rayonu), ___________.
Satıcının hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1025, Yusif Səfərov küçəsi, 50.
Bildiriş Tərəfə çatan andan verilmiş sayılır.
10.3. Bu Müqaviləyə əlavə və dəyişikliklər yalnız Tərəflərin yazılı razılığı ilə edilə bilər.
10.4. Müqavilənin əlavələri onun ayrılmaz hissələridir.
10.5. Müqavilənin 2 (iki) əlavəsi var:
1) İnvestisiya müsabiqəsinin nəticələri haqqında Müsabiqə Komissiyasının 08 sentyabr 2006-ci il tarixli Protokolu (Əlavə 1);
2) İnvestisiya qoyuluşlarının Plan-cədvəli (Əlavə 2).
10.6. Müqavilə Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunmuşdur, 2 (iki) nüsxəsi Satıcıda və 1 (bir) nüsxəsi Alıcıda saxlanılır. Nüsxələrin hər biri eyni hüquqi qüvvəyə malikdir.
10.7. Bu Müqavilə imzalandığı gündən qüvvəyə minir.
S A T I C I:Azərbaycan RespublikasınınƏmlak Məsələləri Dövlət Komitəsi
____________________, _____________
|
A L I C I:“_________________” şirkəti(fiziki şəxs)
____________________, _____________ |