ƏMR  №85 

                                                   Bakı şəhəri                                                                            “05”  iyun 2015-ci il                                                                                                


Daşınmaz əmlakın dövlət reyestrinin və daşınmaz əmlakın vahid dövlət kadastrının aparılması, torpaq bazarının təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət sahələrində işin təşkili ilə bağlı əlavə tədbirlər haqqında

“Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 04 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”nin 5.8.7-ci yarımbəndini rəhbər tutaraq daşınmaz əmlakın dövlət reyestrinin və daşınmaz əmlakın vahid dövlət kadastrının aparılması, torpaq bazarının təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət sahələrində Komitənin qarşısında duran vəzifələrin yerinə yetirilməsində səmərəliliyin və operativliyin təmin edilməsi məqsədilə


əmr edirəm:


1. Müəyyən edilsin ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, daşınmaz əmlakın texniki inventarlaşdırılması və texniki sənədlərin tərtibi barədə ərizələrin qəbulu “bir pəncərə” prinsipi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri, onların rayon və şəhər şöbələri və müəyyən olunmuş hallarda “ASAN Xidmət” mərkəzlərindəki xidmət bölmələri vasitəsilə həyata keçirilir.
2. Bələdiyyə mülkiyyətində olan torpaqların:
2.1. mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəyin verilməsi barədə müraciətlərin qəbulu, Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin ərazi idarəsindən torpaq sahəsinin yerquruluşu planı, xəritəsi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda hazırlanmış digər sənədlər, həmin torpaq sahəsində tikili və qurğuların mövcudluğu barədə və digər məlumatlar, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə elektron qaydada sorğu verilməklə torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hər hansı hüququn olub-olmaması və ya üzərində hüquq qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşməməsi barədə məlumatlar əldə edilməklə rəyin verilməsi Komitənin ərazi şöbələri tərəfindən;
2.2. üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması və texniki sənədlərin verilməsi barədə ərizələrin qəbulu və Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin ərazi idarəsi ilə əlaqələndirilməklə sənədlərin hazırlanması və verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən;
2.3. mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi ilə əlaqələndirilməklə Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən həyata keçirilir.
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə tapşırılsın:
3.1. daşınmaz əmlak üzərində hüquqların ilkin qeydiyyatı zamanı torpaq sahələrinin plan və ölçüsünün tərtibi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əlaqələndirilməklə həyata keçirilsin, bu məqsədlə üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış torpaq sahələri üzərində hüquqların qeydiyyata alınması və texniki sənədlərin tərtib olunması barədə ərizələrin (ayrıca, yaxud vahid daşınmaz əmlak kimi) ərazi idarələri tərəfindən Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin ərazi idarələrinə göndərilməsini təmin etsin;
3.2. torpaq sahələri üzərində hüquqların qeydiyyata alınması zamanı Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin ərazi idarələri tərəfindən təqdim edilmiş məlumatlar əsasında tərtib edilmiş texniki sənədlərin, eləcə də üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin özgəninkiləşdirildiyi halda tərtib etdiyi texniki sənədlərin yekunda elektron qaydada Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin ərazi idarələrinə təqdim olunmasını təmin etsin;
3.3. ərazi idarələri tərəfindən daşınmaz əmlakın texniki inventarlaşdırılması, o cümlədən torpaq sahələrinin plan və ölçülərinin hazırlanması ilə bağlı yerlərdə aparılan işlərin nəticələrinə dair sənədlərin və məlumatların yoxlanılması, dəqiqləşdirilməsi və daşınmaz əmlakın vahid dövlət kadastrına daxil edilməsi üçün zəruri tədbirləri həyata keçirsin;
3.4. daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması məqsədilə ərazi idarələrində qeydiyyat prosesində əldə edilən kadastr uçotu məlumatlarının və sənədlərin, habelə daşınmaz əmlakın dövlət reyestrinin müvafiq məlumatlarının müəyyən edilmiş formaya uyğun operativ qaydada, aylıq məlumatların isə hər ayın sonunda ümumiləşdirilmək və kadastr bazasına daxil edilmək üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə təqdim edilməsini təmin etsin;
3.5. daşınmaz əmlakın dövlət reyestrində əmlak kompleksləri, çoxmənzilli binalar və onların yerləşdiyi torpaq sahələri, dövlət torpaqlarında fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin əmlakı, habelə səhmləri tam özəlləşdirilmiş səhmdar cəmiyyətlərinin əmlakları üzərində hüquqların dövlət qeydiyyatına alınması hallarında, mövcud qanunvericiliyin tələblərinə əməl olunması məqsədilə bu kimi daşınmaz əmlaklarla bağlı qeydiyyat prosesinin Komitənin aparatının Hüquq şöbəsi ilə əlaqəli fəaliyyət əsasında həyata keçirilməsini təmin etsin;
3.6. dövlət əmlakının özəlləşdirilməsini tənzimləyən qanunvericilik çərçivəsində alqı-satqı müqavilələri ilə əmək kollektivləri tərəfindən möhlətli ödəmə şərti ilə (əmlakın müəyyən hissəsi girov qoyulmaqla) özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinə dair daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması hallarında, həmin obyektlərin özəlləşdirilməsindən dövlət büdcəsinə borcun olub-olmamasının tam dəqiqliklə araşdırılmasını və zəruri hallarda Komitənin aparatının aidiyyəti struktur bölmələrinə xidməti sorğular verilməklə əlaqəli fəaliyyət əsasında həyata keçirilməsini təmin etsin;
3.7. daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması prosesində qanunvericiliyin tələblərinə əməl edilməsini, dövlət mülkiyyətində olan, lakin əsassız olaraq bələdiyyələrə, fiziki və hüquqi şəxslərə verilmiş daşınmaz əmlak, qanunvericiliklə müəyyən edilmiş qaydada torpaqayırma sənədləri və tikintinin aparılmasını təsdiq edən sənədlər olmadan, habelə dövlət müəssisə və obyektlərinin mühafizə və təhkim zolaqlarında, mühəndis-kommunikasiya qurğularının və xətlərinin yerləşdiyi, qorunan və xüsusi mühafizə edilən ərazilərdə inşa edilmiş daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması hallarına yol verilməməsini ciddi nəzarətdə saxlasın, bununla bağlı mütəmadi araşdırmalar aparsın və nəticələri barədə rübdə bir dəfə Komitə sədrinə yazılı məlumat təqdim etsin;
3.8. gündəlik fəaliyyət prosesində torpaqlardan istifadə və onların mühafizəsi sahəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara yol verilməsi halları aşkar edildikdə zəruri məlumatların Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə təqdim olunmasını təmin etsin.
4. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə tapşırılsın:
4.1. daşınmaz əmlak üzərində hüquqların ilkin qeydiyyatı zamanı torpaq sahələri üzərində hüquqların qeydiyyata alınması və texniki sənədlərin tərtib olunması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrindən daxil olmuş ərizələr (ayrıca, yaxud vahid daşınmaz əmlak kimi) əsasında torpaq sahəsinin plan və ölçüsünün tərtib olunması üçün zəruri məlumatların qısa müddət ərzində təqdim olunmasını təmin etsin;
4.2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində kadastr işlərinin, o cümlədən daşınmaz əmlakın və torpaq sahələrinin texniki inventarlaşdırılmasının əlaqələndirilməsini və bu sahədə işlərin qaydalara uyğun aparılmasına nəzarət edilməsini, müvafiq əraziləri əhatə edən şəhər və rayonlar üzrə daşınmaz əmlakın kadastrı məqsədilə zəruri xəritə materiallarının hazırlanmasını, onların fəaliyyətinə əməli və metodiki köməklik göstərilməsini təmin etsin;
4.3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə birlikdə qanunvericiliyə uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə kadastr aparan icra hakimiyyəti orqanlarından onlarda olan kadastr məlumatlarının müəyyən edilmiş qaydada alınmasını, həmin məlumatların təhlil edilməsini və daşınmaz əmlakın vahid dövlət kadastr bazasına daxil edilməsini təmin etsin;
4.4. Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyindən daxil olmuş müraciətlər əsasında dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə dair rəyin verilməsi məqsədilə Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin ərazi idarələri tərəfindən torpaq sahəsinin yerquruluşu planı, xəritəsi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda digər sənədlər və məlumatların qısa müddət ərzində təqdim olunmasını təmin etsin;
4.5. gündəlik fəaliyyət prosesində torpaqlardan istifadə və onların mühafizəsi sahəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara yol verilməsi halları aşkar edildikdə zəruri məlumatların Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə təqdim olunmasını təmin etsin.
5. Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə tapşırılsın:
5.1. dövlət torpaqlarının özəlləşdirilməsinin və icarəyə verilməsinin qanunvericiliyin tələblərinə riayət edilməklə aparılmasını, daşınmaz dövlət əmlakının Registrindən çıxarış operativ qaydada əldə edilməklə həyata keçirilməsini təmin etsin, müqavilələr üzrə dövlət büdcəsinə daxil olan vəsaitlər və borclar barədə məlumatların mütəmadi olaraq İqtisadi təhlil, dövlət satınalmaları və daxili audit şöbəsi ilə dəqiqləşdirilməsini, bağlanılan müqavilələr haqqında zəruri məlumatların Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə göndərilməsini təmin etsin;
5.2. Agentliyə və Komitənin ərazi şöbələrinə daxil olmuş müraciətlər əsasında dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə dair rəyin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin ərazi idarələri tərəfindən hazırlanmış torpaq sahəsinin yerquruluşu planı, xəritəsi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda digər sənədlər və məlumatlar, habelə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə elektron qaydada sorğu verilməklə əldə edilmiş torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hər hansı hüququn olub-olmaması və ya üzərində hüquq qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşməməsi barədə məlumatlar əsasında sənədlərin ekspertizası aparılmaqla verilməsini təmin etsin;
5.3. torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi barədə vəsatətlərə baxılması və əsaslandırılması istiqamətində tədbirlərin görülməsinin və sənədlərin hazırlanmasının Daşınmaz Əmlakın Kadastrı və Ünvan Resyestri Xidməti ilə əlaqələndirilməklə həyata keçirilməsini təmin etsin;
5.4. dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqə və hərracın keçirilməsi üçün torpaq müsabiqə və hərrac komissiyasına daxil olmuş və Komitənin ərazi şöbəsindən Agentliyə göndərilmiş müraciət və sənədlər əsasında dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsinə dair bundan əvvəl rəyin alınıb-alınmadığının araşdırılmasını, alqı-satqı və icarə obyektləri üzrə tələb olunan sənədlərin və materialların hazırlanmasının və mövcudluğunun müəyyən edilməsini və rəyinin ərazi şöbəsinə bildirilməsini təmin etsin;
5.5. torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət tədbirlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada, sistemli şəkildə aparılmasını təmin etsin, qanunvericiliklə müəyyən edilmiş qaydada daxil olmuş məlumatlar və aşkar edilmiş hallar əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara baxılması işlərini təşkil etsin.
6. Hərracların Təşkili üzrə Auksion Mərkəzinə tapşırılsın ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının aparılması məqsədilə tərkibi 5 nəfərdən az olmayan, fəaliyyət dairəsi Komitənin ərazi şöbələrinin əhatə etdiyi rayon və şəhərləri əhatə etməklə, Komitənin ərazi şöbəsinin müdiri və ya onu əvəz edən şəxs (komissiyanın sədri), yerli icra hakimiyyəti orqanının nümayəndəsi, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin nümayəndəsi, Komitənin ərazi şöbəsinin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi həvalə edilmiş bir işçisi, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin ərazi idarəsinin nümayəndəsindən ibarət tərkibdə, Mərkəzin zona bölmələrinin fəaliyyət göstərdiyi ərazilərdə bölmənin nümayəndəsi daxil edilməklə torpaq müsabiqə və hərrac komissiyalarının yaradılmasını, Komitənin ərazi şöbələri ilə birlikdə onların səmərəli fəaliyyətini və müsabiqə və hərracların qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət edilməklə keçirilməsini təmin etsin.
7. Komitənin strukturuna daxil olan və tabeliyində olan qurumlara tapşırılsın ki, daxil olan məhkəmə qətnamə və qərarlarının icra edilməsi və ya onlardan şikayət verilməsi, inzibati xətalara baxılması Komitənin Hüquq şöbəsinin rəyi öyrənilməklə həyata keçirilsin.
8. İnformasiya texnologiyaları və elektron xidmətlərin təşkili şöbəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi, Layihə İdarəetmə Qrupu birlikdə Dünya Bankının Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə Edilməsi İnformasiya Sisteminin fəaliyyətə başlaması ilə bağlı nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsini və səmərəliliyini təmin etsinlər, işlərin gedişinə dair ayda bir dəfə birgə məlumatı hazırlayıb Komitə sədrinə təqdim etsinlər.
9. Komitənin aparatının struktur bölmələri, strukturuna daxil olan və tabeliyində olan qurumlar bu əmrin icrası ilə bağlı bütün zəruri tədbirlərin görülməsini təmin etsinlər.
10. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin, Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin və onun ərazi idarələrinin rəhbərlərinə tapşırılsın ki, aidiyyəti üzrə bu əmrlə verilmiş tapşırıqların vaxtında və tam həcmdə yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.
11. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi əmrin surətinin Komitənin aparatının aidiyyəti struktur bölmələrinə, strukturuna daxil olan və tabeliyində olan qurumlara çatdırılmasını təmin etsin.
12. Əmrin icrasına nəzarət müvafiq sahələr üzrə sədr müavinləri Rafiq Cəlilova və Rüstəm Şahbazova həvalə edilsin.

 

Sədr                                                                                                                                                     K.Həsənov